23 yaşlı Turanə Əhmədova 3 ildir kəskin qaraciyər serrozundan əziyyət çəkir. Orta məktəbi bitirdikdən sonra tez-tez baş gicəllənməsi, zəiflik kimi əlamətlərlə qarşılaşan gənc qız anası Bənövşə xanımla birgə bütün müayinələrdən keçir.
Diaqnozlar arasında qaraciyər xəstəliyi ilə bağlı rəy olmadığını deyən Turanə Əhmədova deyir ki, 21 yaşı olarkən gecə saatlarında qəflətən vəziyyəti pisləşir: "Ciddi ağrılar hiss etmirdim. Amma nəfəs almağım çox çətinləşmişdi. Valideynlərim məni ultrasəs müayinəsinə götürdü. Orda diaqnoz qoyuldu ki, qarnıma maye yığılıb. Həcmi o qədər böyük idi ki, nəfəs ala bilmirdim. Müayinədən sonra evə gəldim. Gecə yenə vəziyyətim pisləşdi. Təcili yardım çağırdılar və xəstəxanaya yerləşdirildim".
Turanəyə serroz diaqnozu da 2015-ci ildə qoyulub: "İlk olaraq xəstəliklə bağlı Bakı Sağlamlıq Mərkəzində müalicə almışam. Müalicədən sonra su çəkildi. Mütəmadi müalicələrim başladı. Amma müalicələr əvvəlki kimi effekt vermədi. Həkim dedi ki, artıq mənim edəcəyim bir şey yoxdur. Bizə cərrahla görüşməyi məsləhət gördü. Biz də Türkiyəyə getdik. Düşündük ki, bəlkə əməliyyatlıq deyil, müalicə ilə sağalar. Amma Türkiyədə də eyni diaqnoz qoyuldu. Dedilər qaraciyər bitib. Təcili olaraq 3 ay müddətində qaraciyər köçürülməlidir".
Hazırda Turanə yataqdan qalxa bilmir. Zəifdir, hemoqlobinin səviyyəsi aşağı olduğundan, demək olar ki, sərbəst gəzə də bilmir, başgicəllənmələrindən, iştahasızlıqdan əziyyət çəkir.
Anası Bənövşə xanım deyir ki, 21 yaşına kimi Turanə tam sağlam həyat tərzi sürüb. Heç nədən şikayətlənməyib. Hətta adi ağrıları olanda belə valideynləri həkimə müraciət edib: "İlk şikayətinə belə biganə qalmamışıq. Zob müayinəsinə kimi etdirmişdik. Zəif idi, iştahasız olurdu, buna görə də hər bir həkim öz sahəsi üzrə müayinə və müalicə edib. Amma effekti olmurdu. Heç bir həkim deməyib ki, bir dəfə də qaraciyəri müayinə etdir. Hətta qadın xəstəlikləri həkiminə kimi müraciət etmişəm onun halsızlığından. Bəlkə vaxtında düzgün diaqnoz qoyulsaydı, sonu heç belə olmazdı. Qızım yetkinlik yaşına çatandan sonra hamı deyirdi ki, elə bil qızın rəngi qaçıb".
Turanənin valideynlərinin maddi durumu ürəkaçan vəziyyətdə deyil. Anası Bənövşə xanım xadimə işləyir, atası isə epilepsiya xəstəliyindən əziyyət çəkir, ikinci qrup əlildir: "Maddi durumumuz yaxşı olmayıb heç vaxt. İki övlad böyütmüşəm zəhmətlə. Amma yeməklərini əsirgəməmişəm. Nə bilərdim ki, balam ömrünün ən gözəl çağında bu xəstəliyə tutulacaq? Xahiş edirəm balama imkanlı adamlar öz köməyini əsirgəməsinlər".
Bənövşə xanım deyir ki, həm Türkiyədə, həm də Bakıda övladına təcili qaraciyər köçürülməsini məsləhət görüblər. Yaxın qohumlarının donor olacağını deyən ailənin indi əməliyyat üçün maddi köməyə ehtiyacı var.
Köməyinizi əsirgəməyin!