“Qəbələ” 8 futbolçunu komandadan uzaqlaşdırıb

755
“Qəbələ” 8 futbolçunu komandadan uzaqlaşdırıb

Yeni mövsümün transfer çalışmalarına start verən “Qəbələ” 8 futbolçu ilə yollarını ayırıb.

Mynews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyubov və Nika Kvekveskiri 2017-2018-ci illər mövsümündən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.

2014-cü ilin əvvəlində transfer olunan Santos “Qəbələ”də keçirdiyi 4 mövsümdə 104 matça 2 qol vurub. Müdafiəçi Premyer Liqada 72 (2 qol), kubokda 12, Avropa Liqasında 20 matça çıxıb. Braziliyalı legioner “qırmızı-qara” formada Premyer Liqanın 1 gümüş və 3 bürünc mükafatını qazanıb.

2015-ci ilin əvvəlindən “Qəbələ”də çıxış edən Sadiqov 1 gümüş və 2 bürünc medala yiyələnib. 91 oyunda 2 qol vuran Rəşad çempionatda 61 (1 qol), kubokda 8 (1 qol), Avropa Liqasında 22 görüş keçirib.

2015-ci ilin yayında heyətə cəlb olunan Zenyovla Mirzəbəyov son iki mövsümdə çempionatın gümüş və bürünc medalına sahib çıxıb. Bu iki ildə estoniyalı hücumçu 80 qarşılaşmada 14 qol vurmağı bacarıb. O, Premyer Liqada 47 (8 qol), kubokda 6, Avropa Liqasında 27 (6 qol) oyunda şans qazanıb. Qol hesabını açmayan Azərbaycan yığmasının müdafiəçisi 62 görüşdə meydana çıxıb. Dağıstan əsilli futbolçu 46 çempionat, 5 kubok və 11 avrokubok görüşünün iştirakçısı olub.

2016-cı ilin əvvəlində heyətə qoşulan Eyubov da son iki çempionatın medallarını qazanıb. 41 matçda 5 qol vuran yarımmüdafiəçi çempionatda 25 (3 qol), kubokda 8 (2 qol), avrokubokda 8 dəfə meydana çıxıb.

Başa çatan mövsümün gedişində komandaya qoşulan Subotiç 2013-2014-cü illərdə qazandığı bürünc medala gümüşü əlavə edib. 48 oyunda 19 qola sevinən hücumçu Premyer Liqada keçirdiyi 40 matçda 15, kubokda isə 8 görüşdə 4 dəfə fərqlənib.

Ötən ilin yayında “Qəbələ”yə qoşulan Uikslə Kvekveskiri isə komandada bir mövsüm keçiriblər. Onlar çempionatın gümüş mükafatçılarıdır. Gürcüstanlı yarımmüdafiəçi 29 matçdan 14-nü çempionat, 4-nü kubok, 11-ni Avropa Liqasında keçirib və yeganə qolu qitə miqyaslı turnirə təsadüf edib. 33 qarşılaşmada 7 qol vuran liberiyalı da məhsuldarlığı avrokuboklarda göstərib – 12 oyunda 5 top. O, çempionatda 16 (2 qol), kubokda 5 görüşə çıxıb.

“Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.

Qeyd edək ki, gedənlərdən Rəşad Sadiqov "Zirə"yə, "Rəşad Eyubov "Sumqayıt"a, Nika Kvekveskiri isə Qazaxıstan "Tobol"una keçib.

Xəbər lenti