Azərbaycanda meyitdən orqan götürülməsi işinin icrası ilə bağlı məsələlərin müzakirəsi tibbi aspektdən bu yaya kimi yekunlaşacaq.
Mynews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi lent.az-a açıqlamasında bildirib ki, istər canlı donordan, istərsə də meyitdən orqan köçürülməsi məsələsi özündə həm hüquqi, həm də sosial problemləri əhatə etdiyi üçün məsələnin digər tərəflərinin nə zaman yekunlaşacağını dəqiq demək olmur.
M.Kazımi deyib ki, ayda iki dəfə olmaq şərti ilə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın üzvləri arasında iclas keçirilir və istər canlıdan, istərsə də meyitdən orqan transplantasiyası ilə bağlı gələcəkdə planlaşdırılacaq işlər daim müzakirədədir: "Hazırda meyit orqanlarından istifadə edərək orqan köçürülmə əməliyyatlarının icra olunması, eyni zamanda istər canlı donorlardan, istərsə də meyitdən orqan köçürüləcək xəstələrin əməliyyat qabağı müayinəsi, əməliyyat zamanı lazım olan proseduraların təyini, əməliyyat sonrası lazım olduğu hallarda xəstələrin reabilitasiya müddətinin təşkili haqqında müzakirələr gedir. Hesab edirəm ki, bu məsələlər qısa zamanda həllini tapacaq. Hər iki proqram əsasında müəyyən təkliflər konsepsiyası hazırlanıb və Səhiyyə Nazirliyinə təqdim olunma mərhələsindədir. Təqdim olunduqdan sonra Səhiyyə Nazirliyinin müvafiq rəyi nəticəsində bu işlərin həyata keçirilməsinə start veriləcək".
Həkim bildirib ki, meyitdən orqan götürülməsi üçün beyin ölümü diaqnozunun qoyulması ilə bağlı hazırlanan təkliflər də paket halında Nazirliyə təqdim ediləcək və son qərar Səhiyyə Nazirliyi tərəfindən veriləcək.
M.Kazımı qeyd edib ki, Şura tərəfindən beyin ölümü diaqnozunda hansı mütəxəssislərin iştirak edəcəyi də artıq müəyyən edilib: " Bu prosesin icrasında 3 ya 4 mütəxəssisin iştirakı nəzərdə tutulub. Bunlara reanimatoloq, beyin cərrahı, nevropatoloq və kardioloq daxildir. Kardioloqla bağlı müzakirə hələ aparılır və tam qərar verilməyib ki, konsiliuma əlavəsinə ehtiyac var ya yox?"
"Azərbaycanda orqan transplantasiyası əməliyyatına ehtiyacı olan xəstələrin siyahısı tam hazırlanmayıb. Siyahının tam yazılması üçün bu proqram aktiv hala gəlməlidir. Səhiyyə Nazirliyi tərəfindən yekun qərar verildikdən sonra siyahıyaalma başlanacaq. Meyitdən orqan köçürülməsi əməliyyatlarının vahid bir mərkəzdə aparılması məsələsinə gəlincə isə, bu əməliyyatların icrası tək bir mərkəzlə deyil, həm də ixtisasla da bağlıdır. Belə ki, hər hansı xəstəxanada bu işi görən mütəxəssisin olması vacibdir ki, həmin xəstəxanada bu əməliyyat gerçəkləşdirilsin", - M.Kazımi əlavə edib.
Həkim son olaraq qeyd edib ki, bu günə qədər Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən 110 qaraciyər və 356 böyrək transplantasiyası əməliyyatı icra olunub: "Xəstələrimizin də durumu qənaətbəxşdir. Bu işlərə davam edirik. Xəstələrin 15% -ni uşaqlar təşkil edib. Uşaqlar 1 yaş yarımdan 15 yaşa qədər yaş qrupunda olublar".