Yola saldığımız 2017-ci il Azərbaycan güləşçiləri üçün necə yadda qaldı?
Mynews.az bu suala aydınlıq gətirmək üçün rəsmi rəqəmlərə baş vurub.
Yığma komandalarımızın üzvləri 2017-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və Dünya çempionatları və IV İslam Həmrəyliyi Oyunlarında 33 qızıl, 29 gümüş, 37 bürünc olmaqla, toplam 99 medal qazanıb. Son 9 ilə nəzər saldıqda, rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük. Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal, 2016-cı ildə 86 medal qazanıb.
Böyüklər
İlin əvvəlində Dünya Kuboku yarışlarına qatılan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız ənənəyə sadiq qalaraq ilk üçlükdə qərarlaşıb. İran İslam Respublikasında keçirilən yarışları yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilərimiz isə üçüncü sırada başa vurub.
Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz ili uğurla başlayıb. Sərbəst və qadın güləşçilərimiz komanda hesabında 2-ci nəticə göstərib.
Paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını güləşçilərimiz 12 qızıl, 6 gümüş və 5 bürünc medalla başa vurub.
Fransanın paytaxtı Parisdə keçirilən Dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Yığmalarımız çempionatı 1 qızıl və 2 bürünc medalla başa vursa da, sərbəst güləşçi Hacı Əliyevin üçüncü dəfə Dünya çempionu adını qazanması ilə güləş tariximizdə yeni səhifə yazılıb.
Litvanın Klaypeda şəhərində keçirilən hərbçilərin Dünya çempionatını pəhləvanlarımız 2 qızıl, 3 gümüş və 6 bürünc medalla tamamlayıb. Sərbəst güləşçilərimiz komanda hesabında dünya üçüncüsü olub.
U-23
Macarıstanın Sombathey şəhərində keçirilən 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatını komandamız 5 qızıl, 1 gümüş və 5 bürünc medalla tamamlayıb. Medal əyarına görə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb, komanda hesabında isə yığmamız Avropa üçüncüsü olub.
Polşanın Bıdqoş şəhərində tarixdə ilk dəfə keçirilən 23 yaşa qədər güləşçilərin Dünya çempionatında isə yığmalarımız 5 bürünc medal qazanıb.
Gənclər
Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında pəhləvanlarımız ümumilikdə 3 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz komanda hesabında 2-ci nəticə göstərib.
Finlandiyanın Tampere şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.
Yeniyetmələr
2017-ci il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində təşkil edilən Avropa çempionatında 10 (4 qızıl, 3 gümüş və 3 bürünc) medal qazanıb. 2016-cı ildə olduğu kimi, ötən il də sərbəst güləşçilərimiz komanda hesabında ikinci olub.
Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya çempionatında da güləşçilərimiz 10 (3 qızıl, 5 gümüş və 2 bürünc) medal qazanıblar. Komanda hesabında isə sərbəst güləşçilər 3-cü nəticə göstərib.
Bundan başqa, yığma komandalarımız 2017-ci ildə iştirak etdikləri digər beynəlxalq turnirlərdə 195 medal qazanıb. Bu medalların 61-nin əyarı qızıl, 40-ı gümüş və 94-nün əyarı isə bürünc olub.
Beləliklə, 2017-ci il ərzində güləşçilərimiz 294 (94 qızıl, 69 gümüş, 131 bürünc) medal qazanıb. Bu medallardan 136-sı yeniyetmə, 51-i gənc güləşçilərin payına düşür. U-23 Avropa və Dünya çempionatlarında 16 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 91 medala sahib olub. İl ərzində əldə etdiyimiz medalların 156-nı sərbəst, 102-ni yunan-Roma güləşçiləri qazanıb, 36 medal isə qadın güləşçilərin payına düşüb.