Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan "Bizim Market" ətrafında yaranan qalmaqal və ələ keçirildiyi iddia edilən milionlarla bağlı araşdırma davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim Market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Adları çəkilən şəxslər qohumdurlar. Rasim Əliyev Sahib Quliyevin xalasının ərdir.
Mynews.az musavat.com-a istinadən xəbər verir ki, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə Sahib Quliyev sərbəst ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyərək iş adamı Rasim Əliyevin bir çox qaranlıq əməllərinin üstünü açıb.
Sahib Quliyev geniş ifadəsində əvvəlcə özü haqda məlumat verib. Deyib ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra hüquq-mühafizə orqanlarına işə düzəlmək istəyib: "Amma xalamın yoldaşı Rasim Salmanov özü təklif etdi ki, onunla birlikdə işləyim. Dedi ki, bir az işləyib təcrübə qazandıqdan sonra hüquq-mühafizə orqanlarında işləyərəm".
Rasim Salmanovun təklifi ilə "Bizim Market"lər şəbəkəsində işə başlayan Sahib Quliyev ilk olaraq nəzarətçi işlədiyini deyib: "2012-ci ilin dekabrında ilk olaraq "Bizim Market"lər şəbəkəsinə daxil olan marketlərdən birində işə başladım. Xətai rayonundakı "Bizim Market"də təsərrüfat sahəsində işə başladım. Orada mal qəbuluna nəzarət edirdim. 2013-cü ildə Binəqədidəki "Bizim Market"in qida şöbəsinin mal qəbuluna nəzarət etməyə başladım. 2 ay sonra həmin mağazada müdir müavini vəzifəsinə təyin olundum. Bu göstərişləri Rasim Salmanov verirdi. Şəbəkənin icraçı direktoru Nizami Abbasov isə məni bu vəzifəyə təyin edirdi. Bu vəzifədə də 1 ay işlədim. Bütün işlərim də qeyr-rəsmi idi. Şifahi olaraq Rasim Salmanovun göstərişi ilə işləyirim. 1 ay müdir müavini işləyəndən sonra Rasim Salmanov məni, sonuncu iş yerim olan marketin müdirini və bacısı oğlu Samir Salamanovu "Maşın bazarı"ndakı ofisinə dəvət etdi. Orada mənə dedi ki, "sən artıq mənimlə işləyəcəksən, mənim işlərimi görəcəksən". Market müdirinə də bu haqda məlumat verdi. Müdiri marketə yola salanda mənə də evə getməyimi tapşırdı. Bir gün sonra Rasim Salmanovun bacısı oğlu Samirlə birlikdə notariusa getdik. Marketlər şəbəkəsi Vergilər Nazirliyində Pərvin Əfəndiyevanın adına olan VÖEN-lə qeydiyyatda idi. Samir Pərvin Əfəndiyevadan baş etibarnamə almışdı. Notariusda Samir mənə etibarnamə verdi ki, Pərvin Əfəndiyevanın səalhiyyətli nümayəndəsi olum".
Sahib Quliyevin bundan sonra şəbəkədəki vəzifəsi artıb. O, qohumu Rasim Salmanovun maliyyə işlərinə nəzarət etməyə başlayıb. Marketlər şəbəkəsindən qazanılan milyonlarla yanaşı Rasim Salamanova məxsus olan Babək prospektindəki "Maşın bazarı"ından gələn gəlirə də 1989-cu il təvəllüdlü Sahib Quliyev nəzarət etməyə başlayıb: "Sonuncu dəfə "Bizim Market"lər şəbəkəsinin Maliyyə Departamentində işə başladım. Departamentin o zaman rəhbəri Nizami Abbasov idi. O, məni təlimatlandırdı, bütün işi başa saldı. 2014-cü ilin mart ayında Nizami müəllim gedəndən sonra Maliyyə Departamentinə rəhbərliyi mən həyata keçirməyə başladım. Hər axşam marketlərin kassalarındakı pullar hesablanırdı. Səhər isə xəzinədar bütün marketlərdən pulu yığaraq ofisə gətirirdi. Pullar ofisdə sayılaraq seyfə qoyulurdu. Bu qədər nağd pulun ofisə gətirilməsinin təhlükəli olduğunu düşündüyüm üçün yeni sistem yaratmağı təklif etdim. "Yapı Kredi Bank"da hesab açdım. Həmin bank hesabı mənim adıma idi. Hər gün marketlərdən yığılan pullar bank hesabına köçürülürdü. Hesabdan da pul yalnız mən çıxara bilirdim. Sonradan Pərvin Əfəndiyevanın adına olan VÖEN donduruldu. Nənəm Xanımbacı İsmayılovanın adına VÖEN var idi. Ancaq bank hesabı mənim adıma açıldı. Buna səbəb isə nənəmin adına bank hesablarının olması idi. Bank hesabının fiziki şəxs kimi mənim adıma açılmasında əsas məqsəd vergidən yayınmaq idi. Bank hesabından yalnız ayda bir dəfə pul çıxarırdıq. Onu da firmalara ödəniş etmək üçün... Bütün firmalarla hesablaşmalar ayın sonunda aparılır, ödənişlər ayın əvvəlində edilirdi. Bankdan pulu çıxarmağa gedəndə mənimlə birlikdə xəzinədar Emil Musayev və Xətai Rayon Mühafizə Xidmətinin əməkdaşı gedirdi.
