Onun futbolçu karyerası anadan olduğu Şirvan şəhərində 1977-ci ildə başlayıb. Hələ uşaq yaşlarında Hafiz Hüseynovun rəhbərliyi ilə futbolda ilk adımlarını atıb. 1985-ci ildə Bakıxanov qəsəbəsində yerləşən idman təmaüllü internat məktəbinə daxil olub. 1986-cı ilə isə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandasına cəlb olunub. Söhbət futbol üzrə Azərbaycan milli komandasının keçmiş üzvü, tanınmış futbol mütəxəssisi Tərlan Əhmədovdan gedir.
O, 1987-ci ildə “Neftçi”yə dəvət edilib, 1989-cu ildə isə komandanın əsas heyətində çıxış etməyə başlayıb. Həmin dövrdə SSRİ çempionatının birinci dəstəsində yeniyetmə futbolçunun əsas heyətdə oynaması çox böyük uğur sayılırdı. T.Əhmədov 1990-cı ildə isə SSRİ yığmasının tərkibində Avropa çempionu olub. Futbolçu 1992-ci ildən "Termist" (Bakı), "Neftçi", "Turan", "Terek" (Rusiya), "Qarabağ", "Anji" (Rusiya), "Şəfa", "Fakel" (Rusiya), "İstiqlal" (İran), "Voln" (Ukrayna), "Karvan" və "Olimpik-Şüvəlan" kimi klublarda forma geyinib. O, 1992-2005-ci illərdə milli komandamızda 73 oyun keçirib.
Azərbaycanlı Avropa çempionu...
Karyerası ilə bağlı SİA-ya açıqlama verən mütəxəssis həm futbolçu, həm də məşqçi kimi ən iddialı klubların şərəfini qoruduğunu vurğulayıb: “Futbolçu kimi oynadığım klublarda hər dəfə finalın bir addımlığında Azərbaycan çempionluğu əlimizdən çıxırdı. Allah mənə futbolçu kimi ölkə çempionluğu deyil, Avropa çempionluğunu bəxş edib. Mən məşqçi kimi “Neftçi”də Böyükağa Hacıyevin köməkçisi işləyəndə biz artıq ölkə çempionu idik və 110 illik Azərbaycan futbol tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə düşmüşdük. Futbolda bəxt amili daha böyük rol oynayır. Futbolçunun ən böyük iddiası ilk növbədə onun bəxtidir".
Məşqçiliyə "Xəzər Lənkəran"da başladığını bildirən mütəxəssis 2009-2010-cu illərdə bu komandada köməkçi işlədiyini, 2011-2013-cü illərdə "Neftçi"də fəaliyyət göstərdiyini vurğulayıb: “Ağasəlim Mircavadov "Xəzər Lənkəran"nın baş məşqçisi olandan sonra, mən onun köməkçisi təyin edildim. Bir il onunla çalışdıq. Amma müəyyən səbəblərə görə rəhbərliklə qarşılıqlı razılaşma əsasında komandadan ayrıldım. Bundan sonra 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi Vəli Qasımovun köməkçisi təyin olundum. Yeddi aya yaxın onunla birlikdə işlədik. 2011-ci ildən “Neftçi”də Böyükağa Hacıyevin köməkçisi kimi çalışmağa başladım. İki il üç ay bu komandada işlədim. Son 3 ayda “Neftçi”də baş məşqçinin səlahiyyətlərini icra edirdim. 2014-cü ilin mart ayından isə AZAL futbol klubuna baş məşqçi təyin edildim. Həmin vaxtdan bu ilin may ayına qədər AZAL-da çalışmışam”.
