Millət vəkili Qənirə Paşayeva SHE-nin qadınlarla bağlı konfransında çıxış edib və hər kəsi məişət zorakılığına qarşı daha fəal mübarizəyə çağırıb.
Mynews.az-ın məlumatına görə, müxtəlif sahələrdə çalışan xeyli qadının qatıldığı tədbirdə “Qızların və gənc xanımların ölkə səviyyəsində hərtərəfli inkişafının vacibliyi: problemlər və həlli yolları” adlı məruzə ilə çıxış edən Qənirə Paşayeva bildirib ki, qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq, həyatın bütün sahələrində kişilərlə bərabərliyini təmin edən ölkələr daha çox uğur qazanır.
O deyib ki, gender bərabərliyi, qadınların dövlətin idarə olunmasında, cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır:
“Biz qadınların, məişət zorakılığı da daxil olmaqla, məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da gücləndirməliyik. Hər gün ailəmizdən, ətrafımızdan başlayaraq, bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalı, gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik".
Toplumun və dünyanın inkişafının qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyəti təhsilsizdir:
“Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarından xəbərsiz qadınlar əksəriyyət təşkil edir. Savadlı cəmiyyət savadlı anadan keçir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Bundan başqa, bu gün qadınlara qarşı geniş yayılmış məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi gücləndirməyə ciddi ehtiyac var".