Azərbaycanda hərbi xidmət müddəti orta təhsilli gənclər üçün 1 il 6 ay, ali təhsil alan gənclər üçün isə 1 ildir.
Bu gün ali təhsil müəssisələrində hərbi kafedralar olmadığı üçün gənclər xidmətə getməzdən öncə hərb barədə məlumatsız olurlar. Yəni, 18 yaşında hərbi xidmətə gedən orta təhsilli gənclə, 22 yaşında hərbi xidmətə gedən ali təhsilli gəncin hərbi biliklərində heç bir fərq yoxdur. Çağırış zamanı onlar eyni vaxtda hərbi xidmətə başlayır. Lakin orta təhsilli gənclər ali təhsillilərlə müqayisədə hərbi xidmətdə uzun müddət qaldıqları üçün hərb məsələlərində daha bilikli və təcrübəli olurlar.
Bu baxımdan, ali təhsil alan gənclərin həqiqi hərbi xidmət müddəti uzadılması daha məqsədəuyğun olmazdımı?
Mövzu ilə bağlı açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirib ki, ali təhsilli gənclərimizin vətənə öz borcalarını ödəyə bilməsi üçün 1 il kifayətdir:
“Bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparılıb. Sovet İttifaqında hərbi xidmət 1 il 6 ay, daha əvvəl isə 2 il idi. Hərbi dəniz qüvvələrində isə 3 il idi. Lakin sonrakı illərdə bu müddət azaldıldı. Dünyanın inkişafa meyilli ölkələri həqiqi hərbi xidmətin müddətinin azaldıması üçün müəyyən proqramlar hazırlayır, qanunlar qəbul edirlər. Avropa ölkələrində hətta həqiqi hərbi xidmət müqaviləli hərbi xidmətlə əvəz olunub. Türkiyədə isə hərbi xidmətə çağrılan şəxs rüsum ödədikdən sonra müddəti azalda bilir.
Azərbaycanda ali təhsil alan gənclərin hərbi xidmət müddətinin uzadılamsına gəlincə isə, bu müddətin bir ildən artıq olması uyğun məsələ deyil. Çünki ali təhsilin bakalavr və magistratura pilləsindən keçən gəncləri hərbi xidmətdə uzun müddət saxlamaq onların elmi fəaliyyətinə maneəçilik törədə bilər. Əlbəttə elmi işlə məşğul olmaq istəyən şəxslər müharibədən sonra da onu davam etdirə bilir. Azərbaycan höküməti hazırki tələbləri nəzərə alaraq, belə məqsədəuyğun hesab edir. Bu da əslində düzgün bir qərardır. Elə 18 yaşında hərbi xidmətə gedənlər üçün də 1 il 6 ay normal müddətdir. Bir il müddətində hərbi elmlərin qavranılması məsələsinə gəldikdə isə, bir il müddət qavraması zəif olanlar üçün azdır. Qavraması normal olanlar üçün kifayət qədər yaxşı bir vaxtdır”.