“M.Ə. Sabirin şeirlərini dərsliklərdən çıxarmaq lazımdır, antipedoqojidir. 18 yaş öncəsində cocuqlara M.Ə.Sabirin şeirlərini oxutmağı durdurmaq və hətta yasaqlamaq lazımdır. Çünki "şeir"lərdə heç bir gözəllik və estetika yox. İyrənc Səfəvi-Türk həyat biçimi təsvir edilmiş. Bu şeirləri əzbərləyən cocuq aqressiv, gözəllik düşməni, ədəbsiz və sayqısız olar. Bilincaltında hər tür gözəllik və incəliyə qarşı təpki daşıyar. Bu ədəbiyyatla böyüyən cocuğu nə adam etmək olar, nə də alim.”
Bu fikirləri araşdırmaçı-yazar Guntay Gencalp feysbuk sosial şəbəkəsindəki profilində paylaşıb.
Mirzə Ələkbər Sabirin yaradıcılığı haqqında yazılan bu fikirlər sosial şəbəkdə geniş müzakirələrə və iradlara səbəb olub.
Publika.az olaraq məsələ ilə bağlı ziyalıların fikirlərini öyrənmək istədik.
Şairin nəticəsi, M.Ə.Sabir Fondunun rəhbəri Sevda Tahirli bildirdi ki, bu fikirlər birmənalı olaraq gerçəklikdən uzaqdır:
“Düşünürəm ki, subyektiv fikirlər hər zaman obyektivliyi ifadə etmir. Biz heç kimi yazdığı subyektiv fikirlərə görə qınaya bilmərik. Yalnız fikirlərin həqiqəti nə dərəcədə əks etdirdiyinə gəldikdə, onu deyə bilərəm ki, tamamilə gerçəklikdən uzaqdır. Sabirin şeirləri necə aqressiya aşılaya bilər? Ötən yüz il ərzində insanlarda bu səbəbdən heç bir aqressiya müşahidə olunmayıbsa, yüz ildən sonra Sabir yaradıcılığını aqressiyaya calamaq qeyri-obyektiv yanaşmadır. Orta məktəb dərsliklərində Sabir yaradıcılığından əksərən uşaq şeirləri yer alır. Bu şeirlər hər zaman milli-mənəvi dəyərlərin qorunmasını, böyüklərə hörmət və ehtiramı təbliğ edib. Sabirin dərsliklərdə təbliğ edilən və edilməyən bütün uşaq şeirlərində valideyn sevgisi, vətən sevgisi ön planda göstərilib. Sabirin istənilən şeirində, əsərində xalqa yararlı olmaq naminə fikirlər yer alır. Məsələn, dərsliklərdə təbliğ olunan “Ağacların bəhsi” şeirini götürək. Yadınıza salın, şeir “Mənfəətim xəlqə mənim çox dəyər” misraları ilə bitirdi deyilmi? Burda hansı aqressiyadan söhbət gedə bilər? “Cütcü” şeirini götürək, burada zəhmətsevərlik təbliğ edilir. “Məktəbliyə nəsihət” şeirinin özü olsun, nə aqressiyadan, nə də ədəbsiz fikrilərdən söhbət gedə bilməz. Şeirlərində hər zaman uşaqlara vətənpərvərlik ruhu aşılanır. Yenə deyirəm, Sabirin yaradıcılığı ilə tanış olan oxucular, sabirsevərlər hər zaman olub və olacaq. Çox söz deməyə ehtiyyac duymuram. Onsuz da oxucular yazılan qeyri-obyektiv fikirlərə lazımı reaksiyaları veriblər. Xalq yüz ildir Sabiri sevir. Hər hansı bir insanın subyektiv və yenə vurğulayıram, qeyri-obyektiv yanaşmasına görə nə Sabir gözdən düşən deyil, nə də sabirsevənlər azalan deyil. Sabir öz qiymətini, öz dəyərini yaradıcılığı ilə əsrlərin sınağından keçərək qazanmış şairdir. Bu həmişə belə qalacaq. Çünki bu nə sizin, nə mənim, nə digər insanların subyektiv fikirləri deyil, xalqın verdiyi dəyərdir. Sabirin dəsti-xətti milli kodeksimizin formalaşmasına əhəmiyyətli təsir göstərib. O, bütün yaradıcılığı boyu humanizmi təbliğ edib”.
