Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində "Azəravtoyol" ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır.
Mynews.az ASC-nin saytına istinadən xəbər verir ki, artıq bu çərçivədə işlərin 80 faizi aparılaraq yekunlaşdırılıb. Təzəpir məscidi ətrafındaki yollar 2 zolaqlı, digər yolların isə 3 və 4 zolaqlı olması nəzərdə tutulub.
Yenidən qurulan 440 metr uzunluğunda və genişləndirildikdən sonra eni 15 metrə çatan Balababa Məcidov küçəsində işlər tam olaraq yekunlaşdırılıb. Küçə boyu yalnız yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işi qalıb. Ərazidə yaşayan vətəndaşların rahatlığı üçün hərəkətin məhdudiyyəti müvəqqəti olaraq aradan qaldırılıb.
Uzunluğu 1825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində isə işlərin 90%-i bitib. Hazırda küçədə son tamamlanma işləri aparılır. Piyada səkilərinin tikintisi və küçənin "Statistika dairəsi"nə doğru birləşdirilməsi üçün aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir.
Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır. Prospekt boyunca hazırda genişləndirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Layihəyə əsasən yolun ümumi eni 11-23.5 metr təşkil edəcək.
Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də sürətlə işlər davam etdirilir. Küçələrin uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb.
Füzuli küçəsində də son tamamlanma işləri aparılır. Burda ümumi işlərin 90%-i yekunlaşdırılıb. Hazırda küçədə asfatlanma və piyada səkilərinin tikintisi işləri gedir.
Mirzəağa Əliyev küçəsində isə asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Torpaq işləri və kommunikasiya xətlərinin çəkilməsi yekunlaşan küçədə fiziki işlərin göstəricisi 60% təşkil edir.
Layihə çərçivəsində Füzuli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində yeni 2 hərəkət zolaqlı geri dönmə hissə yaradılır. Artıq burda da işlər bitmək üzrədir. Hazırda bu hissədə asfaltlanma işləri aparılır.
Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri, ictimai nəqliyyat üçün 14 ünvanda "cib"lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri tikiləcək.
"Azəravtoyol" ASC-nin rəhbərliyinin xüsusi nəzarəti altında sözügedən küçələrdə sürətlə və ən əsası keyfiyyətlə aparılan işlərin may ayının əvvəllərinə kimi yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub və iki növbəli iş qrafiki müəyyən edilib.