USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Abel Məhərrəmovun "El Faro" su : anormal qaydalar, fantastik qiymətlər - Araştırma

15:18 18.08.2026
Abel Məhərrəmovun "El Faro" su : anormal qaydalar, fantastik qiymətlər  - Araştırma
15:18 18.08.2026

 

Baxımsızlıq səbəbindən Nabran istirahət mərkəzi ölü zonaya çevrilir

Yaz, yay fəsli  gələndə kasıbın üzü gülür, qəlbi fərəhlə dolu, ayaqlarına taqət, gözlərinə işıq gəlir. Ona görə yox ki, kasıb payız, qış fəslinin sevmir. Bəlkə də, külleyi-aləmdə yeganə təbəqədir ki, kasıb heç zaman Allahın büyurduqlarına, qayda-qanunlarına qarşı çıxmır, daim şükür edir. Sadəcə    oktyabr ayından may ayına qədər kasıb qaz, işıq, su pulunu ödəməkdə çətinlik çəkdiyindən daim qanı qara olur. Həm də, sözügedən aylarda daha çox işləməyə məcbur qalır. Yaz, yay aylarında isə kommunal ödənişlər azalır, bazarda meyvə - tərəvəz ucuzlaşır, həm də fürsət yaranır ki, cüzi ödəniş etməklə ailəsi ilə birlikdə istirahət etsin.  Bu hal da seçim də fərqli olur, kimisi dağlar qoynunda, kimisi sıx meşə ərazisində, kimlərdə, dəniz sahillərində istirahət etməyə çalışır. Araşdırmalar təsdiq edir ki, çoxluq əsasən dəniz sahillərində istirahət etməyə üstünlük verir.

 Dəniz sahili istirahət məkanı deyilən də ilk öncə göz önünə ecazkar gözəlliyi, unikal görünüşü, təmiz havası  ilə seçilən və tanına Nabran yada düşür. İllər öncə  Azərbaycanın şimalında, Xaçmaz rayonunda yerləşən bu turizm bölgəsi nəinki, ölkə vətəndaşlarının, eləcə də uzaq, yaxın dövlətlərin turistlərinin ən çox üz tutduqları  istirahət zonası olub. Çünki, bu unikal bölgə sıx meşələri, təmiz havası və nəhayət Xəzərin sahil zolağının şəffaf  suyu ilə seçilir. Təbiətin bəxş etdiyi bu gözəllikdən artıq əsər əlamət qalmayıb. Sanki müəyyən mənsəb sahibləri bu gözəl məkana qənim kəsiliblər.  Baxımsızlıq və etinasızlıq nəticəsində Nabranın çimərlik zonasında  məişət tullantıları qalaqlanıb,  sel sularının meşədən gövdəsindən çıxarıb sahil zolağına gətirdiyi ağaclar turistlərin çimərlikdə normal hərəkət etməsinə əngəllər yaradır. Çirkab suları açıq formada dənizə axıdılır, ərazidə kilometrlərlə uzanan qamışlıqlar  və gölməçələr mövcuddur. Qısaca, onu demək olar ki, bir zaman az qala Yaxın Şərqin ən unikal  bölgəsi  hesab olunan Nabran hazırda  ölü  zonaya çevrilir. Bundan təbii ki, itirən turizm sektoru və dolanışıqları turizmdən olan yerli əhalidir. Sahibkarlarda ciddi fəlakətlərlə üzləşiblər. Əksər sahibkarlar böyük zəhmət hesabına qurduqları istirahət zonalarını satışa çıxarır, ya da fəaliyyətini dayandırırlar.  Bununla belə, fürsətdən yaralanıb, “qaz vurub, qazan doldurmağa” çalışan istirahət zonaları da var.  Çoxsaylı istirahət mərkəzləri turist qıtlığından əziyyət çəkdikləri hal da “El Faro” istirahət mərkəzi  kimi arxaları müəyyən dairələrə bağlı olan turizm mərkəzi  bəh-bəhlə fəaliyyətlərini davam etdirirlər. Olsun, necə deyərlər “bacarana baş qurban”. Lakin fürsətdən sui-istifadə edib, özlərindən qaydalar tətbiq etmək, fantastik qiymətlər müəyyənləşdirmək Azərbaycan turizminin inkişafına qarşı təxribatdır.  Təxribat isə qanunvericiliklə cinayət məsuliyyəti yaradır. 

