Son illər həm dövlət dəstəyi, həm də öz vəsaiti hesabına xarici ölkələrə təhsil arxasınca yollanan gənclərimizin sayı çox oldu.
Lakin iki il öncə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı fəaliyyət dövrünü başa vurduğu üçün indi hər şey təhsil arxasınca gedən gənclərin özlərindən və valideynlərindən asılıdır.
Təəssüf ki, bəzən maliyyə imkanları məhdud olan istedadlı gənclər istədiyi yerlərdə arzuladıqları təhsili ala bilmirlər. Elə gənclərdən biri BAKU.WS saytına üz tutub, kömək üçün müraciət edən İlham Şaxverdiyevdir. O, 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Heydər Əliyev adına Müasir Təhsil kompleksini Qızıl medalla bitirərək, elə həmin il Qafqaz Universitetinin Kimya mühəndisliyi fakültəsinə 655 balla daxil olub.
Qafqaz Universitetində oxuduğu müddətdə iki dəfə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təqaüdə layiq görülüb. 2014-cü ildə təhsilini davam etmək üçün Birləşmiş Krallığın Sheffield Universitetinə müraciət edərək, qəbul olub. Təhsilini maliyyələşdirmək üçün 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təqaüd qazanıb.
Sheffield Universitetində oxuduğu müddətdə yüksək nəticələri ilə fərqlənib və müəllimləri tərəfindən aparılan elmi tədqiqatlarda iştirak üçün dəvət alıb. 2016-cı ildə Taylor tədqiqat qrupunun tərkibində enzimlərin sənayedə tətbiqi ilə bağlı araşdırma aparıb və bu tədqiqat işi fakültə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Bakalvr təhsilini fərqlənmə ilə başa vurub, London İmperial Kollecinə Kimya mühəndisliyi (Advanced Chemical Engineering with Process System Engineering) üzrə Magistr proqramına qəbul olub. İlhamın adı çəkilən kollecdə oxumaq üçün təqaüdə ehtiyacı var.
İlham deyir ki, təhsil aldığı ali məktəbdə müxtəlif ölkələrdən gələn imkansız tələbələr var. Amma onların ölkələrində istedadlı tələbələri böyük şirkətlər, holdinqlər maliyyələşdirir. Həmin tələbələr də təhsil aldıqdan sonar ölkələrinə qayıdıb, onların təhsilinə pul ayırmış şirkətdə çalışırlar. İlham özü də belə şərtlərlə təqaüd almaq niyyətindədir. Amma ölkəmizdə hansı şirkətin belə fəaliyyətlə məşğul olduğunu bilmir. İlham deyir ki, ona evini girov qoymaq müqabilində təqaüd verə bilən şirkət var. Lakin yaşadığı evin sənədləri qaydasında olmadığı üçün bunu etmək də onun üçün problemdir. Biz də öz növbəmizdə bu istedadlı, perspektivli gəncin müraciətini işıqlandırmağı özümüzə borc bildik.