İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində agentliyin tabeliyinə verilən tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq “Pilot layihə çərçivəsində orta və kiçik tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi” Qaydalarını təsdiq edib.
Mynews.az xəbər verir ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Report-a verilən məlumata görə, bu qaydalar orta və kiçik tibb işçilərinin mövcud əmək haqlarına əlavələrin verilməsi qaydasını müəyyən edir.
Qaydalara əsasən, Reanimasiya şöbəsinin (laborant vəzifəsində çalışan orta tibb işçiləri istisna olmaqla), Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin (Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibbi işçiləri istisna olmaqla) orta tibb işçilərinin əmək haqları 200 manat artırılıb.
Cərrahiyyə (Əməliyyatxana bölməsində çalışan orta tibb işçiləri istisna olmaqla), Terapiya, Uşaq, Ginekologiya doğum, Hemodializ, Ailə Sağlamlıq Mərkəzi şöbələri, habelə Aptek bölməsi, Statistika bölməsində tibb statistiki vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 150 manat yüksəldilib.
Poliklinika, Fizioterapiya, Laboratoriya, Radiologiya şöbələri, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 120 manat artırılıb.
Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 80 manat, Tibb bacıları şöbəsinin müdiri vəzifəsində çalışan orta tibb işçisinin əmək haqqı 850 manat artırılıb, habelə müdir vəzifəsi funksiyalarının icrasına görə bu məbləğin 15% həcmində əlavə artım tətbiq olunub.
Konkret nümunə təqdim edək. Misal olaraq, əczaçı vəzifəsində çalışan orta tibb işçisi Nazirlər Kabinetinin qərarına əsasən, 165 manat məbləğində əməkhaqqı alır, icbari tibbi sığorta sistemində əczaçı vəzifəsində çalışan orta tibb işçinin əməkhaqqı 150 manat artırıldıqda onun maaşı 315 manat məbləğində olacaq.
Ailə Sağlamlıq Mərkəzi, Cərrahiyyə, Ginekologiya doğum, Fizioterapiya, Hemodializ, Laboratoriya, Uşaq, Poliklinika, Radiologiya, Reanimasiya, Terapiya şöbələri, habelə Aptek bölməsinin kiçik tibb işçilərinin əmək haqları 80 manat, təsərrüfat bacısı vəzifəsində çalışan kiçik tibb işçilərinin əmək haqları 130 manat artırılıb.