"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
- “Qəbələ”ni təbrik edirəm. Hər iki komanda üçün vacib oyun idi. Ümumən, oyunun gedişindən razı qaldım. “Qəbələ”, həqiqətən də, yaxşı oyun sərgilədi. Çempionat davam edir. Qarşıda da vacib oyunlar olacaq. Bu məğlubiyyəti analiz edib, növbəti görüşlərə hazırlaşacağıq. İlk qol təmiz idi, məncə. Düşünürəm ki, epizodda yan hakim oyundan kənar vəziyyət olduğunu düşündü və yəqin ki, Fariz Yusifov da deyəndə ki, rəqibin bədənindən gedib, onda da qol qeydə alındı.
- Futbolumuzun inkişafı üçün belə oyunlar tez-tez olmalıdırmı?
- Əlbəttə, belə oyunlar nə qədər çox olsa, bir o qədər yaxşıdı. Futbolçuların inkişafı üçün vacibdi.
- Son vaxtlar hakimlərin qolu əvvəlcə saymayıb, sonra hesaba alması tez-tez yaşanır. Bununla bağlı nə deyə bilərsiz?
- Bu oyun bizim “İnter”lə oyuna oxşadı. Ola bilsin, hakimlər o epizodu görmədilər. Mən epizoda, ümumiyyətlə, fikir vermədim. Fariz Yusifov öz köməkçiləri ilə məsləhətləşdi. Bu epizoda görə onlara “5” düşür.
- Heyətlə bağlı itkiləriniz olmasaydı, bu gün hansı nəticə qeydə alınardı?
- Hücum xəttimizdə daha bir futbolçu olsaydı, yaxşı olardı. Belə oyunlarda vacib məqamdı. Əfsuslar olsun ki, biri cəzalı, digəri zədəli idi. Biz belə hallarla razılaşmalıyıq.
- Narazı qaldığınız məqamlar hansılar oldu?
- Hər oyun narazı qaldığım məqamlar olur. Hətta qalib gəldiyimiz matçlardan sonra da bu hal yaşanır. Bu gün də səhv edən futbolçular oldu.
- Demək olar ki, mübarizə bundan sonra başlayacaq?
- Mübarizə çoxdan başlayıb. Sadəcə, bu oyundan sonra daha da qızışdı. Məğlub olduğumuz matçlardan sonra futbolçulara daha asan motivasiya verirəm. Onlar arxayınlıqdan uzaq olurlar. Düşünürəm ki, çempionluq mübarizəsi son tura kimi davam edəcək.
- Bu gün “Qəbələ” azarkeşləri müxtəlif pankartlar açdılar. Onların sırasında “Zirə” ilə zirvəyə” pankartı da var. Sizcə, bu söhbətlərin əsasında nə dayanır?
- Bizim tərəfimizdən heç bir şey yoxdu. Rəşad Sadıqov televiziya proqramında çox yaxşı çıxış edib. Əfsuslar olsun ki, bizi tanıyanlar belə fikirlər ortaya atırlar və bu, insana pis təsir edir. Rəşadı məndən də yaxşı tanıyan var. Bu cür insanlar haqda belə fikir ortaya atmaq mənə çatmır. Amma narahat deyiləm. Şadam ki, Rəşad kimi dürüst, təmiz dostum var. Biz burda olduğumuz müddətdə heç vaxt, hətta qardaşımla da danışılmış oyunlar olmayacaq. Bizi tanıyan insanlar rahat ola bilərlər. Bizim öz yolumuz var, həmişə çalışmışıq ki, ilk növbədə, öz işimizə dəyər verək.
- Bu cür söz-söhbətlər futbolçulara necə təsir edir?
- Əlbəttə, onlara təsir edir. Amma sizinlə necə danışıramsa, onlarla da elə danışıram. Onlar görürlər ki, mən futbolçularıma inanıram.
- Bu gün qeydə alınan nəticədə 12-ci oyunçunun təsiri oldumu?
- 12-ci oyunçu vacibdi. Amma bizim də azarkeşlərimiz gəlmişdi. Sayları az olsa da, onlar da bizi sona qədər dəstəklədilər.
- Bugünkü məğlubiyyətdə özünüzdə hansısa günah görürsüzmü?
- Mən həmişə özümdə günah axtarıram. Amma özümdə hansı günah gördüyümü açıqlaya bilmərəm. Bəlkə nəsə çatışmazlığımız olub. Bunu öz kollektivimiz arasında müzakirə edəcəyik. Əgər məğlub olmuşuqsa, başda mən olmaqla, futbolçular da günahkardı.