Biri var idi, biri yox idi. Bir zamanlar nənələrin nəql etdiyi nağıllarla böyüyən uşaqlar var idi. Uşaqlar indi də var. Bəs nağıllara olan maraq necə? Hələ də qalırmı? İndi balacalar hansı nağılları oxuyurlar görən?
Mynews.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində mövzu ilə bağlı maraqlı reportaj yayımlanıb.
Texnologiyanın inkişafı və indiki uşaqların dəyişən maraq dairəsini nəzərə alaraq uşaqlığımızın nağıllarını internetdə axtarmaq qərarına gəldik. Axtarışımız nəticəsiz qalmadı. Azərbaycan Milli Kitabxanasının rəsmi internet səhifəsində 5 cildlik "Azərbaycan Nağılları"nın pdf variantını tapdıq və başladıq oxumağa. Diqqətimizi nağılların məzmunundan əvvəl, yazıya alınma şəkli çəkir. Nağıllar başdan-sona ədəbi deyil, danışıq dilində yazıya alınıb. Məsələyə aydınlıq gətirmək üçün professor Mübariz Yusifova müraciət etdik. Professor dedi ki, bu kitabda Azərbaycan dilinin yazı normaları pozulub, özü də kobud şəkildə.
Mübariz müəllim deyir ki, nağıllarda dialektlərdən istifadə oluna bilər, bir şərtlə ki, onun izahı verilsin və ya hər hansı bir qəhrəmanın dilindən səslənsin. Azərbaycan dilinin yazı normalarının pozulması ilə yanaşı, nağılda təsvir olunan səhnələr də başqa bir müzakirə mövzusudur əslində.
"Göy muncuq" nağılından kiçik bir hissə:
"Kişinin balaca bir oğlu var idi. Birdən bu başladı ağlamağa. Kişi nə qədər elədi oğlan kirimədi. Kişi dedi:
- Göy Muncuq dur "mını" çıxart çölə, səsini kəssin.
Göy Muncuq bunu apardı çölə. 2 qılçasından tutub dartdı, 2 bölüb yarısını bu itə atdı, yarısını o biri itə atdı. İtlər başladı boğuşmağa. Kişi dedi:
- Göy Muncuq itlər niyə boğuşur?
Cavab verdi ki, "Uşağdan çoxu o biri itə çatmadı ona görə". Kişi dedi:
- Ədə nə uşaqdan? Sən nə danışırsan?
Göy Muncuq dedi:
- Sən dedin uşağın səsini kəs, mən də kəsdim, neniyim?"
Onu da deyək ki, "Azərbaycan Nağılları" kitabı 2005-ci ildə nəşr edilib və ölkə kitabxanalarına paylanılıb. Topluda yer alan nağıllar Azərbaycanın dəyişik bölgələrindən yazıya hazırlanıb. Toplunun digər 4 cildindəki nağıllar birinciyə nisbətən daha anlaşılır dildə yazılıb.
Nəzərə alsaq ki, nağıllar və umimilikdə uşaq ədəbiyyatı azyaşlıların dünyagörüşü, habelə nitqinin formalaşmasında önəmli rol oynayır, o zaman vəziyyətin nə qədər acınacaqlı olduğunu xüsusi vurğulamağa ehtiyac qalmır. Belə olan halda sual yaranır: uşaqlar nə oxusunlar? Aləmzər Əlizadə deyir ki, Azərbaycanın uşaq ədəbiyyatı olduqca zəngindir, istər klassik, istərsə də müasir...
Aləmzər Əlizadə - uşaq ədəbiyyatı yazıçısı: "Uşaq ədəbiyyatımız hər bir ailəyə daxil olmalıdır. Əvvəllər "Göyərçin", "Günəş" jurnalı var idi. Bunlar hər bir evə daxil olurdu".
Valideynlər arasında apardığımız sorğu da müasir dövrdə uşaq ədəbiyyatı və nağıllara olan marağın yüksək olmadığını göstərdi.
Bir uşaq ana laylası ilə öyrənmə başladığı dili ədəbiyyatla mənimsəyib, ədəbiyyatla inkişaf etdirir, ədəbiyyatla sevir. Odur ki, uşaqlarımızı kitablara yönəldən gərəkdir. Bu isə, əsasən, valideynlər və tədris ocaqları olmalıdır. Bu aydın məsələdir. Axı gərək kitablar da oxumağa dəyər olsun. Ədəbi nəşrlərimiz uşaqlara mükəmməl dilimizi, əvəzsiz ədəbiyyatımızı elə mükəmməl şəkildə tanıtmalı və öyrətməlidir.