Azərbaycanda işsiz müəllimlər ordusu yarana bilər. Təhsil naziri Mikayıl Cabbarov saxta diplomlu müəllimlərə qarşı mübarizəyə start verib
Təhsil Nazirliyi orta məktəblərdə işləyən müəllimlərin diplomlarını yığmağa başlayıb.
Proses 1992-ci ildən indiyə kimi unversitet bitirmiş və məktəblərdə çalışan müəllimləri əhatə edir. BakiPost.az-a daxil olan məlumata görə, diplomların yığılmasında məqsəd saxta diplomlarla çalışan müəllimləri aşkarlamaqdır.
Məlumatlara görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Cəlilabad rayonlarında orta məktəblərdə müəllimlərin diplomları artıq yığlıb.
İşin icrası hər bir rayonun Təhsil Şöbəsinə tapşırılıb. Diplomlar yığılandan sonra isə Təhsil Nazirliyinə təhvil verilib.
Təhsil naziri Mikayıl Cabbarov 2014-cü ildə orta məktəblərdə 2000-ə yaxın müəllimin saxta diplomla çalışdığını bildirmişdi:
“Biz dəqiq sayı bilmirik, amma haradasa 2000 saxta diplomlu şəxs, əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyir. Bu gün biz onların hamısını adbaad bilirik.
Əldə etdiyimiz bütün məlumatları, o cümlədən onlara saxta diplom verənlərin adlarını da Baş Prokurorluğa vermişik. Onların arasında təhsil sistemindəki rəhbərlər də var.
Mənim bildiyimə görə, Baş Prokurorluq onlarla bağlı iki dəfə məlumat yayıb. Hələ ki biz elə «müəllimlər»i dayandıracaq icazəni ala bilməmişik”.
Onu da bildirək ki, ötən il Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıb. Bu diplomların çoxu Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialları tərəfindən verilib.
2000 müəllim işsiz qalacağı halda ciddi sosial gərginlik yarana bilər. 2 min müəllim təhsil prosesindən çıxarılsa, onları dərhal əvəz etmək mümkün deyil.
Nazir eyni zamanda onu da bildirmişdi ki, müəllimlərin işə qəbulu üçün mərkəzləşmiş sistemin, diplomları yoxlayan bazanın, çoxpilləli və şəffaf seçimin olması bu sistemdə olan dəyişikliklərin dönməz olacağına təminat verir.
Təhsil Nazirliyi xeyli müddət bu müəllimlərlə regionlarda işləməyə məcburdur. Bəzi saxta diplomlu kimi təqdim olunan müəllimlər var ki, onların hüquqları qorunmalıdır.
Təhsil naziri də bildirmişdi ki, onların arasında yalanın qurbanı olan, tələbə olduqlarına ürəkdən inanaraq dərslərdə, imtahan sessiyalarında iştirak edən, adlarına xüsusi olaraq jurnal açılan, qeydlər olan şəxslər də var.
Bununla yanaşı, onların bəziləri vakant yerlər üçün imtahanlarda iştirak edərək öz peşəkarlıqlarını göstəriblər.
Və ancaq sənədlərin yoxlanması nəticəsində məlum olub ki, bu diplomlar Təhsil Nazirliyi tərəfindən verilməyib. Bunları sırf saxta diplom alanlarla qarışdırmaq düzgün deyil.