Azərbaycanda paralimpiya hərəkatının yaranmasından 22 il ötür.
Azərbaycan Paralimpiya hərəkatının yaranma tarixi Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir.
Mynews.az xəbər verir ki, 1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman salnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaranma tarixi kimi daxil olub.
Həmin gün Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilib, Konqresdə İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilib.
İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak ediblər. Ümummilli lider Heydər Əliyev Paralimpiya Oyunlarına yola düşən paralimpiyaçılarımızla görüşərək onlara uğurlar arzulayıb.
2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində ümummilli lider Heydər Əliyevin idmançıların Olimpiya və Paralimpiya Oyunlarına yola salma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmançılarımızla görüşməsi, ölkəmizin idman həyatında böyük dəyişikliklər və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu.
Bunun başlıca səbəbi, hazırda Heydər Əliyev kursunun layiqli davamçısı olan ölkə başçısı cənab İlham 1997-ci ildə Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi oldu. Onun gəlişi ilə Azərbaycan idmanının fəth etdiyi zirvələr göz qabağındadır. Bu mənada, paralimpiyaçıların da diqqətdən kənarda qalmaması , əksinə onlara daim diqqət və qayğının artması özünü yarışların nəticələrində əyani göstərir.
Təsadüfü deyil ki, cənab İlham Əliyev çıxışlarından birində özünü paralimpiyaçıların ən yaxın dostu adlandırıb. Eyni zamanda, elə o vaxt Paralimpiya Komitəsinin prezidentinin, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilməsi təşkilatı məsələlərdə həmrəyliyin və birliyin nümunəsi oldu.
2008-ci ilin avqust ayının 28-də ulu öndər Heydər Əliyevin tapşırığı ilə Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq , Paralimpiyaçılar üçün belə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilib. Tədbirdə cənab prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.
Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətini hiss ediblər. Müntəzəm olaraq, qələbə qazanmış idmançılarımız, məşqçilərimiz prezidentin sərəncamları ilə orden və medallarla təltif olunub. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, İdmançılarımız mənzillər , minik avtomobilləri ilə təmin olunurlar.
Azərbaycanın Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidentı xanım Mehriban Əliyeva da paralimpiyaçı idmançılarımıza daima dəstək olmuşdur. Hazırda 16 nəfər qalib paralimpiyaçı Heydər Əliyev Fondunun təqaüdünü alır.
İkiqat paralimpiya çempionu İham Zəkiyev isə idman sahəsində yeganə şəxsdir ki, Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq Qızıl Çinar mükafatı laureatıdır.
Paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması daim öz bəhrəsini verməkdədir. Respublikamızda paralimpiya hərəkatı genişləndirilib, onun maddi-texniki bazası gücləndirilmiş və qısa müddət ərzində idman növünün sayı 13-ə çatdırılıb.
27 sentyabr 2013 - cü il tarixində Beynəlxalq təcrübədə ilk dəfə olaraq ARMPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Beynəlxalq əlaqələr genişləndirimiş, bir sıra beynəlxalq idman təşkilatları və ölkələrin Milli Paralimpiya Komitələri ilə əməkdaşlıq qurulub, Beynəlxalq Paralimpiya Komitəsi ilə əlaqələr gücləndirilib.
22 il ərzində Azərbaycan Milli Paralimpiya Komitəsi 7 Yay Paralimpiya Oyunlarında iştirak etmişdir. Oyunlarda iştirak edən idmançılar yüksək nəticələr götərərək 38 medal qazanıblar ki, onlardan 9-u qızıl, 18-i gümüş və 11-i bürünc medallardır.
İdmançılar arasında 7 Paralimpiya çempionu vardır ki, onlardan iki nəfəri ikiqat Paralimpiya çempionlarıdır. Bundan əlavə, idmançılardan yeddi nəfəri Dünya, 14 nəfəri Avropa çempionu, yeddi nəfər Dünya Oyunlarının, 12 nəfər İslam Həmrəyliyi Oyunlarının və bir nəfəri Avropa Oyunlarının qalibləridir.
Milli Paralimpiya Komitəsi 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında iştirak üçün hazırlıq işlərinə başlanılıb.
İlkin olaraq Komitə tərəfindən müvafiq kadr islahatları aparılıb və “Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017-2020-ci illər üçün Strateji Fəaliyyət planı” hazırlanıb. Planda Milli Paralimpiya Komitəsinin növbəti dörd il ərzində görəcəyi işlərin istiqamətləri öz əksini tapıb.
22 il ərzində əldə olunmuş nailiyyətlərdə Milli Paralimpiya Komitəsinə ölkə başçısı cənab İlham Əliyev başda olmaqla, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidentı xanım Mehriban Əliyeva, Gənclər və İdman nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Neftçi” idman klubu, UNİCEF-in Azərbaycan nümayəndəliyi, BP Azərbaycan şirkəti, AZERCELL Telekom MMC, Qeyri hökümət təşkilatları, Kütləvi infomasiya vasitələri yaxından dəstək olub.