“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sport24.az saytına müsahibə verib. Mynews.az həmin müsahibəni təqdim edir:
- “Neftçi” ilə qarşıdakı oyuna nə dərəcədə hazırsınız?
- Ciddi rəqiblə çətin oyun olacaq. “Neftçi” güclü komandadır. Səfərdə oynadığımızdan asan olmayacaq. İstənilən halda, biz qələbəyə köklənmişik. Çünki məqsədimizə nail olmaq istəyirik və buna görə, hər matçda maksimum xal götürməliyik.
- Komandada son durum necədir? Milli futbolçularınız düşərgəyə hansı əhval-ruhiyyədə gəldilər?
- Ümumilikdə, hər şey normaldır. Milli futbolçularımız yaxşı əhval-ruhiyyədədirlər. Çünki yığmadan qalib qayıdıblar. Bir sözlə, ab-hava baxımından hər şey qaydasındadır.
- “Neftçi”ni cari mövsümün ilk yarısında həm səfərdə, həm də evdə böyük hesabla məğlub etdiniz. Ancaq qış fasiləsindən sonra güclənən rəqiblə ev matçınız heç də asan keçmədi və sona yaxın vurduğunuz yeganə qolla qalib gəldiniz....
- Hansı oyun asan olur ki!? Bizim üçün hər matç çətindir. Hər bir rəqib “Qəbələ” yə qarşı xüsusii motivasiya ilə çıxır. Ona görə də hər bir oyun bizim üçün ağır olur. “Neftçi” ilə matçın bu baxımdan istisna təşkil edəcəyini düşünmürəm.
- “Neftçi” ilə matçla "Qəbələ" üçün son dövrə başlayır. Çempionluq uğrunda “Qarabağ”ı 1 xal qabaqlayırsınız və gərgin mübarizə gözlənilir. Qalan 7 turla bağlı ümumi düşüncələriniz necədir?
- Burada 7 tur yox, hər qarşıdakı oyun haqda düşünmək və ona ən yaxşı halda hazırlaşmaq lazımdır. Necə deyərlər, məqsədə doğru addım-addım getmək gərəkdir.
- "Qəbələ" "Neftçi" ilə çox yaxşı tanış, hətta doğmalaşan arenada oynayacaq. Hər halda, “Bakcell Arena”da Avropa Liqasında uğurlu matçlarınız çox olub. Düşərli stadionda özünüzü qonaq kimi hiss etməzsiniz...
- Mən bu stadionu çox sevirəm. Orada yaxşı, əsl futbol atmosferi var. Mənə “Bakcell Arena”da olmaq həmişə xoşdur. Hətta son məşqimizi orada etdiyimiz zaman yaxşı əhval-ruhiyyədə olduq. Həqiqətən bu arenaya öz stadionumuz kimi baxırıq (gülür).
- Sanki Qəbələdə oynayırsınız...
- Elədir. “Bakcell Arena” ilə çox xoş xatirələrimiz var. Bu stadionda çoxlu vacib qələbələr qazanmışıq. Bütün bunlar çox yaxşıdır.
- “Qarabağ”ın bu tur oyunu “Qəbələ”dən əvvəl olacaq. Bunun sizin üçün fərqi varmı?
- Bilirsiniz, bu komandaların eyni vaxtda oynaması çətin ki, mümkün olardı. Bu məsələ adətən son turlarda gündəmdə gəlir. Onu da nəzərə alaq ki, teleizləyicilər həm “Qarabağ”ın, həm də “Qəbələ”nin matçına baxmaq istəyirlər. Əlbəttə, bunun üçün qarşılaşmalarımızı ayrı vaxta salmaq lazımdır. Bu zaman tamaşaçılar televiziyada hər 2 matçı canlı yayımda izləyə biləcəklər. Ona görə də bu planda hər şey normaldır.
- “Qarabağ”ın qalib gəlməsi liderliyə yüksəlməsi komandanıza 1-ci pilləni qaytarmaq baxımınan böyük motivasiya verməlidir...
- Bu haqda düşünmək lazım deyil. Biz öz oyunumuzu fikirləşməliyik, “Qarabağ”in nəticəsini yox. İstənilən halda, qalib gəlməliyik. Diqqətimizi buna yönətlmək lazımdır, rəqibin büdrəyib-büdrəməyəcinə yox.
- Belə demək olarrmı ki, "Qəbələ" ilə "Qarabağ" arasında arada cəmi 1 xal fərqinin olduğunu nəzərə alsaq, mübarizə sıfırdan başlayır...
- Hələ qarşıda 7 tur var. Bu isə 21 mümkün xal deməkdir. Başa düşürüsünüz də, bu nə qədər çoxdur. Ona görə də xal fərqi ilə bağlı söhbətləri kənar etməliyik. Sadəcə, tam toparlanaraq, hər qarşıdakı oyuna konsentrasiyalı olmağımız lazımdır. Bizi yalnız bu maraqlandıra bilər.