Hamıya yaxşı məlumdur ki, ölkəmizin ən köklü klublarından olan, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan ilk Azərbaycan klubu “Neftçi” bir neçə il idi ki, çox zəif çıxışı ilə diqqət mərkəzində idi. Dəfələrlə rəhbərlik, baş məşqçi dəyişikliyi komandanı pis vəziyyətdən çıxarda bilmirdi. Hər dəfə gərəksiz, ayağı top tuta bilməyən futbolçuların transferləri isə klubun yalnız pullarının boş-boşuna xərclənməsinə səbəb olurdu. Komandanın oyununda isə heç bir irəliləyiş müşahidə edilmirdi. Bunun nəticəsi olaraq, hər zaman çempionluğa iddialı olan “Neftçi” orta yerlər uğrunda da mübarizə aparmaq əzmini itirmişdi. Uzun illər Azərbaycanın ən güclü klubu olan flaqman autsayderlər sırasında idi.
Nəhayət, 2017-ci ildə baş verən növbəti istefalardan sonra, başsız qalan heyətin yalnız oyununda deyil, futbolçular arasında da problemlər yaranmış, klubdaxili münasibətlər çox gərgin həddə çatmışdı.
Həmin dövrdə baş məşqçi kimi dəvət olunan Tərlan Əhmədovun komandanı bu bərbad vəziyyətdən çıxarmaq üçün işi çox çətin idi. O, böyük bir məsuliyyətin olduğunu yaxşı başa düşürdü. Neçə təcrübəli mütəxəssisin xilas edə bilmədiyi komandanı toparlamaq və yaxşı oyun göstərmək üçün yalnız futbol savadı deyil, həm də psixologiyanı, komandada işləməyi, münaqişələri həll etməyi və digər xüsusiyyətləri özündə birləşdirmək lazım idi.
Tərlan Əhmədov özünə güvənərək bu böyük yükün məsuliyyətini boynuna götürdü. Bütün baş məşqçilər ilk növbədə öz qurduğu komanda ilə nəticə göstərməyin sözünü verirlər. Ancaq T.Əhmədov özünün yığmadığı komanda ilə işləməyə razılıq verdi. Çünki klubun maddi durumu yeni futbolçular transfer etməyə imkan vermirdi. Yəni, bütün sadalanan çatışmazlıqlarla yanaşı, klubda maddi durum da ürəkaçan deyildi.
Nəhayət, 2017-ci ilin sentyabr ayında mütəxəssislə müqavilə imzalandı və T.Əhmədov komandanı təhvil aldı. Elə bazaya gəldiyi ilk gündən baş məşqçi psixoloji işlərə başladı. Çünki hər şeyə sıfırdan başlanmalı idi. Müqavilə bağladıqdan sonra işə başladığı ilk gün mediaya müsahibə verən mütəxsəssis komanda ilə ilk təmasdakı fikirlərini belə izah edib: “Rəhbərliklə görüşəndə də bildirdim ki, bu komandada hər şey sıfırdan başlayır. Təsəvvür edin ki, komanda hər bir cəhətdən rəqiblərindən geri qalır. Psixoloji, fiziki, taktiki cəhətlərdən, komanda yoldaşına, özünə, rəhbərliyə, məşqçiyə inamsızlıq var. Gəldiyim iki saat ərzində futbolçularla həm komanda şəklində, həm də təklikdə söhbət etmişəm və inamsızlığın daha çox olduğunu gördüm. Nə özünə inam var, nə komanda yoldaşına. Sanki futboldan küsüblər. İstər-istəməz bunu bərpa etmək böyük bir vaxt tələb edir və bizim də kifayət qədər vaxtımız yoxdur. "Neftçi" də nəticəyə oynayan komandadır. Dörd oyuna bir xal toplamasına baxmayaraq, komanda qarşıdakı oyunları fikirləşir. Klubu uğursuzluqdan çıxarmaq üçün yavaş-yavaş bu problemləri aradan götürmək lazımdır. Birinci növbədə futbolçu özünə, daha sonra komanda yoldaşına inamı bərpa etməlidir və ən əsası məğlub olmaq, rəqibdən qorxmaq hissi aradan qaldırılmalıdır. Bunlar aradan götürüldükdən sonra komanda öz sözünü deyəcək”.
