Azərbaycanda qəbiristanlıqlar, məzar yerlərinin qiymətləri barədə yeni sənəd hazırlanıb.
Mynews.az Modern.az-a istinadən xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Komitə sədri deyib ki, yaxın günlərdə nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı ölkə prezidentinin ya sərəncamı olacaq, ya da sənəd qanun layihəsi şəklində Milli Məclisdə müzakirəyə çıxarılacaq.
“Bu sənəddə müxtəlif məsələlər nəzərdə tutulub. Sənədə görə, böyük yerlərdə qəbiristanlıqlar dövlətin balansında olacaq. Müəyyən yerlərdə isə, məsələn kəndlərdə bələdiyyələrin balansına verilməsi nəzərdə tutulur. Sənəd tam hazırdır, bütün yerlərdən də rəylər alınıb. Yaxın günlərdə ya Milli Məclisdə müzakirəyə çıxarılacaq, ya da cənab prezidentin bununla bağlı sərəncamı olacaq”-deyə deputat qeyd edib.
Siyavuş Novruzovun sözlərinə görə, sənəddə göstərilib ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşları hər yerdə eyni cür və eyni qiymətə olmalıdır.
“Qiymət də elə yüksək deyil. Sənəddə nümunəvi qəbiristanlıqların idarə olunmasına, onların qorunmasına, təmiz saxlanılmasına diqqət ayırılıb. Ritualların yerinə yetirilməsi üçün qəbiristanlıqlar təhsilli şəxslərlə təmin olunacaq. Bilirsiniz ki, bu gün qəbiristanlıqlarda mollaların çoxu heç ərəb dilini bilmir”.
Deputat onu da əlavə edib ki, nümunəvi qəbiristanlıqlar bütün respublikanı əhatə edəcək.