Bu gün Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, hətta ümumdünya iqtisadi böhrana və neftin qiymətinin kəskin aşağı düşdüyü hazırkı dövrdə Azərbaycan iqtisadiyyatında, xüsusilə qeyri-neft sektorunda fəallıq azalmır, inkişaf dinamikası qorunub saxlanılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yekun iclaslarında, həmçinin ayrı-ayrı müşavirə və toplantılarda bu məsələni xüsusi vurğulayır, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ilə bağlı dövlət orqanlarına, icra strukturlarına konkret tapşırıqlar verir. Dövlət başçısının qarşıya qoyduğu əsas vəzifə həm Azərbaycanın ixrac potensialının artırılması, həm də yeni iş yerlərinin yaradılmasıdır ki, bu istiqamətdə də ciddi canlanma müşahidə olunur.
Həqiqətən də Azərbaycanda qeyri-neft iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirləri inqilabi adlandırmaq olar. Bu illər ərzində ölkədə 4 su anbarı tikilib istifadəyə verilib, yüz minlərlə ərazidə meliorasiya işləri həyata keçirilib və həmin torpaqlar dövriyyəyə buraxılıb. Ölkə üzrə pambıqçılıq, baramaçılıq, tütünçülük və digər sahələr üzrə real təşəbbüslər gerçəkləşdirilib. Martın 28-də pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsidə Prezident İlham Əliyevin göstərdiyi faktlar, səsləndirdiyi statistika qısa dövr ərzində necə böyük uğurlar əldə edildiyini aydın şəkildə nümayiş etdirib.
Hazırda dövlət başçısının tapşırıqlarının icrası ilə əlaqədar bütün rayonlarda genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir. Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də bəzi imkanlı şəxslər, iş adamları müxtəlif vasitələrdən istifadə edərək bu ümumrespublika təşəbbüsünün reallaşdırılmasına əngəl yaradırlar. Belələri, istər Bakı ətrafı rayonlarda, istərsə də digər bölgələrdə istifadəyə yararlı torpaqları müxtəlif vasitələrlə özününküləşdirir, onların təyinatını dəyişdirir, həmin yerlərdə villalar, istirahət mərkəzləri və şəxsi maraqlara xidmət edən digər obyektlər tikilir. Bu isə istər dövlət başçısının tapşırıqlarını, istərsə də Nazirlər Kabinetinin müvafiq qərarlarını qulaq ardına vurmaq və dövlətin maraqlarına qarşı çıxmaqdan başqa bir şey deyil.
Konkret faktlara gəldikdə, aşağıda diqqətinizə təqdim olunun fotolar Bakıətrafı kəndlərin birində, konkret olaraq Qobu kəndində çəkilib. Həmin ərazilər kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararlı torpaqlardır. Ancaq onların təyinatı dəyişdirilib və göründüyü kimi orada villalar, biznes obyektləri yaradılıb. Həmin villa və obyektlərin kimə məxsus olduğu da bəllidir. Amma etik prinsiplərə riayət edərək onların adlarını açıqlamırıq.
Bəs aidiyyəti orqanlar bu barədə nə fikirləşirlər? Kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində intensiv tədbirlər həyata keçirildiyi bir vaxtda qanunun tələblərinə zidd olaraq onsuzda qıtlığı müşahidə olunduğu torpaqların bir qisminin şəxsi istifadəyə yönəldilməsinə nə ad vermək olar?