Filosof Niyazi Mehdi dedi ki, Güntay Gəncalpı çox bilikli və intellektual yazar kimi tanıyır. Onun qalmaqallı düşüncələri ilə də tanışdır və bu düşüncələrin mədəniyyətdə dövriyyədə bulunmasına pis baxmır:
“Ancaq təəssüf ki, Sabirlə bağlı dedikləri məndən yan keçib, xəbərim olmayıb. Onun üçün də bilmirəm sizin dilinizdən eşitdiklərim nə dərəcədə onun sözlərini doğru verir. Bu səbəbdən Güntayla bağlı yalnız sizin verdiyiniz sözlərə, versiyaya cəvab verəcəm, Güntayın özünə yox. Sözsüz, Sabirin satirasından bilinən Azərbaycan heç də Azərbaycanın özü olmayıb. Əgər Azərbaycan Sabirdən, Mirzə Cəlilin "Molla Nəsrəddinin"dən görünən kimi olsaydı, nə cümhuriyyət doğurmağa gücü çatardı, nə doğuya modernləşmə ideoloqlarını verə bilərdi.
Ancaq bu təhrifə görə Sabiri, Mirzə Cəlili qınamaq düz olmaz. Onlar tənqidçi idilər və pis saydıqlarını qabardırdılar. Onların yazdıqları heç bir mədəni xalqa utanc gətirməz, heç bir gəncin tərbiyəsini pozmaz. Yazıqlar olsun ki, onların opponentləri - ruhanilər, Şərq patriotları - loqo sferdə, yazı dünyasından rəqabət apara bilmədilər, istisnalar olsa da, tutarlı polemikaya girə bilmədilər. Ona görə də bizim milli mədəniyyətdə irəliçilərlə geriçilərin tarazlığı olmadı. Bax, buna kədərlənmək lazımdır”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru, jurnalist Rauf Arifoğlu isə bildirdi ki, bəzi sosial şəbəkə istifadəçiləri nüfuzlu insanlara qarşı tənqidi və mənfi yanaşmalarla gündəmə gəlmək məqsədi güdürlər:
"Guntay Gencalp özünün ekstravqant şərhləri və statusları ilə tanınır. Ona görə bilirsiz, buna fikir bildirmək belə gərəksiz olaradı. Çünki Mirzə Ələkbər Sabir mənim üçün o qədər yüksək yerdədir ki, yüz dənə Guntay Gəncalpın fikri ola, yenə də Sabirin ucalığına, dahiliyinə xələl gətirə bilməz. Sabir yaradıcılığı o qədər dərin və genişdir ki... təsəvvür edin, Sabir satirasından həm öz yaşadığı dövrdə, həm Sovet dövründə, həm də indi qorxurlar. Sadəcə olaraq, xatırlayırsınızsa, Sovet dövründə Sabirin şeirlərindən bizə əkinçi və fəhlə timsalında zəhmətsevərlik təbliğ edilirdi. Ona görə nəzərə almaq lazımdır ki, milyon adam Sabir və başqa dahi insanlar haqqında minlərlə fikir irəli sürə bilər. Biz hər birinin ardınca getsək, artıq onları gündəmə gətirmiş olurıq. İndiki şəbəkə istifadəçiləri də Herostrat olmağa çalışırlar. O vaxt Herostrat dünyanın yeddi möcuzəsindən biri sayılan Artemida Məbədini yandırmışdı. Məsələnin üzərinə gedən məhkəmə onu unutdurmaq yerinə, daha da məhşurlaşdırdı. Hamı bildi ki, məbədi Herostrat yandırıb. Bütün bunlar da eyni hadisədir. Elementar bir misal çəkdik. O adam hansısa tanınmayan, geniş kütləyə sahib olmayan biri haqqında bu sözləri işlətsəydi, müzakirələrə səbəb olmayacaqdı”.