Onu da qeyd edim ki, mən işlədiyim ərəfədə şəbəkəyə 11 market daxil idi. Onlardan yalnız birinin, Xətai rayonu, Xudu Məmmədov küçəsindəki marketin gündəlik gəliri bank hesabına köçürülmürdü. Həmin gəlir ofisin gündəlik xərclərinə istifadə edilirdi. Bütün marketlərin aylıq dövriyyəsi 7-8 milyon idi. Bank hesabında da ən azı 5 milyon pul olurdu. Hər ayın əvvəlində bankdan pul çəkilməsindən Rasim Salmanovun xəbəri olurdu. Hər ayın əvvəli "Azərsun" şirkətinə 1 milyona yaxın, "Veysəloğlu"na 700-800 min, "Atropatena"ya 300-400 min, "Avrora"ya 400-500 min arası pul ödəyirdik. Digər kiçik ödənişlər etdiyimiz xeyli sayda şirkətlər də var iidi. Onlara da 5-10 min manat ödənişlər edilirdi. Bütün pullar şirkətlərə ödəniş etmək üçün çıxarılırdı. Həmişə də yanımda xəzinədar və mühafizə xidmətinin əməkdaşı olurdu. Amma tək də bank hesabından pul çıxardığım vaxt olub. Ancaq pul çıxaranda Rasim Salmanovun xəbəri olurdu. Hesabat verirdim".
Təqsirləndirilən Sahib Quliyev ifadəsinin davamında qohumunun qanunsuz əməlləri barədə də məlumat verib. Onun dediyinə görə, hər ay şəbəkəyə daxil olan marketlərdən əldə edilən gəlirin bir hissəsi üçün vergi ödənilib. Ofisdə bu qara işləri yerinə yetirən "qara mühasibatlıq" olub: "Bildirim ki, Vergilər Nazirliyi marketlərin ümumi dövriyyəsini bilmirdi. Şirkətdə 2 qol fəaliyyət göstərirdi. Biri rəsmi, digəri isə qeyri-rəsmi... Qeyri-rəsmi olan qol "qara mühasibatlıq" adlanırdı. 18 faizlik Əlavə Dəyər Vergisi tam olaraq ödənilmirdi. Marketlərin aylıq ümumi dövriyyəsi 8 milyon olduğu halda bu rəqəm 2-2.5 milyon manat az göstərilirdi. Bununla da vergidən yayınma baş verirdi".
Sahib Quliyev ifadəsində qeyd edib ki, qohumu Rasim Salmanovun "Maşın bazarı"ndan gələn gəlirini həftədə iki dəfə olmaqla yığıb və onun özünə çatdırıb: "Mən həmçinin Rasim Salmanovun "Maşın bazarı"ndakı işlərini də görürdüm. Həftədə iki dəfə bazardan yığılan pulları ona çatdırırdım. Həftənin üçüncü günü 70-80 min, sonunda isə 40-50 min manatı bazardan götürüb Rasim Salamanova aparırdım. Mən işlədiyim müddətdə əvvəlcə 500 manat, sonra isə 1000 manata qədər maaş almışam. Sonuncu dəfə Maliyyə Departamentinin rəhbəri olarkən isə 1200-1500 manat maaş alırdım".
