Nazir: Təqaüd sistemində dəyişiklik zəruri olacaq

603
Nazir: Təqaüd sistemində dəyişiklik zəruri olacaq

“Yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır. Son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75%-dən 65%-ə qədər azalıb”.

Mynews.az "Report"a istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib.

Nazir bildirib ki, son 25 ildə beynəlxalq miqrasiya 50%-dən çox artaraq hazırda 232 milyon kişi və qadını əhatə edir: “Dünyada 168 milyon işləyən uşaq və 21 milyon nəfər məcburi əməyə cəlb edilən şəxs var. Hər il istehsalat qəzaları və peşə xəstəliklərindən 2,3 milyon işçi həyatını itirir”.

O qeyd edi ki, dünyadakı iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatı inkişaf edib: “Ötən il ölkədə əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə və orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artıb, işsizlik 5% səviyyəsində saxlanılıb”.

“1990-2016-cı illərdə Azərbaycanda 65 yaş və yuxarı yaşda olanların sayı 67,3% artıb. Bu illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayının 8,3% azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin sayının isə 67,3% artması və bu təbəqənin xüsusi çəkisinin 4,8%-dən 6,2%-ə qədər yüksəlməsi əhalinin yaşlaşma meyilinin mövcudluğunu göstərir.

Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir.

Ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanılması və əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2%-dən 2050-ci ildə 22%-ə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin 63-ə qədər artmasını şərtləndirəcək və əmək, məşğulluq, sosial təminat, xüsusilə, təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişikliklərin olmasını zəruri edəcək” - deyə S.Müslümov əlavə edib.  

Xəbər lenti