Yazıçı-şair Xanəmir Telmanoğlu isə bildirdi ki, Sabirin böyük şair olması danılmazdır. Lakin onun şeirlərini şüuru təzəcə formalaşmağa başlayan uşaqlara oxutmaq təhlükəlidir:
“2010-cu ildə çapdan çıxmış “Göyə qayıdan mətnlər” kitabımla tanış olan varsa, mən bizzat bu məsələyə kifayət qədər yer ayırmışam. Nəinki Sabirin yaradıcılığındakı bəzi məqamları, hətta uşaqlar üçün, keçi, xoruz tipli mətnlərdən uzaqlaşmalı, bu əllaməçi-əyləncəli estetik görüşlərlə uşaqlarımızın zehnini allaq-bullaq etməyə gərək qalmadığını vurğulamışam. Üstəlik, nədən, niyə kimi suallara da lazımi cavab vermişəm.
Sabirin ədəbiyyatımız, üstəlik də şeirimiz sarıdan son dərəcə mərhələ olduğunu bilməyən yoxdur. Mən bu fikri şeirimizin ümumi fəlsəfi-nəzəri mahiyyəti baxımından söyləyirəm və Sabir haqqında indiyə kimi bir neçə yazı da yazmışam. Hətta Sabirin şeirlərinin 20-ci əsrin başlanğıcına, yeni bir dövrə adlamağımıza baxmayaraq, nədən, məsələn, qoşma, gəraylı, heca üslubunda deyil, ərpimiş əruzda ərsəyə gətirməyinə də açıqlıq gətirmişəm.
Sabirin adıgedən şeirləri, bir çox şairlərin dələduz və annti-estetik təhrikli şeirlərinin dərsliklərdən sürgün edilməsi, qovulması lazım. 100 ildən artıqdır ki, Azərbaycan gəncliyi eyni not və ritmlər üzərində zehniyyətini kökləməyindədir. Təsəvvür edin ki, 1950-60-70-80-90-cı illər və o cümlədən, yeni əsrin başlanğıcından bu günə kimi çağdaş nəslin təfəkkür və şüuru eyni “tərbiyəvi, əxlaqi” və texnik baxımından da eyniliyini itirməmiş mətnlərin inhisarında, zülmündə qalıb inləyir. Elə bu mətnlərin gətirdiyi “mənəvi gəlir” halal olsaydı, doğru-düzgün zenhiyyət və ruhla qələmə alınsaydı, o mətnlərlə yetişən nəsillər son yüz ildə bu qədər məğlubiyyətə uğramazdı. Elə o sarıdan, məğlub nəslə mənsub uşaqlar yetişdirən dərsə gedən bir uşaq, keçi, xoruz, pişik kimi anti-yaradıcı nümunələri dərsliklərdən çıxarmaq gərəkir.
Bütün bu tarixi-ictimai müsibətlərin baş verməsində və bu faciələri anlamamağımızın real səbəbi elə o şeirlərlə yetişən insanların sabah da oturub heç bir məsuliyyət daşımadan o dərslikləri yazmasıdır. Bizim dərslik tərtib edən yetgili insanlarımızın dünyagörüşünə şübhə edirəm.
Dərsliklərdə nəzərdə tutulan parazit şeir parçalarının uşaqlarımıza, gənc nəslə hansı ağırlıq yaradan mənfi dalğasını ötürür? Ədəbiyyat dərsliklərimizin içərisi elə biləsən zoologiya dərsliyidir. Uşaqlara ilkin olaraq əşyavi, heyvani deyil, insan gerçəkliyinə dayalı ünsiyyət atmosferi sərgilənməlidir. Uşaqlarımızı insan məfhumuna, anlayışına alışdırmq, insana öyrəşdirmək qaydasını özümüz dərk etməliyik ilk növbədə. Heyvanlara, digər məxluq və əşyalara qarşı uşaqlarda oyatdığımız marağın bir hissəsini insanlara yönəltmək lazım. Görünür darvinizmə əməlli-başlı aludə olmuş bir topluma çevrilmişik. Əslində dərsliklərimizdə yer alan ən xırda materialların “tərkibi” araşdırılsa, inancsız - burda dindən söhbət getmir - bir zümrəyə məxsusluğumuz üzə çıxar. Biz tarixi bütün zamanlarda ədəbiyyat adı altında aldadtmış millətik. İnancını dərinləşdirib mədəniyyətində coşğunluq yaradıb hər dönəmə məxsus nəslini DİRİ yetişdirmək əvəzinə, bu tipli şeirlərin gətirdiyi inacsızlıq sayəsində ölü bir kəsimlə üz-üzə qalırıq. Rena Genon əbəs yerə demir ki, milli diriliş epoxası həmişə inancın izini zehniyyətdə görür. Bu da bizim meyit daşıyan bir varlıq yapımızdan qurtula bilməməyimizdən irəli gəlir. Bütün bu söylədiklərim məsəllərin alt yapısını dərsliklərimzdəki lüzumsuz mətnlərin ilk siptomları oluşdurur.