AZAL-dakı çətin günlər
AZAL-ın baş məşqçi postunda Vaqif Sadıqovu əvəzləyən T.Əhmədov 10 oyunluq mübarizədən sonra komandanı Premyer Liqada saxlayıb. O, maliyyə çətinliyi səbəbindən heyətin idarə olunmasında böyük əziyyət çəksə də, komadanı bütün oyunlara yüksək səviyyədə hazırlayıb və AZAL daima əzmkar oyun göstərib: “Biz 10 oyuna 5 xal topladıq və 32 xalla yüksək liqada qaldıq. 2014/2015-ci il mövsümündə klub prezidenti ilə görüşəndə bütün məsuliyyətlərim müəyyənləşdi və göstəriləcək dəstək haqda söz verildi. 2015-ci ilin fevral ayına kimi həmin dəstək göstərildi. Ondan sonra isə komandada maliyyə böhranı yaşandı. Həmin ilin son 3 ayının əmək haqqını nə futbolçular, nə məşqçi heyəti, nə də rəhbərlik ala bilmədi. 2016/2017-ci il mövsümündə isə komandaya tamamilə fərqli büdcə ayrıldı. 2015/2016-ci il mövsümündə 150 min manat büdcə ayrılmışdısa, 2016/2017-ci il mövsümündə 144 min manat ayrıldı. Bu, öncəki ildən də aşağı məbləğ idi. İki ildə futbolçuları o komandaya dəvət etmək üçün klubun meneceri Eldəniz Yusifovla çox böyük əziyyətlər çəkmişik. Belə büdcəsi olan komandada hər futbolçu oynamaq istəmir. Biz o futbolçularda inam yaradaraq, dəstək olaraq onları heyətə cəlb etdik. 2015/2016-cı il mövsümündə Avroliqada oynamaq şansımız var idi. Aydın olmayan məsələlərdən o şansı əldən verdik. Daha sonra komandanın bəzi liderlərini heyətdən çıxartdılar. Bu da bəlkə də komandanın Premyer Liqadan çıxması üçün atılan addım idi. Son 2 ildəki maliyyə böhranı AZAL-ın yüksək liqanı tərk etməsinə aparırdı. Səkkiz komanda arasında bu büdcə ilə mübarizə aparmaq daha çətin idi. Komandanın 4 lideri maliyyə sıxıntısına görə heyəti tərk elədi. Oyunda geriləmə olsa da, biz yenə digər komandalardan taktiki və fiziki cəhətdən geri qalmadıq. Ancaq maliyyə problemi futbolçulara psixoloji zərbə vururdu. 2016/2017-ci il mövsümündə daha ağır şərtlər oldu. Futbolçularda özünəinamı artırmaq çox böyük problemə çevrilmişdi. Hakim səhvləri, psixoloji zərbələr, dəstəyin yüksək səviyyədə olmamasına görə komandanı sonuncu pillədən qurtara bilmədik. AZAL-da 2014/2015-ci il mövsümündəki heyət qalsaydı, son 2 ildə boşluqlara yeni futbolçular cəlb edərək çempionatda ilk üçlükdə yer ala bilərdik”.
Qardaşlıq müqaviləsi
Mütəxəssis bildirib ki, AZAL-ı ən çətin məqamlarda yarı yolda qoyub komandadan ayrılmayıb: “Mən ağır günün dostuyam. Klubun vitse-prezidenti Fikrət Hüseynovla gənclikdə birlikdə oynamışıq. 2014-cü ildə o məni komandaya dəvət edəndən biz F.Hüseynovla qardaşlıq müqaviləsi bağlamışdıq. Kağız üzərində rəsmi sənədlərdən başqa, bizim bir-birimizə qarşı böyük hörmətimiz və dostluq-qardaşlıq münasibətimiz var idi. Sonuncu dəfə o da əlacsız qaldı. Komanda I Diviziona düşdü. Orada büdcə tamamilə az olacaqdı. O özü bildirdi ki, belə az büdcə ilə daha ağır bir şəraitdə işləməyimi istəmir. F.Hüseynov mənim daha yaxşı kluba keçməyimi istədi. Beləliklə, mən AZAL-dan ayrıldım”.
