11 aprel 2018-ci il tarixdə ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək.
Mynews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçi və idmançılarının iştirakı ilə seçki öncəsi toplantı keçirilib.
AGF-nin I vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə keçirilən görüş zamanı Olimpiya, dünya, Avropa Çempionları və eləcə də gənc güləşçilər prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyəcəklərini qeyd ediblər.
Görüş iştirakçıları ölkə rəhbərliyi tərəfindən idmana göstərilən diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, Azərbaycanın sürətli, dinamik inkişafı bütün digər sahələrdə olduğu kimi, idman sahəsində də özünü göstərib. Heydər Əliyevin memarı olduğu Azərbaycanın daxili və xarici siyasətini davam etdirən prezident İlham Əliyevin sayəsində ölkəmiz beynəlxalq aləmdə həm də idman ölkəsi imicini qazanıb. Dövlət başçısının xüsusilə güləş idman növünə göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan güləşçiləri mötəbər beynəlxalq yarışlarda dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında daima ən yüksək pillələrdə qərarlaşır, bayrağımızı yüksəldir, himnimizi səsləndirirlər.
Firdovsi Umudov və çempionlarımız hər zaman Ali Baş Komandanın əmri ilə döyüşə hazır olduqlarını xüsusi vurğulayıblar. Umudov bildirib ki, ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz və əbədi birlik mövcuddur. Məhz bu birliyin sayəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bütün qüvvələr daima məğlubiyyətə düçar olublar və bundan sonra da onlar öz çirkin niyyətlərinə çata bilməyəcəklər.
Sonda güləşçilərimiz aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərini, İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Bu məqsədlə AGF tərəfindən məşhur güləşçilərimizin iştirakı ilə hazırlanan videocarxda bütün idman ictimaiyyətini və xalqımızı prezident seçkilərində İlham Əliyevə səs verməyə səsləyən çağırışlar yer alıb.