Cahangirov Antalyada dava saldı "Kəpəz" biabırçı hesabla uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz” bu gün Antalyadakı hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Qaynarinfo komanda.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi Polşanın "Yagelloniya” klubu ilə qarşılaşıb.
Matçın ilk hissəsinin sonlarında hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. "Kəpəz”in futbolçusu Tərzin Cahangirov rəqib oyunçu ilə mübarizə zamanı yerdə qalıb. Həm hesabın biabırçı olmasından, həm də rəqibin sərtliyindən bərk əsəbləşən gəncəlilərin oyunçusu ayağa duraraq "Yagelloniya”nın futbolçusuna hücum çəkib. İki oyunçu arasındakı davaya digər komanda yoldaşları da qoşulub. Hətta ehtiyat skamyada əyləşənlər də dərhal meydana axışıblar. Bu üzdən də matçın baş hakimi görüşün ilk yarısını 43-cü dəqiqədə başa vurmalı olub.
Öncə matçın yarıda qalacağı gözlənilsə də, son anda komandalar ikinci hissəni də oynamağa qərar veriblər.
Qeyd edək ki, "Kəpəz” bu matçın ilk 40 dəqiqəsi ərzində 7 cavabsız qol buraxıb. (Komanda.az)