Hazırda ailədaxili münasibətlər sisteminin tənzimlənməsi sahəsində bir sıra problemlər var. Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması və bu kimi digər problemlər ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır.
Mynews.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
O bildirib ki, ailə münaqişələrinin baş vermə səbəbləri müxtəlifdir: "Onlardan biri də qısqanclıq zəminində baş verən ailə münaqişələridir. Bu münaqişələrin səbəblərini təhlil edərkən bir neçə mühakimə irəli sürmək olar: ilk növbədə patriarxal dünyagörüşünün və yanlış stereotiplərin təsirindən yaranan birtərəfli və səhv yanaşmalar, ailədaxili münasibətlərin düzgün qurulmaması, ailədə rol və vəzifələrin, eləcə də məsuliyyətin aydın olmaması, ailə üzvlərinin psixoloji uyğunluğunun olmaması, boşanma mədəniyyətinin zəif olması, boşandıqdan sonra tərəflərin düşmənə çevrilməsi və s. Qısqanclıq zəminində baş verən ailə münaqişələrindən çox zaman qadınlar əziyyət çəkir, zorakılığın bu və ya digər formasına məruz qalırlar. Araşdırmalar göstərir ki, bu münaqişələr, qadınların həyat yoldaşlarının, keçmiş həyat yoldaşlarının, qeyri-rəsmi yaşadığı kişilərin, qardaşlarının, ata və ya ögey atalarının qeyri-adekvat münasibətindən yaranır. Bir çox hallarda kişilər boşandıqları halda, keçmiş həyat yoldaşının üzərində hansısa haqqının olduğunu və onun üçün məsuliyyət daşıdığını düşünür, davamlı olaraq bu insanlar arasında münaqişələr baş verir. Halbuki kişi, əgər valideyndirsə, boşandıqdan sonra övladı üçün məsuliyyət daşıyır, qadın üçün yox. Digər bir məqam, qadın ağır fiziki işləri yerinə yetirəndə, uşaqları ictimai nəqliyyatla bağçaya, məktəbə aparıb - gətirəndə, eləcə də ev üçün bazarlıq edəndə kişilər qısqanmırlar, lakin qadın işləmək, təhsilini artırmaq və ya istirahət etmək istəyəndə kişilər qısqanırlar. Bax, əsl paradoks budur".
A.Veysəlova qeyd edib ki, baş verən münaqişələrin səciyyəvi kriminoloji xüsusiyyətlərindən biri onların latentliyinin yüksək olmasıdır: "Ailədə baş verən zorakılıq, münaqişə haqqında vəziyyətin ən son həddində polis orqanlarına məlumat verilir. Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən münaqişənin ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir. Bu isə öz növbəsində ailə-məişət zorakılığının qurbanlarının sayına təsir edir. 2016-cı ildə qadınlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərin sayı 2221, qısqanclıq, ailə-münaqişəsi və sairə məişət zəminində qadınlara qarşı cinayətlərin sayı 821 olub".