“Çamadanımız həmişə yanımızdadır”
T.Əhmədov hazırda klublardan və ya AFFA-dan təkliflər gözlədiyini bildirib: “Futbol məşqçilərinin taleyi belədir. Bir müddət işlədikdən sonra bir dönəm işsizlik olur. Bizim çamadanımız həmişə yanımızdadır. Məşqçi, işləyən dövrdə də hər an istefaya göndərilə bilər. Artıq 3 il işləmişəmsə, bir müddət gözləmə mövqeyində olmalıyam. İndiyədək göstərdiyim iş göz önündədir. İstərdim ki, işimi davam etdirim, potensialımı daha çox göstərim, bacarığımı ortaya qoyum”.
“Həyatımı futbola bağlamışam”
O, futboldan kənar hansısa işdə çalışa bilməyəcəyini vurğulayıb: “Uşaqlıqdan həyatımı futbola bağlamışam. Mən kasıb ailədən çıxmışam. Atam Şirvan şəhərində avtobus sürücüsü olub. Bakıda heç bir qohumum olmayıb. Oradan gəlib, 5 il idman təmaüllü internat məktəbində oxuyub, göydə Allah, yerdə öz bacarığıma güvənib, həyatı davam etdirmişəm. Ömrümü bu işə vermişəm. Ona görə heç bir başqa sahə haqda fikirləşməmişəm. Futbolçu kimi lider olmuşam. Çalışıram ki, məşqçi işimdə də bunu gənc nəslə aşılaya bilim”.
“Futbolumuz inkişafdadır”
Mütəxəssis Azərbaycan futbolunun inkişafda olduğunu bildirib: “Ölkəmizdə idmana dövlət başçımız tərəfindən böyük diqqət və qayğı göstərilir. Futbolumuz da inkişafdadır. Premyer Liqada komandaların sayı az olsa da, keyfiyyət yüksəlib. “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin Avroliqanın qrup mərhələsindəki çıxışları, milli komandamızın göstərdiyi böyük nəticələr inkişafın göstəricisidir”.
T.Əhmədov region komandalarına daha çox diqqət ayrılması və Premyer Liqada iştiraklarına şərait yaradılmasının önəmliliyini vurğulayıb.
Azərbaycan futbolunun Avropa səviyyəsinə çatması üçün nə etmək lazımdır?
O, Azərbaycanda futbolun daha da inkişafı və Avropa səviyyəsinə çatması üçün öncə uşaq futbolunu diqqətdə saxlamaq lazım olduğunu deyib: “4-5 yaşından uşaqları futbolla məşğul olmağa cəlb etmək lazımdır. Uşaq futbol məktəbləri çoxaldılmalı, orada savadlı və yüksək intellektual səviyyəyə malik mütəxəssislər fəaliyyət göstərməlidirlər. Müvafiq yaş qruplarına aid turnirlər keçirmək önəmlidir. Hər bir futbol klubunun özünün akademiyası olmalı, orada təhsillə futbol məşqləri birləşdirilməli, idman cəmiyyətləri daha çox yaradılmalı, klubları olmasa belə, uşaq futbol məktəbləri olmalı, futbol akademiyalarına bizim futbola yaxın olan ölkələrin yüksək səviyyəli mütəxəssisləri dəvət edilməlidir. Azərbaycanda çoxlu istedadlı, gələcəyi parlaq uşaqlar var. Onların potensiallarını açmaq üçün mütəxəssislər yetişdirilməlidir. Hər bir klubun infrastrukturu olmalıdır. Əsas komandanın taktiki sisteminə uyğun olaraq başqa yaş qrupları da eyni zamanda məşq etməlidirlər. Bunlarla yanaşı, təhsil, qidalanma, məşq prosesləri düzgün təşkil edilməlidir. Eyni zamanda nəzərə alsaq ki, futbol özündə intellektual bacarığı da birləşdirir, onda gənc nəslin ümumi təhsil səviyyəsinə də ciddi yanaşılmalıdır. Bu və digər amilləri yerinə yetirə bilsək, Azərbaycan futbolunun gələcəyi üçün yaxşı idmançılar yetişdirə biləcəyik”.