Azərbaycan nümayəndə heyəti Yeniyetmələrin III Yay Olimpiya Oyunları üçün Argentinanın paytaxtı Buenos Ayresə yola düşüb.
Mynews.az xəbər verir ki, ölkəmiz bu oyunlarda 17 idmançı, ümumilikdə 40-a yaxın nümayəndə heyəti ilə təmsil olunacaq.
İdmançılar gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo, stolüstü tennis idman növlərində mübarizə aparacaq.
Oyunlara idmançılarla yanaşı, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, federasiya nümayəndələri və digər rəsmilər yola düşəcək.
6 oktyabrda keçiriləcək açılış mərasimində öncəki oyunlardan fərqli olaraq, atletlərin paradı keçirilməyəcək. Buenos Ayres 2018 Yeniyetmələrin Olimpya Oyunlarında 206 ölkədən 4012 idmançı iştirak edəcək. Oyunlarda Kosovo və Cənubi Sudan ölkələri ilk dəfə çıxış edəcək.
18 oktyabrda başa çatacaq Olimpiadanın cədvəlinə rəsmi olaraq dörd idman növü əlavə olunub. Bunlar dırmanma, karate, idman rəqsi və təkərli konkisürmə idman növləridir. Buenos Ayresdə iştirak edəcək idmançılar 15-18 yaş kateqoriyasına daxildir və bu oyunlar gender bərabərliyinin qorunması ilə fərqlənib.
Azərbaycanı təmsil edən atletlər bunlardır: Səməd Məmmədli (idman gimnastikası), Yelizaveta Luzan (bədii gimnastika), Nicat Həsənov, Nurlan Səfərov (hər ikisi boks), Vüqar Talıbov, Vüsalə Kərimova (hər ikisi cüdo), Lalə Rzazadə, Tamerxan Babayev (hər ikisi ağırlıqqaldırma), Ninq Jinq, Yu Şinbanq (hər ikisi stolüstü tennis), Rüstəm Məmmədov (atletika/üç təkanla tullanma), Fəxriyyə Tağızadə (atletika/qaçış), Cavad Ağayev, Minayə Əkbərova (hər ikisi taekvondo), Şəhanə Nəzərova, Turan Bayramov (hər ikisi sərbəst güləş), Fatimə Alkərəmova(üzgüçülük).
Qeyd edək ki, Azərbaycan I Yay Olimpiya Oyunlarında səkkiz medalla (beş qızıl, üç gümüş) komanda hesabında XI, ikinci dəfə təşkil edilən Oyunlarda isə 12 medalla (beş qızıl, altı gümüş və bir bürünc) X yeri tutub.