“Arxalı köpək qurd basar” 

Əgər bu günə qədər “El Faro” istirahət mərkəzinin əsas sahibi olan keçmiş deputat, keçmiş rektor, və nəhayət biznesmen Abel Məhərrəmov  və icarədarları cinayət məsuliyyətinə cəlb edilməyiblərsə, deməli həqiqətən də arxaları çox bağlıdır. O dərəcə özlərini arxayın hiss edirlər ki, Xaçmaz rayon icra hakimiyyətinin əməkdaşlarını, vergi xidmətinin nümayəndələrini, Qida Təhlükəsizlik Agentliyinin mütəxəssislərini qapılarından qovurlar. Yalnız Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə hesablaşırlar ki, bu da anlaşılandı. 

“Arxalı köpək qurd basar” el məslində deyildiyi kimi “El Faro” istirahət mərkəzi o dərəcə himayə olunur ki, göstəriş və tapşırıq əsasında istirahət zonasına idarə və müəssisələrdən, nazirliklərdən göndəriş əsasında turistlər cəlb edirlər. Qiymətlər isə göz qamaşdırır,  bir nəfər üçün günlük,  100- 150 manat. Ciblərini dolduramağa o dərəcə də hərisdirlər ki, kənardan kimsə istirahət zonasına daxil olub, çay içmək və ya çörək yemək istəsə,  o zaman bir nəfər üçün  20 manat tələb edirlər. Təsəvvür edin, 6 nəfərlik ailə üzvü “El Faro” istirahət mərkəzinə daxil olub, 10-15 manatlıq sadə çay içmək istəsə,  bu zaman  120 manat giriş haqqı ödəməlidir. İş elə gətirdi ki, eşitdiklərimi mən də əyani şəkil də görməli oldum. Belə ki, Nabrana 3 günlüyə istirahətə getmişdim. Uşaqlarımın israrlı xahişindən sonra çay içmək üçün “El Faro” istirahət mərkəzinə getməli olduq. Əvvəlcədən bu istirahət mərkəzinin ədəb qaydalarına bələd olsam da, uşaqlarımın sözünü yerə salmadım. İstirahət mərkəzinin giriş qapısında idmançı görkəmli yekəpər mühafizəçi qabağımızı kəsib,  giriş üçün adambaşına 20 manat tələb etdi. - İçəri də çay içmək istəyirik -deyəndə, mühafizəçi ani fikirləşdikdən sonra,  hər adam üçün 10 manat istədi. 50 manat ödəməyə gücüm çatmasa da, sual verməyə imkan tapa bildim: - bu qaydanı  “El Faro” istirahət mərkəzinin rəhbərliyi müəyyənləşdirib - sualıma özünü Rüfət kimi təqdim edən mühafizəçi “bəli, qiymət buranın sahibi tərəfindən  müəyyənləşdirilib” cavabını verdi. Açığı mühafizəçi ilə danışmağın, onu başa salmağımın çətin olacağını bilsəm də, dilimi dinc qoymadım, qaydalardan, qanunlardan danışdım. Gözlənildiyi kimi, mühafizəçi lom kimi qarşımda dayanıb, gözlərini döydü. Sonrada  geri çevrilib, sakit addımlarla özünün balaca mühafizəçi otağına keçdi. Baş verən anormal haldan təəccüblənməsəm də, məni bir sual düşündürürdü, niyə harın, qudurğan sahibkar, gözünün ayağının altını görməyən vəzifə mənsubu bu dərəcə də pula hərisdir? Axı mən İspaniyaya şərab aparmıram ki, aeroportdan keçid üçün  aviabilet alım. Ya da 4  malikanənin hər birində  saxlanılan vəhşi heyvanların həmcinslərinə baxmaq üçün Zoparka bilet almıram, İspaniyada qolf oynamaq və ya  Bodrumda  tennis fırlatmaq üçün bilet almağı da düşünmürəm, axı mən çay içmək üçün istirahət zonasına daxil olmaq istəyirdim. 

