Piyadalara tətbiq olunan cərimələrin qaldırılması və cəriməni ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulacağı xəbəri narazılığa səbəb olub.
Yol hərəkəti qaydalarını pozmaya görə təkcə sürücülərə yox, piyadalara, sərnişinlərə, velosiped sürənlərə, hətta, mal-qara otaranlara və digər şəxslərə də cərimə tətbiq olunur. Ancaq statistika göstərir ki, piyadalar cərimə ödəməyə meylli olmurlar. Respublika Baş Dövlət Yol Polisi İdarəsi belə piyadalara sərt xəbərdarlıq edib. Hətta onların ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Avtomobili həyətdə düzgün park etməyən sürücülər cərimələnəcək 2016-cı ilin statistik göstəricilərinə əsasən, bütün istiqamətlərdə hadisələr, ölüm halları, xəsarət dərəcələri azalıb. Piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 58 faizini təşkil edir. Buna görə də, 2016-cı ildə təxminən 130 minə yaxın piyada saxlanılıb və məsuliyyətə cəlb edilib. DYP-dən bildirilir ki, bəzi piyadalar il ərzində 6-7 dəfə qayda pozaraq cərimə olunsalar da, cəriməni ödəməyiblər. Elə bu səbəbdən də DYP cərimə ödəməyən piyadalarla bağlı da sərt addımlar atır. Belə ki, cərimə ödməyən piyadalarla bağlı materiallar məhkəmələrə göndərilir. Məhkəmələr tərəfindən həmin işlərə baxıldıqdan sonra icraçılar cərimələrin ödənilməsini təmin edəcəklər. Bunun üçün icra məmurları piyadaların yaşadığı ünvanlara gələrək, cərimənin ödənilməsini tələb edəcəklər. Bunu etməyən piyadanın isə hansısa bir əmlakına həbs qoyulacaq. Ola bilər ki, cəriməni ödəməyən piyadanın mobil telefonu, hansısa qiymətli ev əşyası məhkəmə icraçıları tərəfindən müsadirə edilərək hərraca çıxarılsın. Millət vəkili Rəfail Cəbrayılov Gələcəkdə isə başqa addımların da atılacağı gözlənilir. Məsələn, cəriməni 3 aydan artıq ödəməyən piyada ölkəni tərk edə bilməyəcək. Cərimələr onların maaşından tutulacaq və ya banklardan kredit götürə bilməyəcəklər. Hazırda bu istiqamətdə müxtəlif mexanizmlər hazırlanır. "Cərimə çıxış yolu deyil" Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov Sputnik Azərbaycan-a bildirib ki, heç bir bank, heç bir dövlət orqanı, yaxud özəl qurum qanun çərçivəsindəki hallar istisna olmaqla, vətəndaşın ölkədən çıxmasına məhdudiyyət qoya bilməz: "İnsanın sərbəst yerdəyişməsi Konstutusiya hüquqdur. Bunun məhdudlaşdırılmasına yol verilmir. Respublikadan çıxışa məhdudiyyət cinayət işləri üzrə, habelə inzibati icraat üzrə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə qoyula bilər. Bu hallar istisna olunmaqla, heç bir hal vətəndaşın ölkədən çıxmasına məhdudiyyət qoya bilməz". "O cümlədən yol polisi, vətəndaşın "20 manat borcu var" deyə ölkədən çıxışına məhdudiyyət qoya bilməz. Yol polisinin buna səlahiyyəti yoxdur" — deputat bildirib. O, əlavə edib ki, bəzi hüquqşünaslar məsələlərə şərh verərkən diqqətsiz davranır, insanları qıcıqlandırırlar: "Bəzən mən mətbuatda oxuyuram ki, guya, hər hansı bir bank istəsə vətəndaşa məhdudiyyət tətbiq etdirə bilər. İnsanları belə qıcıqlandırmaq olmaz. Hər hansı bir insan barədə cinayət işi qaldırıla bilər. Bu zaman istintaq orqanları — prokurorluq, polis, Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliynin icra idarəsi, Dövlət Təhlükəsizlik Xidməti vətəndaşa məhdudiyyət qoya bilər". "Ancaq bank vətəndaşa məhdudiyyət qoydurtdura bilməz. Bank pulunu ala bilmirsə, məhkəməyə müraciət edir. Bu zaman məhkəmə vətəndaşa məhdudiyyət tətbiq edir. Yoxsa, yol polisi, bank, hansısa qurum vətəndaşlara məhdudiyyət qoya bilməz. Hər hansı məmur belə məsələlərlə bağlı açıqlama verərkən həssas davranmalıdır" — millət vəkili