Sabirin böyük şair olması danılmazdır. Onun şeirlərini şüuru təzəcə forma almağa başlayan uşaqlara oxutmaq təhlükəlidir. Güclü inancıyla cəhaləti görüb və yazarın cəmiyyətlə qarşıdurmasında yaradıcı şəxsin sənətinə qarşı bilincli, olduqca ağıllı, kurnaz, oyunbaz obrazıyla davranması sayəsində uşaqlar üçün yazdığı şeirlərində zahirən qazansa da, bu şeirlərinin batini, qatı ərkanı gərəyincə bir sənətkar kimi sənətə məğlub olmuşdur. Yaşadığı dönəmin ictimai-siyasi gedişatı qarşısında xalqınının olumsuz yönlərini poetikləşdirməkdə dəqiq obraz, ifadə sərraslığı seçə bilsə də, uşaqların dünyasını qavrama və onlara yönəlmə baxımından düzgün poetik-ədəbi-bədii deyəcəyimiz hədəf - ifadə, yazı olaraq - müəyyənləşdirməmişdir.
Uşaqlarımız “Uşaq və buz" şeiri sayəsində ayağı sürüşkənliyə, xoruz şeiriylə xoruzlanmağa, keçi şeiriylə keçi təbiətli olmağa, yersiz atılıb düşməyə, pişik şeiriylə pişiklik sifətini göstərməyə nə qədər meyilli olsalar da, bunlar bəlkə də o qədər faciə olmazdı. Gerçək faciə və zülm odur ki, bu adı çəkilən məfhumların arxetip uzantısı ədəbiyyat və insan konteksində tərbiyə, eğitim obyekti olaraq cəmiyyətin “ibtidai başlanğıc"ının sahib olduğu mədəniyyətinin çevikliyini, mərhələ yaratma şövqünü öldürür. Bu anlayışların “arxetipindəki poetik mahiyyət” bizim diri deyil, ölü, yəni canlı-cəsədli olmağımıza baxmayaraq, şüur, ruh baxımından dünya gözəlliklərinə qoşula bilməyərək, bu müstəvidə toplumsal aktivitəmizi itirərərk, real bilinən, qəbul edilən hadisələr fonunda tərkisilah olunmuş duruma düşməyimizə görünməz səbəblər yaradır. Biz səmimi ola bilərik. Ancaq qorxunc şəkildə öz balalarımızı öz əllərimizlə necə qətl etdiyimizin heç vaxt fərqində olmuruq. Çünki o tipli şeirlərin sayəsində zehinsəl soyuqluğu, şüursal keyləşməyi - çünki 100 ildir fərqli nəsillərə eyni sözü necə əzbərlətmək olar - qazanmaqla təhtəlşüurumuzdakı birikimlərimizi, “zapas” gücümüzü də korşaltmış oluruq. Necə ola bilər ki, sosializmi qəbul edəndə, 1937-ci il fəlakətlərini yaşayanda, 2-ci Dünya müharibəsinin bütün yönlərini canında daşıyanda, Qarabağ və Müstəqillik yolunda mübarizə aparanda da bir xalqın uşaqları eyni mövzulu və ritmli mətnlərə zaman xərcləsin, vaxt ayırsın, ömür bəxş etsin, həyat versin, yaddaşını, xatirəsini şəkilləndirsin?
Fikirmcə, azərbaycanlılar uşaqlarını əzbər adlı şeirlərdən uzaq tutmalıdır. Bu şüuru koraldır. Daha çox məntiqə və düşüncəyə, şüura xitab edib zehni oyaq saxlayacaq hekayət ruhunda yazılmış mətnlərə üstünlük vermək lazımdır. Bu şeir əzbəri məsələsini birmərrə bir tərəfə qoymalıyıq. Əzbər üsulu düşünmə sürəcini və imkanlarını öldürür".