USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakı aeroportunda sərnişin axınına görə YENİ QƏRAR

17:56 19.09.2026
Bakı aeroportunda sərnişin axınına görə  YENİ QƏRAR
17:56 19.09.2026

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir.

Bu barədə Mynews.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Artan sərnişin axınının çevik idarə olunması, əməliyyat proseslərinin fasiləsizliyi və xidmətlərin operativ təşkili məqsədilə aeroport 19–27 sentyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu dövrdə sərnişinlərin rahatlığı və xidmətlərin davamlılığının təmin edilməsi üçün müvafiq struktur bölmələrin fəaliyyəti gücləndiriləcək.

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarış proqramı 24–26 sentyabr tarixlərində keçiriləcək. Yarış həftəsi ərzində paytaxtda nəqliyyat axınının intensivləşməsi və mümkün hərəkət məhdudiyyətləri nəzərə alınaraq, sərnişinlərə hava limanına səfərlərini əvvəlcədən planlaşdırmaq və uçuş üçün kifayət qədər əlavə vaxt nəzərdə tutmaq tövsiyə olunur.

Səfərin daha rahat və maneəsiz təşkili üçün sərnişinlərə bəzi tövsiyyələr verilib.

Sərnişinlərə hava limanına əvvəlcədən gəlmək, qeydiyyat, baqaj təhvili və təhlükəsizlik prosedurlarının vaxtında tamamlanması üçün səfəri əlavə vaxt nəzərə alaraq planlaşdırmaq tövsiyə olunub.

Bildirilib ki, aviaşirkət tərəfindən təqdim olunduğu halda, onlayn qeydiyyat, self check-in və baggage drop-off xidmətlərindən istifadə etməklə qeydiyyat prosesini daha sürətli tamamlamaq mümkündür.

Həmçinin sərnişinlərə uçuş məlumatlarını öncədən yoxlamaq, uçuş statusunu və hansı terminaldan həyata keçiriləcəyini elektron bilet, aviaşirkətin rəsmi saytı və digər rəsmi kanallar vasitəsilə dəqiqləşdirmək tövsiyə edilib.

Şəxsi avtomobildən alternativ olaraq "28 May” metro stansiyası ilə hava limanı arasında fəaliyyət göstərən Aeroexpress ictimai nəqliyyat xidmətindən istifadə etmək məsləhət görülüb.

Bundan başqa, nəqliyyat vasitələrinin yalnız müəyyən edilmiş parklanma ərazilərində saxlanılması, sərnişinlərin düşürülməsi və götürülməsi üçün isə xüsusi drop-off/pick-up zonalarından istifadə olunması tövsiyə edilib. Qeyd olunub ki, parkinqdən istifadənin ilk 15 dəqiqəsi ödənişsizdir. Parkinq ödənişlərini "Tezödə”, "AzParkinq” və "Birbank” platformaları vasitəsilə onlayn həyata keçirmək mümkündür.

Xüsusi dəstəyə ehtiyacı olan sərnişinlərə isə zəruri xidmətlərin vaxtında təşkili üçün uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətlə əlaqə saxlamaq tövsiyə olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 dövründə artan sərnişin və uçuş intensivliyinin təhlükəsiz və operativ idarə olunması, xidmətlərin fasiləsiz göstərilməsi və sərnişinlər üçün rahat səyahət təcrübəsinin təmin edilməsi istiqamətində zəruri tədbirləri həyata keçirəcək.


Xəbər lenti