vurğulayıb. R. Cəbrayılov bildirib ki, tətbiq edilən inzibati tənbeh bütün piyadalara şamil edilməlidir: "Yol polisi yol hərəkəti qaydasını pozan piyadanı saxlayır. Abırlı olan, səhvini başa düşən dayanır. Bir başqası isə əlini yelləyib keçir. Belə olmamalıdır, qanun hamı üçün eyni olmalıdır. Bəzən baxırsan ki, 30 nəfər eyni anda qanunu pozur. Amma biri cərimələnir. Düzdür, yol polisi də hamının ardınca qaçmamalıdır. Amma bu problemin də həlli yolları var". Deputat hesab edir ki, əmək haqlarının artırılması, maddi rifahın yüksəldilməsi, hüquqi maarifləndirmənin gücləndirilməsi, müşahidə kameralarının artırılması yolu ilə qanunun tətbiqinə çalışmaq lazımdır: "Cərimə insanların maddi durumuna zəbə vurmaq üçün tətbiq edilir. İnsan da çalışır ki, maddi durumuna zərbə vurdurmamaq üçün qayda pozmasın. Piyadalar üçün tətbiq edilən inzibati tənbeh cəriməsinin artırılması barədə eşitməmişəm. Amma mən bunun əleyhinəyəm". "Cərimənin 60 faizi miqdarında dəbbə pulu ödəyəcəklər" Hüquqşünas Tağı Hüseynovun sözlərinə görə, Yol Hərəkəti Qaydalarını pozmuş şəxslər tətbiq olunan cəriməni həmin cərimənin tətbiqi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində könüllü ödəməzsə, İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən, cəriməyə hər gün üçün 1% dəbbə pulu əlavə olunur: "Dəbbə pulu 2 ay müddətində əlavə olunmaqla davam edir və ən pis halda qərarın qüvvəyə minməsindən sonra 3 ayın tamamında 60 faizə çata bilər. Deməli, cəriməni vaxtında ödəməyən şəxs qərarın qüvvəyə minməsindən 3 ay sonra artıq əsas cərimə ilə yanaşı, onun 60 faizi miqdarında dəbbə pulu da ödəyəcək". Hüquqşünas Tağı Hüseynov Müsahibimiz bildirir ki, cəriməni ödəməyən piyadanın xaricə getmək hüququnun məhdudlaşdırılması barədə də danışılır: "Vətəndaşın ölkədən çıxmasına, ancaq məhkəmə məhdudiyyət tətbiq edə bilər. "İcra haqqında" Qanunun 84.1-ci maddəsinə əsasən, borclu şəxsin ölkədən getmək hüququ yalnız məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra edilmədikdə, özü də yalnız məhkəmənin ayrıca qərarı ilə məhdudlaşdırıla bilər". "Onların həyatları üçün böyük təhlükə yaranır" Qeyd edək ki, yanvarın 29-da Baş Dövlət Yol Polis İdarəsi qayda pozuntusuna görə piyadalar üçün nəzərdə tutulan 20 manat cərimə məbləğinin 100 manata qədər artırılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu məsələdə hər bir piyada üçün cərimənin artırılmasından söhbət getmir. Qurum rəsmisi bildirib ki, cərimələrin artırılması beton və dəmir maneələrin aşılması ilə yolun hərəkət hissəsinə çıxan piyadalar üçün nəzərdə tutulub: "Digər hallarda isə cərimə məbləği 20 manat olaraq qalır. Bunlar ayrı-ayrı qayda pozuntularıdır. Bir şəxs bilərəkdən beton və ya dəmir maneəni aşaraq yolun hərəkət hissəsinə çıxır. Məlum olduğu kimi, həmin arakəsmələr nisbətən yüksək sürət olan yollarda tətbiq olunur. Belə maneələrlə təchiz olunmuş yolların hərəkət hissəsinə çıxması özünün və digər hərəkət iştirakçılarının həyatı üçün böyük təhlükə yaradır. Belə olduğundan həmin sanksiyanın cərimə məbləğinin artırılması barədə təklif olunub". K. Əliyev qeyd edib ki, adıçəkilən cərimə artımı ilə bağlı müzakirələr olacaq: "Son nəticədə hansı qərar qəbul olunacaqsa, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı bizim əməkdaşlar tərəfindən həmin cərimə sanksiyası tətbiq olunacaq". Qeyd edək ki, təklif olunan layihə Milli Məclisə göndərilib və yaz sessiyasında müzakirə olunacaq. Hazırda İnzibati Xətalar Məcəlləsində piyadalara qarşı 4 maddə ilə inzibati protokol tərtib olunur. Onların da hər birinin cəriməsi 20 manatdır.