Qız Qalası Bakının ən möhtəşəm memarlıq abidələrindən biridir. Azərbaycana gələn turistlər ilk növbədə "İçərişəhər memarlıq" qoruğunu və Qız Qalasını ziyarət edirlər.
İstər Novruz bayramı ərəfəsində, istərsə də bu günlərdə Qız Qalasının ətrafı turistlərlə boldur. Hər kəs buraya gəlib, qalanı ziyarət edir, xatirə fotosu çəkdirir və tariximiz haqqına məlumat əldə edirlər.
Son günlər isə saytın redaksiyasına çoxsaylı şikayətlər daxil olub. Şikayətlərdə deyilir ki, Qız Qalasına giriş üçün normalda 2 manata satılan biletləri turistlərə 8 manata satırlar. Bilet haqqında sorğu-sual edəndə isə qiyməti aşağı salırlar.
Belə bir halın yaşanması ölkəmiz üçün ayıb sayılır. Onsuz da turist üzünə həsrət bir ölkəyik. Sadəcə son 1 il ərzində ölkəmizə əvvəlki illərdən daha çox turist gəlib. Onları da bu şəkildə qarşılamaq, bunu fürsətə çevirib, haqsız pul qazanmaq yaxşı bir hal deyil.
Məsələnin məğzini öyrənmək üçün Qız Qalasına yola düşdük. Ətrafda müxtəlif ölkələrdən, əsasən də Ərəb ölkələrindən olan turistlərlə dolu idi. Onların yanından keçib, kassaya yollandıq. Kassir xanımdan bilet qiymətlərini soruşduq. Öyrəndik ki, böyüklər üçün biletin qiyməti 2 manat, uşaqlar üçün isə 60 qəpikdir.
"Bəs, turistlər üçün biletin qiyməti neçəyədir" sualını isə kassir xanım belə cavab verdi: "Xarici ölkə vətəndaşları üçün 8 manatdır. Qayda belədir".
Bu sözləri deyən zaman kassir narahat idi. Çiynimizdə olan fotoaparatı görüb, "Onu söndürün. Çəkmir ki? Olmaz çəkmək" deyirdi. O qədər tədirgin davranırdı ki, aparatın qapağının bağlı olduğunu belə görmürdü.
"İcazənizlə qiymət yazılan vərəqin fotosunu çəkək" deyən zaman isə, "Yox, olmaz. sonra aparıb internetə qoyacaqsınız" dedi. Maraqlıdır, əgər qayda belədirsə, qiymət həqiqətən 8 manatdırsa, kassir xanım niyə bunu gizlətməyə çalışırdı? Əgər belə bir qayda varsa, niyə bu günə qədər heç kim bu barədə məlumat verməyib?
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticə vermədi. İdarədə dəstəyi götürən olmadı.
musavat.com