Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsindəki idarəçiliyi narazılığa səbəb olub.
Mynews.az Report-a istinadən xəbər verir ki, evdə Serbiyaya 1:3 hesabı ilə uduzan Avstriya yığmasının baş məşqçisi Verner Qreqoriç və komandanın kapitanı Konrad Laymer baş hakimin matçın nəticəsinə təsir edən səhvə yol verdiyi qənaətindədirlər.
Onların fikrincə, Ağayev matçın 86-cı dəqiqəsində, hesab 1:1 olan zaman Avstriya yığmasının qapısına yanlış penalti təyin edib. Qriqoriç bildirib ki, referi 11 metrlik nöqtəni göstərməklə düz etməyib: “Həmin epizodda qayda pozuntusu yox idi. Oxşar vəziyyət Rusiya ilə oyunumuzda da baş vermişdi. Vacib oyunlarda iki penalti. Bu cür hallar futbolda tez-tez olur”.
Penaltiyə səbəb olan kapitan isə deyib ki, bu cür oyunda uduzmaq ağırdır. Laymerin sözlərinə görə, o, topa rəqibin ayaqları arasında toxunsa da, referi qayda pozuntusu qeydə alıb.
Avstriyalıların narazılığına rəğmən, oyunun videoicmalına baxan zaman Ağayevin penalti epizodunda səhvə yol vermədiyini görmək olar. Laymer cərimə meydançasında Saşa Lukiçə qarşı açıq-aşkar kobud oynayır və Azərbaycanlı FİFA referisi haqlı olaraq 11 metrlik nöqtəni göstərir.
Serbiya yığması hazırda 12 xalla VII qrupun lideridir. Hesabında 6 xal olan Avstriya millisi isə 4-cü sıradadır.
Qeyd edək ki, noybarın 10-da baş tutmuş matçda hesabı qonaqlar açıb, 30-cu dəqiqədə Aleksandr Lutovats fərqlənib. Qaşılaşmanın 80-ci dəqiqəsində Konrad Laymer tarazılığı bərpa etsə də, 7 dəqiqə sonra Luka Yoviç penaltidən fərqlənib. 90+1-ci dəqiqədə isə Luka İliç yekun nəticəni müəyyənləşdirib – 3:1.
Bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.