Bu gün Ali Məhkəmədə "ANS ÇM Yayım və Media" və "ANS Müstəqil Yayım və Media" şirkətlərinin Bakı Apellyasiya Məhkəməsinin qərarlarından verdiyi kassasiya şikayətlərinə baxılıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, müvafiq olaraq hakimlər Kəmaləddin Bədəlov və Azər Hüseynovun sədrliyi ilə keçirilən proseslərdə Bakı Apellyasiya Məhkəməsinin qərarları qüvvədə saxlanıb, ANS-in şikayətləri təmin edilməyib.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyulda keçirilmiş iclasında "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub. "ANS ÇM Yayım və Media" Şirkəti qərardan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib, şikayət təmin edilməyib.
Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18.30-dan etibarən dayandırılması barədə qərar qəbul edib. ANS MTRŞ-nin bu qərarından 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib. ANS-in şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb, şikayət təmin olunmayıb.