Taliyət Əliyev: “Cəzalar nə qədər sərtləşsə, qanunlar işləməyəcəksə, rüşvət və korrupsiya yenə də olacaq”
Azərbaycanda rüşvətə görə cəzalar sərləşdirilir.Belə ki, rüşvətvermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxs üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə cəzalar ağırlaşdırılır.Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilib. Məcəllənin 312.1-ci bəndinə əsasən, bu əməllərə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur. Milli Məclis layihəni müzakirəyə çıxarmağa hazırlaşır.
Qeyd edək ki, 312.2 vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvətvermə və ya təkrar rüşvət verməyə görə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur. Bundan sonra 312.1-ci bəndinə təklif edilən dəyişikliyə əsasən, bu əməllərə görə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmçinin, 312.2-ci bəndinə təklif edilən dəyişikliyə əsasən isə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvətvermə və ya təkrar rüşvət verməyə görə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzanın verilməsi təklif edilir.
“Cəzalar cinayəti azaltmır”
Hüquqşünas Taliyət Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, son zamanlar qanunvericilikdə cəzalar sərtləşdirilir. Amma bu cəzaların sərtləşdirilməsi və artırılması heç də o sahədə olan problemlərin qarşısının alınmasında xüsusi əhəmiyyət daşımır: “Məsələn, İranda insanları müəyyən əmələ görə edam edirlər, amma yenə də cinayətlərin sayı çoxalır. Rüşvət və korrupsiyaya qarşı ictimai bir qınaq olmalıdır.Hətta mövcud qanunlar işləməlidir.Cəzalar nə qədər sərtləşsə belə, qanunlar işləməyəcəksə, o qədər də rüşvət və korrupsiya olacaq.Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılsa da, yenə də korrupsiyanın və rüşvətin qarşısı alınmayıb.Korrupsiyalaşmış ölkələrin indeksinə görə Azərbaycan o hesabatlarda öndə gedir.Bu onu göstərir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi olsa və qanunlar sərtləşsə də, qanunlar işləməyəcəksə, bunun heç bir əhəmiyyəti yoxdur”.
“Elə bir dövlət orqanı yoxdur ki, korrupsiyaya qurşanmasın”
Hüquqşünas qeyd edib ki, korrupsiya birbaşa olaraq dövlət idarəçiliyindən, mühüm vəzifədə olan, dövlətin postlarında duran şəxslərin vəzifələrindən sui-istifadə edərək varlanmasından yaranır: “Bəziləri rüşvətlə korrupsiyanı qarışıdırırlar. Amma əslində bunlar fərqli məsələlərdir.Məlum olduğu kimi Azərbaycanda korrupsiya ilə ən yüksək vəzifə tutmuş dövlət məmurları məşğul olur.Orada 3-5 manatdan deyil, milyonlardan, dövlət vəsaitini mənimsəmədən söhbət gedir.Azərbaycanda elə bir dövlət orqanı və müəssisəsi yoxdur ki, korrupsiyaya qurşanmasın. Bundan ötrü idarəçilik kökündən dəyişməlidir.Başda oturanlar almamalıdır ki, aşağıda oturanlar da almasın.Xatırlayırsızsa, Saakaşviliyə korrupsiya ilə bağlı sual vermişdilər. O, bunu milli mentalitetlə əlaqələndirmişdi. Gürcüstanın özü də Cənubi Qafqaz arasında korrupsiya məsələsinə görə öndə gedən ölkələrdən idi, bəlkə də birincisi idi. Amma Saakaşvilidən soruşdular ki, sən korrupsiyanın qarşısını ölkədə necə aldın. Dedi, “mən almadım”. Onsuz da dünyanın heç bir dövləti korrupsiyadan sığortalanmayıb.Avropa ölkələrində hər hansı məmurun adı korrupsiya faktında hallanan zaman avtomatik olaraq o dövlət məmuru özü istefa verir.Yaxud da ki, şəxsə həmin dövlətin hüquq-mühafizə orqanları cinayət işi açır.Azərbaycanda qanunun aliliyi yoxdur. O qanunun aliliyi təmin olunsa, dövlət orqanları seçkili formada olsa, həmin rəsmilər qanunun, millətin və dövlətin qarşısında hesabatlı olduğunu dərk edər. Yəni, idarəçilik kökündən dəyişilməlidir.Ölkədə idarəçiliyin dəyişməsi ilə bağlı zaman-zaman müxalifət partiyaları hökumətə təklif verib.
Amma bu təkliflərin hamısı göydən asılı vəziyyətdə qalır.Seçki və konstitusiya islahatları ilə bağlı konsepsiyalar verilib.Onların hamısı bilinmir ki, hansı arxivdə qalır.Müstəqil məhkəmə sisteminin yaradılması, qanunun aliliyinin təmin olunması və digər məsələlər kompleks şəkildə həyata keçirilməlidir.Əks təqdirdə biz özümüz deyib, özümüz eşidəcəyik”.