2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək olan tarixi əhatə edəcək. Artıq Bakıda Oyunların keçirilməsi ilə bağlı işlərə start verilib. Avropa Oyunlarında olduğu kimi İslam Həmrəylik Oyunlarında da əhalinin böyük əksəriyyəti, şəhərimizə gələn qonaqların ictimai nəqliyyatdan, xüsusən də metrodan istifadəyə üstünlük verəcəyi gözlənilir.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, Bakı Metropoliteni IV İslam Həmrəylik Oyunları ilə bağlı xüsusi plan hazırlayıb.
Qurum rəsmisi bildirib ki, Avropa Oyunlarında qazanılan təcrübəyə əsaslanaraq işlərinin öhdəsindən uğurla gələcəklər və bununla bağlı qətiyyən narahat olmağa dəyməz: "Avropa Oyunlarına yollanan tamaşaçıların daşınmasının 70 faizi metropolitenin üzərinə düşmüşdü.
Eyni zamanda IV İslam Həmrəylik Oyunlarına da çox ciddi hazırlaşmışıq. Oyunlar müddətində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyik".
N.Paşayevin sözlərinə görə, plan aşağıdakı kimidir:
"Açılış və bağlanış mərasimləri günü iş qrafikində xüsusi dəyişikliklər olacaq. Həmin günlərdə metro səhər saat 6-dan gecə saat 2-dək fəaliyyət göstərəcək. Adi idman günlərində də metronun gecə saat 1-dək fəaliyyət göstərməsi nəzərdə tutulub. Amma sərnişin axını çox olarsa, bu qrafik artırıla da bilər.
Eyni zamanda, metropoliten ərazisində görülən təhlükəsizlik tədbirləri də gücləndiriləcək. Təbii ki, həmin gün Milli Olimpiya Stadionunda keçirilən tədbirdə iştirak etmək istəyən metropolitenin sərnişinləri "Koroğlu" stansiyasından buraxılacaq. Bu məsələ təşkilatçılar tərəfindən nəzərə alınıb və müvafiq qurumlarla birgə tənzimlənəcək. Sözü gedən stansiyanın yaxınlığında qərərgah yaradılacaq. Orada bütün lazımi texniki avadanlıqlar hazır vəziyyətdə saxlanılacaq. Eyni zamanda, tibbi yardım göstərilməsi üçün məntəqə yaradılacaq.
Avropa Oyunlarından fərqli olaraq IV İslam Həmrəylik Oyunlarında Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Olimpiya Mərkəzindən də istifadə olunacaq. Bu mərkəz metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında yerləşir. Həmin stansiyanın hər iki keçidi Oyunlara kimi təmir olunub sərnişinlərin ixtiyarına veriləcək, lazimi istiqamətverici lövhələr quraşdırılacaq.
Həmçinin "Koroğlu", "Gənclik", "Sahil" stansiyasında sərnişin axını və kütləviliyi nəzərə alaraq turniketlərin də sayı artırılır. Hər birinə 5 ədəd əlavə turniket qurlaşıdırılıb. Yalnız "Xətai" stansiyasında 2 ədəd əlavə olunub.
Eyni zamanda xarici turistlərə bələdçilik, onların suallarını cavablandırmaq üçün hər bir şərait yaradılacaq. Xarici dil bilən əməkdaşlarımız da mərkəzi stansiyalarda turistlərə bələdçilik edəcəklər". (day.az)