Qurban Qurbanov: Belə məğlubiyyətlər bəzən bizə kömək edir

898
Qurban Qurbanov: Belə məğlubiyyətlər bəzən bizə kömək edir

Bu gün Riqada Latviya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov və millimizin bəzi futbolçuları oyunla bağlı açıqlama verib.

Mynews.az həmin fikirləri təqdim edir:

Qurban Qurbanov: “Hazırlıq prosesində son yoxlama oyunumuzdur. Təbii ki, məğlubiyyətdən sonra futbolçularda ruh düşkünlüyü var idi. Amma hamı başa düşür ki, indi səhvlərimiz olarsa, bu məğlubiyyətlər bizi daha çox işləməyə məcbur edəcək. Gördüyünüz kimi, hər oyunda dəyişikliklər edirik ki, futbolçuların hamısının potensialına bələd olaq. Hamısını ayrı-ayrılıqda tanısam da, bir yerdə işləmək onları mənə daha yaxından tanıdır. 

Hansısa epizodda futbolçulardan narazı qalsam da, ümumilikdə onlardan razıyam. Çünki onların indi hansı hisslər keçirdiyini də bilirəm. Təcrübəmiz göstərir ki, belə məğlubiyyətlər bəzən bizə kömək edir. İndi futbolçuların üzərinə çox getmək istəmirəm. Mövsümün sonudur və indiki məqamda istər-istəməz bacarıqlarından tam istifadə edə bilmirlər. Amma onlarla söhbətimiz oldu, hər biri peşəkardır. 

İstənilən halda, milli komandanın formasında meydana çıxırsansa, hər şeyi yaddan çıxmalı və özünü yaxşı tərəfdən göstərməyə çalışmalısan. Əvvəlki oyunda demək olar, ilk dəqiqələrdə məğlub olduq və bu dəfə həmin səhvləri etməməyə çalışacağıq. Bacardığımız qədər komandanı oyuna hazırlaya bilmişik və inanıram ki, onlar bu qarşılaşmada özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar”.

Təmkin Xəlilzadə: “Millətlər Liqasından öncə millinin son yoldaşlıq oyunudur. Öncəki oyunumuz yaxşı alınmadı, məğlub olduq. Buna baxmayaraq, səhvlərimizin üzərində işləmişik. Sabahkı qarşılaşmada həm xalqımızı, həm də məşqçilərimizi sevindirmək üçün meydana çıxacağıq”.

Amil Yunanov: “Sabah bizi çətin sınaq gözləyir. Millətlər Liqasından öncə son sınağımızdır. Yaxşı oyun nümayiş etdirib, qələbə qazanmaq istəyirik. Amma səhvlərdən nəticə çıxarmaq istəyirik. Baş məşqçimiz şans versə, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam”.

Mahir Mədətov: “Rəqibin oyununu analiz etmişik. Bizi çətin oyun gözlədiyini bilirik. Səfərdə oynayırıq. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki Millətlər Liqasından öncə son oyunumuzdur və qələbə bizə müsbət təsir edəcək”.

Xəbər lenti