Ötən gün Danimarkanın “Kopenhagen” komandası ilə cavab oyununa çıxan və ilk dəfə Azərbaycandan Çempionlar Liqasının qrup mərhələsinə düşən “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov təəssüratlarını bölüşüb.
Mynews.az teleqraf.com-a istinadən həmin müsahibəni təqdim edir.
- Qurban müəllim, adınız dillər əzbəri olub. Əvvəla, təbrik edirik…
- Təbriklərə mən də qoşuluram. Bütün Azərbaycan xalqını təbrik edirəm. “Qarabağ”ın qələbəsi Azərbaycanın qalibiyyətidir.
- Bu oyundan sonra hansı hissləri yaşayırsınız? Nə deyə bilərsiniz?
- Hisslərimi sözlə ifadə etmək çətindir. Dünəndən bunu bacara bilməmişəm. Bir söz deyə bilərəm ki, sevinirəm... Bu, çox vacib oyun idi, çox vacib qələbə idi. Bu, Azərbaycan tarixində bir ilk idi. Azərbaycan futbolunun inkişafı naminə böyük addım atıldı.
- İlk hissədə komandamıza qol vurmaq üçün nə mane oldu? Yaxud nə çatışmadı?
- Futbol elə bir oyundur ki, hər gördüyün həyəcanlı epizod qolla nəticələnmir. Mən buna çatışmazlıq desəm, düzgün olmaz. Birinci hissədə bir az zəif oyun oldu. Amma oyunçularımız özlərini tez toparladılar.
- Fasilədə hansı taktiki tapşırıqlar verdiniz?
- Fasilədə bəzi oyunçulara əlavə tapşırıqlar verildi. Çox yox, kiçik dəyişikliklər etdik. Amma ümumən, komandanı daha diqqətli olmağa çağırdım. Topa və qapımıza sahib çıxmağı tələb etdim. Şükürlər olsun Allaha, oyun ümumən pis alınmadı.
- Mahir Mədətovun keçən oyundakı qolunun qələbədə danılmaz rolu oldu…
- Ümumiyyətlə, hər oyunçunun hər oyunda üzərinə xüsusi vəzifə qoyulur. Bir oyunda Mahir qol vurur, digərində Dino, başqa bir oyunda Qarayev... Futbol elə oyundur ki, bəzən bircə qol hər şeyi həll edir. Bakıdakı oyunda vurulmuş qol bu oyuna da təsir göstərdi. Birincisi, bizə ruh yüksəkliyi verdi, ikincisi “1-2” hesabı ilə Çempionlar Liqasına düşməyimizə səbəb oldu.
- Rəqibin üçüncü qolu vurmaq təhlükəsi böyük idimi?
- Təhlükə vardı. Çünki “Kopenhagen” öz meydanında oynayırdı. Çox istəkli idilər... Şansları da yüksək idi. Ələlxüsus, taktiki hücum vəziyyətlərində bu təhlükə daha çox idi. Amma biz çalışdıq və bunun qarşısını aldıq.
- Sizcə, oyunçulara kömək olan əsas amil nə oldu?
- Futbolçuların oyunda xüsusi diqqətli oynamaları əsas amil idi. Cərimə meydançasından neçə oyunçu gəlirdisə, bizim əsas məqsədimiz onların hər birinə nəzarət etmək və onlara imkan verməmək idi. Bu mənada, oyunçularımız öz vəzifələrinin öhdəsindən layiqincə gələ bildilər.
- Rəqib komandanın güclü azarkeş təzyiqi haqda nə deyə bilərsiniz?
- Azarkeş təzyiqi güclü idi. Amma ilk dəfə deyildi, biz belə güclü rəqib meydançasında və azarkeş qarşısında oynayırdıq… Dəfələrlə belə çevrədə oynamışıq.
Əlbəttə, oyuna azarkeş təsiri də olur. Oyunçularımız bu basqını hiss edirdilər. Amma biz sırf oyuna köklənməyə çalışırdıq.
- Matç öncəsi oyunçulara son sözünüz nə olmuşdu?
- İnanın ki, xatırlamıram... Çünki bir az emosional və həyəcanlı idik. Futbolçuları dəfələrlə diqqətli olmağa, oyunun içində olmağa və idarəetməni itirməməyə çağırırdım. Oyundan öncə tapşırıq verəndə ancaq nəzarəti əldən buraxmamağı tapşırırdım.
- Yaxşı, oyun bitdikdən sonra oyunçulara ilk olaraq nə dediniz?
- Bu, ümumiyyətlə, yadımda deyil. (Gülür). Onu bilirəm ki, sevincdən qəhər məni boğdu, göz yaşlarına tutuldum. Əlbəttə, oyunçuları təbrik edə bildim…
- Çempionlar Liqasının qrupunda hansı komandalarla qarşılaşmaq istərdiniz?
- Düzü, bu, istəklə deyil. Liqaya düşən bütün komandalar güclüdür. “Qarabağ” da ən güclülərdəndir. İnşallah, uyğun oyun qurmağa çalışacağıq.
- Qurban müəllim, bu qələbə ilə bir məşqçi olaraq diqqətə çıxdınız. Başqa klublardan təklif almaq ehtimalı böyükdür. Nə vaxtsa hansısa kluba müsbət cavab verə bilərsiz?
- Bəlkə, bu gün bir az istirahət edək?.. Biz hər zaman bacardığımız qədər çalışırıq ki, “Qarabağ”ın uğurları artsın. Azərbaycan irəliləsin!
- Amma azarkeşlərin, sosial şəbəkənin minlərlə istifadəçilərinin narahatlığı var ki, Qurban Qurbanov bundan sonra “Qarabağ”dan gedə bilər.
- Yox, elə bir fikrim yoxdur. Ümumiyyətlə, heç vaxt olmayıb. İndiyə qədər “Qarabağ”la olmuşam, bundan sonra da başqa fikrə düşməyəcəm...