Toğrul Əsgərov: Mən legioner deyiləm, azərbaycanlı balasıyam!

764
Toğrul Əsgərov: Mən legioner deyiləm, azərbaycanlı balasıyam!

“Bir həftədir Türkmənistan millisinə keçməyimlə bağlı müzakirələr gedir”.

Mynews.az Report-a istinadən xəbər verir ki, bunu sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov deyib.

O, artıq Vətəndə olduğunu bildirib: “Zədəmlə bağlı Azərbaycanda olmadığım üçün Vətənə dönəndən sonra fikir bildirəcəyimi söyləmişdim. Artıq Vətəndəyəm. “Mənə dəstək verən, inanan hər kəsə təşəkkürümü bildirirəm. Bununla yanaşı, məsələnin nədən ibarət olduğunu bilmədən, araşdırmadan şayiələrə inanıb özümə qarşı tənqidi münasibətə çox üzüldüm”.

Güləşçi deyib ki, Bakıdan Türkmənistan millisinə dəvət olunduğu üçün getməyib: “Qonşu ölkəyə dəvət olunan şəxsi məşqçim Elman Əsgərov olub. Məşqçimlə birgə Aşqabada getmişəm. Orada məni gördükdə millilərinə dəvət ediblər. Mən bu dəvətə müsbət cavab verməmişəm”.

T.Əsgərov onu da əlavə edib ki, son 5-6 ildə Koreya, Türkiyə, digər ölkələrdən maddi baxımdan çox sərfəli təklifləri olub. Onun sözlərinə görə, Azərbaycanı tərk etmək istəsəydi, çoxdan gedərdi: “Hər zaman doğma Vətənimi üstün tutmuşam. Bu addımım xalqıma olan sevgi ilə yanaşı, dövlətimizin, prezidentimiz İlham Əliyevin idmana, şəxsən bizə, mənə olan qayğısı, münasibətinin nəticəsidir. Nazirlik, Milli Olimpiya Komitəsi, federasiya, “Neftçi” cəmiyyəti də öz köməyini əsirgəməyib. Bunun qarşılığında Avropa, dünya, olimpiya çempionluqlarını qazanaraq bayrağımızı qaldırmışıq, himnimizi səsləndirərək xalqımızı, dövlətimizi sevindirmişik”.

Olimpiya çempionu yarışlara pulu düşünərək çıxmadığını da vurğulayıb: “Milyonlarla pul qazandığımızı deyirlər. Mən Azərbaycan övladı olaraq döşəyə xalqımı, bayrağımı, himnimi düşünüb çıxıram. Pulla uğur qazanılmır. Şəxsi məşqçimlə yanaşı, digər əməyi keçənlərin, gecə-gündüz məşqlərdəki əziyyətimiz sayəsində çempionluqlar əldə olunur. Pulu düşünərək dünya səviyyəli idmançı olmaq mümkün deyil. Uğurlarımızın qarşılığı dövlətimiz tərəfindən ödənilirsə, biz ancaq təşəkkür edə bilərik. Heç yerdə dünya səviyyəli lider idmançıların pulunu saymırlar. Xalqın, dövlətin başını uca etdiklərinə görə onlarla fəxr edirlər. Çempion olmaqla yanaşı, davranışımla, böyük-kiçik yeri bilməyimlə başqalarına nümunə olmağa çalışıram. Gənc olmağıma baxmayaraq, bilirəm ki, yüz minlərlə insanımız bizdən örnək götürür. Biz idmançılar gənclərimizə hərtərəfli nümunə olmalıyıq”.

