Dövlər qurumları məsələ ilə bağlı araşdırmalara başlayıblar
“Dəfələrlə bu problemə toxunmuşuq. Amma heç bir tədbir görülmür. Bu yoldakı o tipli mikroavtobusların (əslində dəyişdirilmiş yük avtomobillərinin) və digər "xalturşik" avtomobillərin əksəriyyətinin sükanı arxasındakılar "kamikadze"lərdir.”
Bunu İstiPress-ə nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Bakıdan Sumqayıta qanunsuz olaraq sərnişin daşıyan mikroavtobusların hələ də fəaliyyət göstərməsinə rəy bildirərkən dedi.
İstiPress əməkdaşının “20 Yanvar” dairəsi ətrafında apardığı müşahidələr zamanı məlum olub ki, qanunsuz fəaliyyət göstərən mikroavtobuslar hələ də Bakıdan Sumqayıta sərnişin daşımaqla məşğuldur.
Bakı-Sumqayıt yolunda baş vermiş, 6 tələbənin ölümünə səbəb olmuş dəhşətli qəzadan düz 20 gün keçsə də, qəza baş verən günü müvafiq dövlət qurumları həmin avtobus sürücülərinin qanundan kənar işlədiyini bildirsə də, hələ ki, "xalturşik" avtomobillər iş başındadır. Halbuki, qəzadan sonra “20 Yanvar” metro stansiyasının yaxınlığından qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar yığışdırılmışdı.
Yenə həmin "kamikadze"lər 60 qəpiyə insanların həyatını təhlükəyə atırlar.
Ərşad Hüseynovun sözlərinə görə, həmin mikroavtobusların fəaliyyətinə Dövlət Avtomobil Nəqliyyat Xidməti və Baş Dövlət Yol Polis İdarəsi nəzarət edir.
“Lakin burada qaranlıq məqam var. İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsinə və düşürülməsinə görə cərimələr tətbiq edilir. Lakin həmin cərimələrin hansı qurum tərəfindən ediləcəyi göstərilməyib. Bu, qaranlıq qalıb, bəzi boşluqlar var”, - deyə ekspert bildirib.
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə İstiPress-ə bildirdi ki, Bakı-Sumqayıt yolunda baş verən qəzadan əvvəl də, sonra da müvafiq tədbirlər görülür, reydlər keçirilir.
“Lakin həmin mikroavtobusların qanuni fəaliyyət göstərib-göstərmədiyinə biz nəzarət etmirik. Yəni onların fəaliyyəti Dövlət Avtomobil Nəqliyyat Xidmətinin nəzarətindədir. DYP əməkdaşları həmin sürücülərin hansı sərnişinləri və niyə götürdüyünü hər dəfə yoxlaya bilməz. Onlara müvafiq sənədlər DANX tərəfindən verilir və mikroavtobuslara bu qurum nəzarət edir”, - deyə Kamran Əliyev bildirdi.
İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələrə gəlincə, K.Əliyev bildirdi ki, qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsinə və düşürülməsinə görə cərimələr tətbiq edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə bildirildi ki, Bakı-Sumqayıt yolundakı problem və buna bənzər digər məsələlərlə bağlı araşdırmalara başlanılıb.
“Tədbirlər planı hazırlanır. Araşdırmalar və görülən tədbirlərin nəticələri, proseslər barədə periodik olaraq mətbuata məlumat veriləcək”, - deyə mətbuat xidmətindən bildirildi.
Martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisə nəticəsində 6 tələbə dünyasını dəyişib, 20 nəfər isə yaralanıb.