Ət kəsimi üçün xüsusi torpaq sahəsi ayrılacaq Rəsmi AÇIQLAMA

667
Ət kəsimi üçün xüsusi torpaq sahəsi ayrılacaq Rəsmi AÇIQLAMA

Son zamanlar ölkədə 5000-dən çox uzunqulağın yoxa çıxması insanlarda ətin keyfiyyəti ilə bağlı şübhə yaradıb.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi bəyanatında dönərlərin kütləvi şəkildə eşşək ətindən hazırlandığı haqda yayılmış versiya təkzib edilsə də, məsələ hələ də açıq qalır.

Mynews.az Metbuat.az-a istinadən bildirir ki, Azərbaycanda hər il təxminən 200 min baş iribuynuzlu mal-qara və ət yararsız çıxır. Bu məhsulların kolbasa məmulatları istehsal edən zavod və sexlərə göndərilib-göndərilməməsi isə insanlarda əsaslı şübhələrə səbəb olur.

Əksər hallarda kolbasa istehsalı üçün Hindistandan Azərbaycana qoca mal və camış əti gətirilir. Həmin ətin bir kiloqramı isə 2 dollara başa gəlir. Ətin 1 kiloqramının qiymətinin orta hesabla, 11-13, yerli kolbasanın isə 8-9 manat arasında dəyişməsi özü sual doğurur.

Standartlaşdırma və sertifikasiya tələblərinə əsasən, kolbasa tərkibinin 95%-i ətdən ibarət olmalıdır. Digər 5% -i isə toyuq yumurtası, süd və müxtəlif əlavələr təşkil edir.

Qaydalara əsasən, əgər heyvan xəstələnib, qırılıb və ya kəsilibsə, fermer bu barədə müvafiq orqanlara məlumat verməlidir. Lakin əksər hallarda fermer bunu gizlədərək, insanların müxtəlif tipli xəstəliklərinə yol açmış olur.

Laboratoriyalar məhsulun insan üçün təhlükə törətmədiyi barədə arayış verdikdən sonra ət satışa çıxarıla bilər. Kolbasa sexlərində istifadə edilən ət Dövlət Baytarlıq Xidmətində qeydə alınmış obyektlərdən alınıbsa, yalnız bu halda onun insan üçün təhlükəsizliyinə təminat vermək olar.

Məsələ ilə bağlı Metbuat.az-açıqlama verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar-Gigiyena Şöbəsinin müdiri Zirəddin Kazımov mövcud vəziyyətdən danışıb:

“Dövlət başçısı 2015-ci ilin noyabrından yoxlamalara qadağa qoyduğuna görə, bizim sahibkarlara və dövlətə məxsus obyektləri, həmçinin kolbasa sexlərində istifadə edilən ətin mənşəyini yoxlamaq hüququmuz yoxdur.

Müvafiq dövlət proqramında nəzərdə tutulub ki, hər bir inzibati rayonun ərazisində ət kəsiminin təşkil olunması paytaxtdan kənarda ayrıca torpaq sahəsi ayrılacaq. Bu ərazilərdə sallaqxanaların yaradılması üçün müsbət rəy veriləcək. Hələ ki, bu sahədə 1-2 rayondan başqa sallaqxanaların açılması üçün müraciət edilməyib. Kəsimə gətirilən heyvan müvafiq nəzarətedici orqanların müayinəsindən keçməlidir. Kəsim sahələrində bu kəsim aparıldıqdan sonra ət satışı ilə məşğul olan mağaza və ya dükanlara gətirilə bilər. Əks halda insanları qarayara, qarın yatalağı kimi infeksion xəstəliklər gözləyir”.

Xəbər lenti