Bəli, T.Əhmədov bütün gücünü qoyaraq komandanın özünə inamını qısa müddətdə bərpa etdi. Futbolçular arasında problemlərə son qoydu və oyunçularda komanda yoldaşlarına inam yaratdı. Məhz onun taktiki və texniki planlarının nəticəsi olaraq komandanın sistemli oyunu yarandı. Futbolçular fərdi oyuna yox, kollektiv oyununa üstünlük verməyə başladılar. T.Əhmədovun rəhbərliyi ilə artıq komadadaxili çəkişmələrə son qoyuldu və oyunçular yalnız futbol oynamaq haqda düşündülər.
Bütün bu və digər işlər öz bəhrəsini verdi və “Neftçi” tezliklə maraqlı, əzmkar oyunu, uğurlu nəticələri ilə azarkeşlərini sevindirməyə başladı. Bir müddət sonra isə “Neftçi” çempionatın ən iddialı, tunir cədvəlinin lideri olan komandalara baş ağrısı oldu və hətta onlardan üstün oyun göstərdi. Premyer Liqanın autsayderi olan “Neftçi” hazırda ilk üçlükdə qərarlaşıb. Bütün bu inkişafı, keçilən uğurlu yolu, nəticələri görməmək mümkün deyil.
Mediada yayılan məlumatlara görə isə, bir müddət öncə “Sumqayıt” klubunun prezidenti olan Kamran Quliyev bu il fevralın 16-dan “Neftçi”nin prezidenti kimi fəaliyyətə başladıqdan sonra T.Əhmədovla heç cür “ulduzu barışmır”. O, mətbuata açıqlamasında mövsümün sonuna qədər müqaviləsi olan baş məşqçinin yanında olduqlarını, T.Əhmədovun klubda işini davam etdirib-etdirməyəcəyinə müqavilə bitdikdən sonra qərar veriləcəyini bildirmişdi. Bir baş məşqçinin işini təhlil edərkən onun çalışdığı zamanda gördüyü işlər, komandanın keçdiyi yol, çempionatda və kubokdakı nəticələr mütləq şəkildə araşdırılır. Bütün bu prosesləri isə “Neftçi” T.Əhmədovun baş məşqçi təyin olunmasından sonra qısa zaman kəsiyində uğurla keçib. Ümumi işin nəticəsi olaraq çempionatın autsayderi olan “Neftçi” hazırda turnir cədvəlinin üçüncü pilləsində yer alıb.
Ancaq görünən odur ki, baş məşqçinin komandada apardığı uğurlu işlər, “Neftçi”nin qısa zamanda toparlanıb göstərdiyi əzmkar oyun, yüksək nəticələr, I Diviziona yuvarlanmaq təhlükəsi olduğu halda üçüncülüyə yüksəlməyin heç bir mənası yox imiş. Çünki, mediada yayılan məlumatlara əsasən, klub prezidenti baş məşqçi ilə yolları ayırmaq üçün bəhanə axtarır. Məlumatlara görə, K.Quliyev “Neftçi”də “Sumqayıt” yaratmaq fikrindədir. Yəni, o, 2011-18-ci illərdə "Sumqayıt”da birlikdə çalışdığı heyəti Bakıya gətirmək niyyətindədir. Bunun üçün isə ilk növbədə işə baş məşqçi postunu boşaltmaqdan başlamaq lazımdır. Çünki heyəti yığan da baş məşqçi olur. Növbəti mövsümdən Samir Əliyevin “Neftçi”yə gətirilməsi planlaşdırılır.
Sosial şəbəkədə baş məşqçinin qalması və getməsi üçün yaradılan sorğuda da böyük əksəriyyət “qalsın”a səs verdiyi halda, K.Quliyevin adına olan sosial şəbəkə hesabı “getsin”ə səs vermişdi.
Bu məlumatların doğru olub-olmadığını iddia edə bilmərik. Ancaq bu məlumatların yayıldığı ərəfədə “Neftçi”nin uğurlarını istəyən hər kəs yalnız bir şeyi düşünür. “Neftçi”nin uzun müddətdən sonra belə uğurlu oyun göstərdiyi zamanda bu dəyişiklik nəyə, niyə və ya kimə lazımdır? Axı öz qurmadığı heyətlə belə uğurlu nəticələr əldə etmiş baş məşqçinin, öz qurduğu heyətlə nələr edə biləcəyini hər kəs təxmin edə bilir. Onda “Sumqayıt”dan “Neftçi” düzəltməyin nə mənası var?