Penitensiar Xidmət 26 aprel 2017-ci il tarixdə azpolitika.az informasiya saytında “Prezidentin əvf sərəncanı ilə bağlı şok! – “Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!” sərlövhəli məlumata münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib:
“Məlumatda məhkumun yaxın qohumları və vəkilinə istinad edilərək qeyd olunur ki, guya, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinin birində saxlanılan məhkum Elvin Bəxtiyar oğlu Mahmudovun əvəzinə eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum ölkə Prezidentinin əfv sərəncamı ilə qalan cəzadan azad olunub”.
Rəsmi məlumata görə, dərc olunmuş məlumat tamamilə yanlışdır və böhtan xarakterlidir:
“Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı dürüst və vaxtında icra edilmişdir. Əfv olunan şəxslərin arasında bu məlumatda dərc olunan məhkumun adı yoxdur. Əfv haqqında sərəncamın əhatə dairəsində olmuş eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum tam qanuna uyğun olaraq azad edilmişdir. Acınacaqlı haldır ki, bəzi informasiya saytları ilə yanaşı yalan, iftira xarakterli, dəqiqləşdirilməmiş məlumatları vəkil funksiyalarını yerinə yetirən şəxslər də yayır.
Düşünülməmiş hərəkətləri ilə vəkil adına xələl gətirən şəxsin hansı məqsədlər daşıdığı qeyri-müəyyəndir. Lakin hesab edirik ki, qeyd olunan faktlar aidiyyəti orqanlar tərəfindən ciddi araşdırılacaq və vəzifəli şəxsləri ağır cinayətlərdə ittiham etmiş vəkilin fəaliyyətinə hüquqi qiymət veriləcək”.