Dekabrın 15-də Xəzər dənizində neftçilərin olduğu estakadanın uçması, 10 nəfərin itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir.
Mərkəzi qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1 – ci Mayak kəndi ərazisində sahildə naməlum meyit aşkarlanıb.
Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.
Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
***
Xəzər dənizinin Neftçala sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri - operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu bildirilir.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitin ilkin müayinəsi zamanı mərhumun iş yoldaşları bunu təsdiqləyiblər.
Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.
Qeyd edək ki, meyit bu gün səhər saatlarında Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb.