Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) iyunun 23-dən 25-dək Bakıda ikinci dəfə keçiriləcək "Formula 1" Azərbaycan Qran Prisi öncəsi daha bir mətbuat konfransı təşkil edib.
Mynews.az Musavat.com-a istinadən xəbər verir ki, konfransda bir çox məsələlərə toxunulub və jurnalistlərin sualları cavablandırılıb. Təbirdə “Formula-1” pilotu Devid Kulthard da iştirak edib. O, konfrans öncəsi yarış treki ilə də tanış olub.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov "Formula 1"-in yeni sahibi, "Liberty Media"nın direktoru Qreq Maffeyin Azərbaycanla bağlı fikirlərinə münasibət bildirib.
O, bildirib ki, bu sözləri eşitmək olduqca qəribədir: "Liberty Media" bu yarışlara yeni nəzarət etməyə başlayıb, yalnız bir yarışda iştirak edib. Bizə onun niyə bu mövqedən çıxış etməsi olduqca maraqlıdır. Lakin pilotların da dediyi kimi, Bakı treki maraqlı və cəlbedicidir. Belə bir bəyanatın səsləndirilməsi qəribədir. Ümid edirəm ki, bu, yalnız bir şəxsin fikridir və "Formula 1"-in idarə heyətinin mövqeyini əks etdirmir. Əks halda biz "Formula 1"-lə bağlı müqavilənin artırılıb-artırılmamasını nəzərdən keçirəcəyik. Biz bütün maraqlı tərəflərlə işləməyə və ötən ildən də yaxşı yarış keçirməyə hazırıq".
BŞH Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə bildirib ki, Qreq Maffei “Formula 1”-in sahibi olsa da, çempionatın rəhbərliyinə daxil olmayan bir şəxsdir, yəni çempionatların əməliyyatlarını aparmayan biridir: “Bu səbəbdən “Formula 1”-in adından belə bir bəyanat verməsinin nə qədər düzgün olması sual doğurur. Digər tərəfdən Azərbaycan keçən il uğurlu bir yarış keçirib, bunu F1-in keçmiş rəhbəri Berni Eklstoun, pilotlar, media və tamaşaçılar də təsdiq etmişdilər”.
Qeyd edək ki, “Formula 1”-in sahibi, “Liberty Media”nın rəhbəri Qreq Maffei Azərbaycan Qran Prisi barəsində ciddi tənqid yayaraq bildirib ki, ölkə “uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmir”. O, Azərbaycanı yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib.
Q.Maffei deyib ki, yeni yarışlara imza atmağın arxasında bunlar dayanır: “Azərbaycanın Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər”.
Xatırladaq ki, ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Onlar F1-in Avropadakı ənənəvi yarışlarını qorumaq və Birləşmiş Ştatlarda yenilərini keçirmək öhdəliyini götürüblər.