Karate millimiz İsveçrənin Bazel şəhərində keçirdiyi on günlük təlim-məşq toplanışını başa vurub.
Mynews.az xəbər verir ki, İsveçrə Şotokan Karate Do Federasiyasının prezidenti Zubeyir Şahinin dəvəti ilə bu ölkədə olan milli komandamız Bazeldən birbaşa Berlinə Dünya Karate Federasiyasının (WKF) Karate1 Premyer Liqa turnirinə yollanıb.
İsveçrədə idmançılarımızla birgə olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, eləcə də, milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev, böyük məşqçi Qurban Tağıyev və heyət üzvləri bütün xərcləri üzərinə götürməklə bərabər, yüksək səviyyədə şərait yaradan Z.Şahinə təşəkkürünü bildirib.
Bir neçə ölkə idmançılarının qatıldığı beynəlxalq təlim-məşqlərin son günü Bazel şəhər baş idman təşkilatının rəsmiləri milli komandamızla görüş keçirib. Hazırlıq prosesini izləyən yerli rəsmi idman nümayəndələri dünya şöhrətli Azərbaycan milli komandası ilə görüşdən məmnun qaldıqlarını bildirərək, idmançı və məşqçilərə xatirə hədiyyələri təqdim ediblər.
Karateçilər bu gün Berlinə yola düşüblər. Almaniyanın paytaxtında mövsümün növbəti Karate1 Premyer Liqa turniri həm də Tokio 2020 Olimpiadasına lisenziya xalları qazandıran ilk rəsmi yarış olacaq.
Mötəbər tutnirdə Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Hümmət Baxşəliyev və Rafiz Həsənov (hər üçü 67 kq), Rafael Ağayev(75 kq), Ayxan Mamayev (84 kq), Turqut Həsənov, Pənah Abdullayev, Şahin Atamov və Asiman Qurbanlı (hamısı +84 kq), Roman Heydərov(kata), eləcə də, Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq),Fəridə Abiyeva (61 kq) və İrina Zaretskaya (68 kq) yer alıb.
Qeyd edək ki, milli komandanın məşqçilər heyətinə Rəşad Hüseynov vəDenis Morozov da qatılacaq.