Hələ 26-27 yaşında əli milyonlarla oynayan Sahib Quliyev qohumu Rasim Salmanovun pullarını ələ keçirdiyini etiraf edib. Amma o, deyir ki, ittihamda yazıldığı kimi 4 milyondan artıq məbləği ələ keçirməyib. S.Quliyev həmçinin ifadəsində qohumunun pulunu ələ keçirməsinin səbəbini də açıqlayıb: "Mən özümü qismən təqsirli bilərək bank hesabından özüm üçün pul çıxarıdğımı etiraf edirəm. Bunu Rasim Salmanovun çirkli əməllərini gördükdən sonra etmişəm. Onun bu əməllərindən sonra həmin pulu özümə götürməyi rəva bilmişəm. Amma qeyd edilən məbləğdə pulu mən mənimsəməmişəm. Bank hesabından pul çxıarmışam. Bunu inkar edə bilmərəm. Amma bu pulları Rasim Salmanova verdiyimi sübut edə bilmirəm. Çünki mən ona pul verəndə aramızda hər hansısa bir sənədə qol çəkilmirdi. Pulu aparıb verirdim vəssalam. Mən özüm üçün götürdüyüm məbləği etiraf edirəm və istintaq zamanı da bu məbləğin bir hissəsini ödəmişəm. 200 min manat və 60 min dolları da geri qaytarmışam".
Sahib Quliyevin ifadəsində qeyd etdiyi diqqət çəkən məqamlardan biri isə qohumunun qazandığı milyonları hara xərcləməsi ilə bağlıdır: "Mənim Rasim Salmanova verdiyim pullar Kanadaya, Türkiyəyə və digər ölkərlə köçürülüb. Orada mülklərin alınmasına istifadə edilib. Qeyd edim ki, Rasim Salmanov həmçinin Kanada vətəndaşıdır. Mən gözümlə sənədləri görmüşəm ki, o, Kanadada aldığı torpaq sahəsi və mülk üçün 6 milyon ödəyib. Həmçinin Türkiyədə 11 milyona ev alıb. Bütün bu pullar da vergidən yayınmaqla əldə edilmiş pullardır".
S.Quliyev qohumu Rasim Salmanovla aralarında soyuqluq yaranmasının səbəbini isə belə izah edib: "Münasibətlərimiz çox yaxşı idi. 2015-ci ilin iyun ayında mən dedim ki, işdən çıxmaq istəyirəm. Dövlət işinə getmək istəyirdim. Dedi ki, məni tək qoyub niyə gedirsən? Bundan sonra münasibətlərimiz soyumağa başaldı".
Növbəti məhkəmə proseslərində zərərçəkmiş kimi tanınan Rasim Salmanovun da ifadə verəcəyi gözlənilir.
Rəsmi məlumata görə, Sahib Quliyev və anası "Bizim Market" şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb. R.Salmanovun şikayət ərizəsində yazıb ki, S.Quliyev onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. Eyni dələduzluq əməlində S.Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilir. Hər iki şəxsə cinayət işi açılıb.
"Bizim Marekt" şəbəkəsi ətrafında, qohumlar arasındakı mülk davasının bəzi təfərrüatları haqda musavat.com-da bir neçə yazı dərc edilib. Hazırda həbsdə olan 1989-cu il təvəllüdlü Sahib Quliyevin nənəsi Xanımbacı İsmayılova isə iddia edir ki, "Bizim Market"lər şəbəkəsi rəsmi olaraq onun adınadır. Kürəkəni Rasim Salmanov isə sadəcə olaraq mağazaların fəaliyyətinə nəzarət edib.
X.İsmayılova onu da iddia edir ki, nəvəsinin həbs edilməsinin sifarişini Rasim Salmanov verib. Belə ki, R.Salmanov qayınanasının ona verdiyi etibarnamədən istifadə edərək öz nəvəsinin adından hüquq-mühafizə orqanlarına müraciət edib. Bu müraciətdən sonra Sahib Quliyev həbs edilib. X.İsmayılova sonradan etibarnaməni ləğv etdirdiyini deyir.
Qohumlar arasındakı düşmənçilik isə mülk üstündədir. İsmayılova iddia edir ki, kürəkəni mağazaları ələ keçirmək üçün onları şantaj edib və sonra da nəvəsini həbs etdirib. İsmayılova onu da iddia edir ki, kürəkəni onlara məxsus milyonlarla manatı mənimsəyib.