FIFA dərəcəli sabiq referi, “Neftçi” klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanov futbol üzrə Millətlər Liqası barədə fikirlərini bildirib.
Mynews.az xəbər verir ki, o, bu formatı tənqid edib və Azərbaycan kimi zəif millilərin ziyanına olduğunu qeyd edib:
“Avropa Millətlər Liqasının püşkü atıldı. Yeni turnirdir. Zəif millilərə final yolunda bir vəsiqə üçün əlavə şansdır. Eyni zamanda, Avropa futbolunda təbəqələşmənin, monopolistlər tərəfindən zəiflərin qəbul olunmamasının təsdiqi baş verdi.
Çoxdan idi böyük futbol dövlətləri UEFA-ya təzyiq edir, zəiflərlə qarşılaşmaq istəmir, uzun səfərləri qəbulolunmaz sayırdı. Bu, onlara həm futbol, həm də kommersiya baxımından sərf etmirdi. Böyük millilərlə qarşılaşmaq zəiflərə sərf edir. Məğlubiyyətlər qaçılmaz olsa da, yaxşı maliyyə əldə olunurdu.
Son onillikdə ilk dəfədir ki, UEFA sponsorsuz yarış təşkil edir. Millətlər Liqasında millilər ixtiyar sahibidir. Əlavə vəsait əldə etmək üçün qaydalar çərçivəsində istəklərinə uyğun istənilən addımı ata biləcəklər. Almaniya, İngiltərə, İspaniya, İtaliya, Fransa və digər aparıcı futbol ölkələrinə bu sərfəlidir. Sponsor, teleyayım, azarkeşlərdən külli miqdarda gəlir əldə edəcəklər.
Zəiflər isə daha da zəifləyəcək. Əsasən də ən zəiflərin liqasında...
Təsəvvür edin, qrupumuzda baş tutacaq oyunlara hansı sponsor, televiziya marağı ola bilər?! UEFA hörmət əlaməti olaraq liqadaları rəqəmlərə bölməyib. Biz bölək: Sonuncu liqa Avropanın dördüncü liqası deməkdir. “Gedin, bacardığınız futbolu oynayın, əl-ayağa dolaşmayın” deməkdir. Şərhə ehtiyac qalmır.
Gələcəkdə belə bir addım klub futbolunda da atıla bilər. Söz-söhbətlər səngimir. “Real”, “Bayern”, “Çelsi”, “Barselona” və digər nəhənglər Azərbaycan, Qazaxıstan kimi ölkələrə səfər etmək istəmirlər. Böyük futbol çoxdandır böyük biznesə cevrilib. Uzun məsafə, rəqiblərin zəifliyi, sponsor marağının olmaması bunları şərtləndirir. Heç kim 100 milyonlarla qiyməti olan futbolçularını riskə atmaq istəmir.
Millətlər Liqasının Azərbaycan üçün yeganə üstünlüyü bir vəsiqəni əldə edib böyüklər arasına can atması olar. Əks halda palçıqda olan futbolumuz daha da geriləyəcək, sabaha ümid tükənəcək.
İndidən strateji olaraq bunlar təhlil olunmalı, final yolunda önəmli addımlar atılmalıdır.
Artıq rəqiblər “böyüdülür”, “sığorta” şirkətləri işə düşür, baş verə biləcək uğursuzluq təbliğ olunur. Bu, uğursuzluq yox, fiasko olar.
Əgər Farer adaları, Kosovo, Malta millilərindən qorxulacaqsa, onda Almaniya, Çexiya, Norveç qarşısında “niyə də yox” nə idi?!
Kosovonun legionerləri var, bir adada soyuq, bir adada isti olacaq, üç günə iki oyun oynanılacaq. Sonra? Heç kimi bunlar maraqlandırmır və maraqlandırmamalıdır da.
Son 10-12 ildə Azərbaycan futboluna yatırılan vəsaitlə tək futbolu deyil, Kosovo, Farer adalarını gül-çiçəyə çevirmək olardı. Rəqibləri “böyütmək” yox, bunun haqqını tələb etmək lazımdır. Haqqın ödənilməsi, bataqlıqdan çıxmağın tək yolu isə Avro-2020-nin final mərhələsi olmalıdır.
Son vaxtlar Azərbaycan futbolu Rusiya, Türkiyə ilə müqayisə edilərək bizlərin əhali potensialımız qabardılmışdı. Kökündən yanlış fikirlərdir. Xorvatiya, Uruqvay, heç 300 minlik İslandiyanı yada salan olmadı. Farer adaları, Malta, Kosovonun isə toplam əhalisi Azərbaycan qədər deyil.
Bəhanələr kənara qoyulmalı, xərclənən milyonların qarşılığı verilməlidir.
Azərbaycan dünyada palçıq vulkanları ilə zəngin olan yeganə ölkədir. Ya finalları təmin edib 70 minlik BOS-da xalqımız sevinməli, ya da futbola cavabdehlər palçıq vulkanlarında palçığa batırılmış futbolumuzun hesabatını verməlidirlər.
Kifayət qədər zaman, kifayət qədər vaxt var.
Uğurlar, Azərbaycan!”