Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nümayəndə heyəti Formula 1 Azərbaycan Qran Prisini ilk dəfə Beynəlxalq Avtomobil Sərgisində dünya ictimaiyyətinə təqdim etmək üçün ötən həftə İngiltərənin Birmingem şəhərində səfərdə olub. SİA-nın məlumatına görə, Sayca 27-cisi keçirilən bu sərgi 12-15 yanvar tarixlərində 4 gün ərzində davam edib. Beynəlxalq Avtomobil Sərgisi Avropada Formula 1 yarış mövsümü öncəsi qapalı məkanda keçirilən ən böyük avtomobil sərgisi hesab olunur. Ötən illərdə olduğu kimi bu il də sərgidə müxtəlif sürət yarışlarında yer alan avtomobillərin nümayişi ilə yanaşı bütövlükdə avtoidman və avtomobil sektorunda baş verən ən son yeniliklər ictimaiyyətə təqdim olunur.
Formula 1 bolidlərinin nümayiş olunduğu sırada yerləşən Bakı Şəhər Halqasının stendi sərgiyə gələn beynəlxalq ictimaiyyətin, o cümlədən azarkeşlər, media nümayəndələri və avtomobil sektoru üzrə mütəxəssislərin böyük marağına səbəb olub. Stendə gələn ziyarətçilər Formula 1-in ən yeni və ən sürətli şəhər treki haqqında ətraflı məlumat əldə edərək Bakı Şəhər Halqası ilə yaxından tanış olublar.
Stenddə ziyarətçilərə geniş ekranda paytaxt Bakının mərkəzi küçələrində ötən il baş tutmuş ilk Formula 1 yarışının ən maraqlı məqamlarının əks olunduğu videoçarx, Azərbaycanın milli mətbəzindən ən dadlı şirniyyatlar və Bakı haqqında ətraflı məlumat olan broşurlar təqdim olunub. Bununla yanaşı ziyarətçilər Formula 1 simulyatoru vasitəsilə Bakı Şəhər Halqasında öz sürücülük bacarıqlarını sınaqdan keçirmək imkanına sahib olublar. Dörd gün boyunca davam edən sərgi zamanı simulyatorda öz bacarığını nümayiş etdirən ziyarətçilərdən Skot Harrison Bakı Şəhər Halqasını 01:37:437 müddətə dövrə vuraraq stend ziyarətçiləri arasında ən sürətli sürücü ünvanına yiyələnib.
Bundan başqa, Bakı Şəhər Halqasının stend ziyarətçiləri arasında lotereya keçirilib. Dörd min stend ziyarətçinin iştirak etdiyi lotereya çəkilişdə Perri Ovens uduş əldə edib. Uduşa əsasən Perri Ovensə istədiyi şəxslə birlikdə bu yay Azərbaycanın paytaxtına səyahət etmək və 2017 Formula 1 Azərbaycan Qran Prisində iştirak etmək üçün iki bilet təqdim olunub. Təbriklər Perri, inanırıq ki, Bakıda gözəl vaxt keçirəcəksən!
Ümumiyyətlə, BŞH nümayəndə heyətinin Birmingem səfəri çox məhsuldar keçib. Belə ki, bir tərəfdən stenddə Bakı Şəhər Halqası ilk dəfə Beynəlxalq Avtomobil Sərgidə ictimaiyyətə təqdim olunub, digər tərəfdən isə stendə gələn jurnalistlər və media tərəfdaşları ilə üz-üzə görüşlər keçirilərək onlara bu yay Bakıda baş tutacaq növbəti yarış haqqında ətraflı məlumat verilib.
Sky Sports kanalının xəbər aparıcısı Reyçel Braksa 21 yanvar tarixində müsahibə verən BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai əməliyyat şirkətinin Beynəlxalq Avtomobil Sərgisindəki ilk çıxışının nəticələrini yüksək qiymətləndirib: “Beynəlxalq Avtomobil Sərgisində ilk dəfə iştirak edərək möhtəşəm Bakını və Bakı Şəhər Halqasını avtomobil həvəskarlarına yüksək səviyyədə təqdim edə bildiyimizə görə olduqca şadam. Sərgi zamanı stendimizi çox sayda insan ziyarət etdi və onlar gözəl Bakımız haqqında ətraflı məlumat almaq istədiklərini, hətta bu yay Azərbaycana səfər edərək yarışı yerində canlı izləmək istədiklərini ifadə etdilər. Biz çox şadıq ki, ötən il Formula 1 tarixində ən sürətli şəhər treki ünvanına sahib olduq və bizim bu uğurumuz sərgidə ziyarətçilərin maraq göstərdikləri ən əsas məqamə çevrildi. Həmçinin stenddə lotereya çəkilişi keçirdik və uduş Perri Ovensə çıxdı. Biz inanırıq ki, o, bu yay Bakıda yaşayacağı hər andan böyük zövq alacaq!”