Baş gicəlləndirən,  göz qamaşdıran varidat

Qısa araşdırmalardan sonra məlum oldu ki,  200 hektar ərazidə, 61 milyon manat dəyərində, qızı İzabellanın adına qeydiyyatdan keçən “El Faro Hotel Nabran” – ailəvi istirahət mərkəzi keçmiş rektor, keçmiş deputat, hazırki. biznesmen Abel Məhərrəmova məxsusdur. Hansı ki, bu müəllimin obyektlərinin, evlərinin sayı onlarladır. Mətbuatda yazılanlara görə, A,Məhərrəmovun ən bahalı obyektlərindən biri Bakıda yerləşən “Mono Liza”  şadlıq sarayıdır. Onun qiyməti 12 milyon manat dəyərindədir, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, 1596-da yerləşir. Bundan başqa  “İzabella” şadlıq sarayı – “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, 23 milyon manat dəyərində. Bakının 11 müxtəlif ərazisində SPA və idman salonları, hər biri 4–7 milyon manat arası dəyərləndirilir.“Sahil” ticarət mərkəzində yerləşən “Ramsey” brend mağazası (İtaliya və Türkiyə istehsalı kişi kostyumları satışı). Abel Məhərrəmovun şəxsi avtomobil qarajında bahalı xarici avtomabillər: Lamborghini, Bentley, Porsche Cayenne, Land Rover, Mercedes AMG (zirehli, 1 milyon 800 min avro dəyərində), Audi Q7, Audi Q8 (450 min avro), Mercedes Gelandevagen (250 min avro), BMW X6 (200 min avro), BMW 760 (400 min avro).

Xaçmaz rayon icra hakimiyyəti qarşısına qoyulan vəzifələri yerinə yetirə bilmir 

Abel Məhərrəmovun mülk və daşınmaz əmlaklarının siyahısı da göz qamaşdırır: Binəqədi rayonu (“Vorovski”) ərazisində 2 villa; Quba, Xızı, Nabran, Şüvəlan və Mərdəkan qəsəbələrində villalar; AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində ev; Şərifzadə küçəsində mənzil; Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası;  8-ci mikrorayonda restoran; Nəriman Nərimanov heykəli yanında dəyəri 1 milyon manatdan çox olan mənzil.

Yəni A.Məhərərəmov kimlərin çoxsaylı evləri, malikanələri, obyektləri, banklarda milyon dollarla vəsaitləri var, ancaq yenə də gözləri doymur, mənim kimi sadə insanların,  15 ildən artıqdır ki banklardan canını qurtara bilməyən bir qələm əhlinin 10 manatına göz dikirlər.  Belə həris gözləri torpaqla da doydurmaq çətin olur. Baxmayaraq ki, atalar məsəlin də deyilir ki, “Acgözün gözünü torpaq doydurar". Lakin mənə elə gəlir ki, çətin. 

Son olaraq onu qeyd etmək lazımdır ki. Xaçmaz rayon icra hakimiyyəti əməli fəaliyyətlə, xüsusilə də, qarşısına qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışsa, rayonda, o cümlədən Nabran turizm zonasında heç bir problem qalmaz. Bu hal da monopoliya da aradan qalxar, çimərlik zolağında ürək açan mənzərə yaranar.  Sahil zolağını məişət tullantılarından, ağac qırııntılarından, çirkab sulardan təmizləmək o qədər də çətin deyil. Bunun üçün rayonun  kifayət qədər işçi qüvvəsi və dövlət tərəfindən ayrılan maliyyə vəsaiti var.  İməciliklər də təşkil etmək, könüllülərlə iş birliyi qurmaq, QHT-lərlədə əməkdaşlıq etmək olar. Yetər ki, kabinetlərdən çıxıb, əhali ilə görüşmək, sahibkarlarla söhbətlər aparmaq, turizm mərkəzlərinin mütəxəssislərinin təklif və ideyalarını dinləmək, yeri gəlsə Türkiyənin turizm şirkətlərinin təcrübəsini öyrənməklə  Nabranın  əvvəlki möhtəşəmliyini bərpa etmək olar. Lakin inandırıcı deyil ki, arzuedilən istəklər  rayonun icra hakimiyyətinin bəzəkli kabinetlərinin pəncərələrindən  həyətləri, magistral yolları seyr etməkdən uzağa getməyən vəzifə mənsubları tərəfindən reallığa çevrilsin. Bu isə onu deməməyə əsas verir ki,  Xaçmaz rayonun bir sıra ağır, üzücü problemləri kimi Nabran turizm zonasının da problemləri yaxın gələcək üçün  həll edilməyəcək 

İ.ƏLİYEV  

Xəbər lenti