Bu gün səhər saatlarından Sumqayıt Avtovağzalında ciddi problem yaranıb. Belə ki, Bakı istiqamətində hərəkət edən marşrutların azlığı nəticəsində yüzlərlə insan paytaxta getməkdə çətinlik çəkib.
Mynews.az xeberle.com-a istinadən xəbər verir ki, elə bu gündən etibarən şəhərlərarası fəaliyyət göstərən kiçik tutumlu Ford-lar xəttdən çıxarılıb. Nəqliyyat üçün şəhər sakinləri avtovağzala üz tutublar. Yaranmış problemlə əlaqədar olaraq sözügedən ərazidə olduq. Sərnişinlərin bildirdiyinə görə artıq neçə saatdır ki, avtobus gözləyirlər:
"Kimə və hara müraciət edəcəyimizi isə bilmirik".
Sumqayıt avtovağzalının rəhbəri Şamil Abbasov bizimlə söhbətdə problemin mövcudluğunu təsdiqləyərək bildirdi ki, bu gün səhər tezdən Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən qanunsuz fəaliyyət göstərən Ford markalı mikroavtobuslar saxlanılaraq xəttdən çıxarılıb:
"Bizə verilən tapşırığa əsasən isə dövlət nişanı olmayan bu tip nəqliyyat vasitələrinin avtovağzal ərazisinə girişə qadağan olunub. Avtovağzalda isə Bakı istiqamətində cəmi 20 nəqliyyat vasitəsi nəzərdə tutulub. Təbii ki, bu da yetərli deyil. Avtovağzal olaraq bizim funksiyamız avtobusların qəbulu və onların yola salınmasıdır. Yaranmış problemlə əlaqədar olaraq Nəqliyyat Xidmətinin Sumqayıt regional şöbəsinə müraciət edərək avtobusla təmin edilməyi bildirmişik. Amma hələ ki, problem öz aktuallığını saxlayır. Yaxın günlərdə regional şöbə avtobus ayırmazsa sərnişinlərin gediş - gəlişində ciddi problemlər olacaq".