Azərbaycanda Facebook hökumətin nəzarətində Cəzalar nə olacaq?

570
Azərbaycanda Facebook hökumətin nəzarətində Cəzalar nə olacaq?

“Qanunvericiliyin tələblərini pozan informasiyaların yayılması ilə bağlı məsuliyyət nəzərdə tutulub”

Osman Gündüz: “Bunun mənfi fəsadları ola bilər”

Almaniyada sosial şəbəkələrdə yalan xəbərlərə və nifrət alovlandıran şərhlərə görə məsuliyyət nəzərdə tutan qanun layihəsi təsdiq edilib.Təsdiq edilmiş qanuna görə sosial şəbəkə istifadəçiləri yaydıqları yalan xəbərləri silmədikləri halda 50 milyon avroya qədər cərimələnəcəklər.Alman rəsmilərinin sözlərinə görə küçədə olduğu kimi sosial şəbəkələr də təxribat və təhriketmə üçün məkan olmamalıdır.

Təxminən bunabənzər qanun layihəsi Azərbaycanda da təsdiq edildi.Daha doğrusu, sosial şəbəkələrdə fəaliyyətin qanunla tənzimlənməsi üçün Cinayət Məcəlləsinin 148.1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi göndərildi.Əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yeni maddənin "Qeyd” hissəsində göstərilir ki, bu maddədə "saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən, sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni, ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. 

Ekspertlər sözügedən qanunun icra mexanizmlərində ciddi problemlərin olacağına işarə edirlər.Bildirirlər ki, əsas məsələ odur ki, qanun layihəsinin icrası şəffaf olsun.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda bu istiqamətdə artıq qanunvericilik qəbul edilib: “Həm sosial şəbəkələrdə böhtan, təhqir etmə ilə bağlı qanunvericilik qəbul olunub. Həm də qanunvericiliyin tələblərini pozan informasiyaların yayılması ilə bağlı saytların məsuliyyəti nəzərdə tutulub.Düşünürəm ki, Azərbaycandakı informasiya mühafizəsi ilə bağlı qanun Almaniyada qəbul olunan qanunla təxminən oxşardır.Dövlətçiliklə, terrorçuluqla, hərbi məsələlərlə bağlı xeyli sayda informasiyaların yayılması qadağan olunub”.

Ekspert deyib ki, həmin qanuna görə məsuliyyətin dərəcəsi ilə bağlı prezidentin fərmanı var: “Bu fərmanla da Nazirlər Kabinetinə üç ay vaxt verilib. Yəni, üç ay müddətində o məsuliyyətin necə olacağı bəlli olacaq. Yəni, cərimə olacaq, iş veriləcək, yoxsa cinayət məsuliyyətinə cəlb olunma olacaq, bilinmir. Qanunvericiliyin tələbinin pozulması varsa, bununla bağlı müəyyən addımların atılması anlaşılandır. Hazırda internet mühiti olduğuna və bu mühit real mühitdən fərqləndiyinə görə burada fəsadlar da ola bilir. Beynəlxalq təcrübə göstərir ki, internet mühitinə bir qədər fərdi yanaşmaq lazımdır.Bu mənada qanunu şişirmək, qanunun icrasını tətbiq etmək mümkün olmur.Burada müəyyən savadsız, hansısa dəyərlərə malik olmayan məmurların əlinə keçəndə, demokratik dəyərlər inkişaf etməyəndə o gətirib senzuraya çıxara bilər.

Yəni, belə təhlükələr ola bilər. Qanunun icra mexanizmi kifayət qədər anlaşıqlı və şəffaf olmalıdır.Çalışmaq lazımdır ki, burada sui-istifadə halları olmasın.Çünki bəzən internetdə, sosial şəbəkələrdə başqalarının adından da nəsə etmək olar.Başqasının isə bundan xəbəri yoxdur.Amma bunu etmək mümkündür. Məsələn, kiminsə adına profil açılıb və həmin profildən təhqirlər, aşağılayıcı şərhlər, böhtan xarakterli ifadələr yayılır. Bu sübut olunmalıdır.Realda bu mümkün deyil, amma virtualda bu mümkündür.Ona görə qanunun icra mexanizmləri çox ciddi məsələdir. Əks təqdirdə bunun mənfi və təhlükəli fəsadları ola bilər”.

Xəbər lenti