Əsgərov zədəni Hindistanda alması ilə bağlı fikirlərə münasibət bildirərkən, həmin yarışa Azərbaycan Güləş Federasiyasının razılığı ilə qatıldığını da söyləyib: “Biz özbaşına deyilik. Hindistandakı yarışa federasiyamızın rəsmi icazəsi ilə qatılmışam. Peşəkar idmançı həyatı çox ağırdır. Zədələr daimi olur. Karyeram ərzində dəfələrlə ağır əməliyyatlardan çıxmışam. Bunun ağrısını biz çəkirik. Demək olar, 2014-cü ildən ciddi zədələrlə yarışlara çıxmağa məcbur oluram. Bunu federasiya, məşqçi, həkimlər, güləşçi dostlarım, komanda yoldaşlarım yaxşı bilir. Bəzi yarışlarda istədiyim nəticələri qazanmamağım ciddi zədələrimin olmasına görədir. Fikirlər dolaşır ki, əməliyyatımın xərcini özüm çəkməliyəm. Biz idmançılar çəkdiyimiz əziyyətləri onsuz da maddi, mənəvi, psixoloji - hərtərəfli çəkirik. Dünya səviyyəli idmançıların yüksək nəticələr qazanmaları üçün məşq, yarışlardan başqa heç bir problemi, qayğısı olmamalıdır. Bu, bütün idman növlərinə aiddir. Yüz milyonlarla dollar qazanan idmançıların əməliyyat, müalicə, bərpasının xərcini klub, federasiya ödəyir. Bu, qanunla bağlanmış müqavilələrdə də öz əksini tapır. Bura yaşayış, qidalanma, vitaminizasiya, həkim nəzarəti, digər tələb olunan şəraitlər də daxildir. Peşəkar idmançının bir qayğısı olmalıdır, nəticə göstərmək, çempion olmaq!”

25 yaşının olduğunu deyən sərbəst güləşçi karyerasının hələ irəlidə olduğunu xatırladıb. O, növbəti hədəflərini də açıqlayıb: İstəyim, arzum bundan sonra minimum iki olimpiadada medallar qazanaraq xalqımı yenidən sevindirməkdir. Bu nəticələri yenidən qazanmaq üçün ilk növbədə sağlam idmançı olmalısan”.

Əsgərov İstanbulda əməliyyat olunmasından narazılığını da dilə gətirib: “Mən legioner deyiləm, Azərbaycanlı balasıyam! Bu gün Toğrul Əsgərov niyə Avropa, Amerikanın aparıcı klinikalarında deyil, məcburiyyətdən Türkiyədə müayinə olunur məsələsi müzakirə olunmalıdır. Hər gün olimpiya çempionları yetişmir. Bizim ilk olaraq xalqımızdan mənəvi, psixoloji dəstəyə ehtiyacımız var. Növbəti olimpiya çempionluqlarını qazanmaq üçünsə peşəkar idmançıya tələb olunan şəraitin yaradılması mütləqdir. Bu, hansısa idmançının kaprizləri deyil, dünyada qəbul olunmuş qaydalardır”.

Güləşçi onu da qeyd edib ki, şəxsi məşqçisi Elman Əsgərovun Türkmənistan millisinə dəvət olunması qürurvericidir: “Məşqçilərin başqa ölkələrdə çalışması normaldır. İstəyimsə məşqçimin doğma vətənimdə məni növbəti Avropa, dünya çempipnatları, olimpiadalara hazırlaması olar. Bütün Azərbaycan, xalqım bilsin, problemlərimin olmasına baxmayaraq, maddi tərəfdən qat-qat yüksək çox ciddi təkliflərim olub, bu gün də var. Bunlara baxmayaraq, doğma vətənimdən başqa heç bir ölkəni təmsil etmək istəmirəm və heç vaxt belə fikirdə olmamışam. Belə fikirdə olmağımda şəxsi məşqçim də hər zaman yanımda olub. İnanıram ki, Azərbaycanda da mənə dəyər verdikləri kimi yenə istəyirlər. Azərbaycan bayrağını ucaltdığıma görə qürur duyuram!”

Güləşçi sonda bildirib ki, Ali Baş Komandan səfərbərlik əmri verəcəyi halda, güləşdiyi döşəyi doğulduğu Gəncədən görünən Murovdağın qarlı səngərinə dəyişib, olimpiya çempionu kimi Azərbaycan uğrunda şəhidlik zirvəsinə ucalmağa hazırdır. 

Xəbər lenti