Baş nazir Artur Rasizadənin paytaxtın 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar imzaladığı tədbirlər planına əsasən, “xruşovka” kimi tanınan, müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binaları sökülərək ərazidə yenidənqurma işləri aparılacaq.
Layihə çərçivəsində 34 bina söküləcək, 1729 ailə köçürüləcək. Yeni binanın inşa müddətində vətəndaşlara kirayə pulu ödəniləcək.
Mynews.az Modem.az-a istinadən xəbər verir ki, bəs “xruşovka”da evləri ipoteka ilə əldə etmiş vətəndaşların aqibəti necə olacaq?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, “sovetski”də evlər sökülən zaman da ipotekada olan mənzillərin taleyi ən çox müzakirə edilən məsələlərdən idi:
“Evlər sökülür, ödəniş edilirsə, həmin ipotekanın öhdəliyi məsələsi gündəmə gəlir. “Sovetski”dən fərqli olaraq “xruşovka”ların sökülməsi fərdi yanaşmalar tələb edir. Çünki bu yerdə yeni yaşayış binaları inşa ediləcək. İstər ipoteka ilə, istərsə şəxsi mənzilə sahib olanlar yeni binalarda da mənzillə təmin ediləcəklər.
Razılaşdırılmış qaydalara görə, binalar inşa edilən müddətdə şirkət tərəfindən həmin şəxslərə 2 il ərzində kirayə pulu veriləcək. Qərara görə, təklif edilən mənzilin sahəsi əvvəlki mənzilin sahəsindən 20-30% böyük olacaq”.
Ekspert bildirib ki, əgər mənzil ipotekadadırsa, müqaviləyə uyğun olaraq həmin ipoteka vətəndaşın yeni binadakı mənzilinə transfer edilir: “Bu zaman vətəndaşın ipoteka öhdəliyi qalır. Əgər istəyərsə, ipotekanı tamamilə bağlaya, yaxud əvvəlki qaydada hissə-hissə ödəyə bilər. Bu kommersiya bankı ilə vətəndaş arasında olan razılaşma ilə müəyyən edilir.
Bütün hallarda bankla vətəndaş arasında bağlanan müqavilə önəmlidir. Çünki bankla razılaşmadan vətəndaşın ipotekanı digər mənzilə transfer etmək hüququ yoxdur. Güman olunur ki, kommersiya bankları mövcud şəraitə uyğun olaraq həmin öhdəliklərin yeni mənzillərə şamil olunmasına icazə verəcəklər.
Vətəndaş kirayəyə çıxırsa belə, aralıq müddətdə ipoteka kreditini ödəyə bilər. İpoteka kreditinin vətəndaşdan tam olaraq tələb edilməsi mümkün deyil. “Xruşovka”ların sökülməsi və yerində yeni binaların tikilməsi vətəndaş üçün məqbuldur.
Çünki o, yeni, böyük və daha komfortlu mənzillərə sahib olacaq. Amma bu, vətəndaşın ipoteka öhdəliyinə artırıla bilməz. Vətəndaş əvvəlki məbləğdə aylıq ödənişini icra etməlidir. Köhnə binada da, yeni binada da vətəndaş ipoteka kreditini tam ödədikdən sonra mənzilin sahibinə çevriləcək”.