Milli komandaların FİFA reytinqi açıqlanıb.
Mynews.az APAsport-a istinadən xəbər verir ki, martda keçirilən DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələrinin də əksini tapdığı siyahıda bir sıra dəyişikliklər baş verib.
Ötən ay açıqlanan siyahı ilə müqayisədə qeydə alınan yerdəyişmələr Azərbaycan millisindən də yan ötməyib. Martın 9-da yoldaşlıq oyununda Qətəri 2:1 hesabı ilə yenib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb.
Bu da Robert Prosineçkinin yetirmələrinin mövqeyində əksini tapıb. Komandamız 89-cu yerdən 87-ci pilləyə qalxıb. Millimiz 4 komandanı - Qətər, Qvatemala, Qvineya-Bissau, Sent-Kitts və Nevis yığmalarını arxada qoyub. Amma Suriya (95-ci yerdən 80-ci pilləyə) və Boliviyanın (97-ci yerdən 74-cü pilləyə) sıçrayışla bizi də keçməsi cəmi 2 pillə irəliləməyimizlə nəticələnib.
Millimiz və “qonşular”ı
83 (66). Benin – 396
84 (78). Konqo – 392
84 (87). Qabon – 392
86 (81). Norveç – 387
87 (89). Azərbaycan – 386
88 (98). Svazilend - 378
89 (84). Qətər – 369
90 (106). Mavritaniya - 366
91 (92). Liviya - 361
Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər olub. Braziliya 7 ildən sonra 1-ci pilləyə yüksəlib. Argentina 1 illik liderliyi əldən verib. Uruqvay “onluq”dan ayrılaraq, yerini İsveçrəyə verib. Belçika ilə Kolumbiya isə 5-ci və 7-ci yerdəki mövqelərini dəyişib.
İlk “onluq”
1 (2). Braziliya – 1661
2 (1). Argentina – 1603
3 (3). Almaniya – 1464
4 (4). Çili – 1403
5 (7). Kolumbiya – 1348
6 (6). Fransa – 1294
7 (5). Belçika – 1281
8 (8). Portuqaliya – 1259
9 (11). İsveçrə - 1212
10 (10). İspaniya – 1204
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində bir sıra dəyişikliklər olub. Yığmamızı yenən Almaniya mövqeyini qoruyub. Şimali İrlandiya 9 pillə irəliləyib. Digər komandalar isə geriləyib. Norveç 5 pillə geri düşməklə yığmamıza qonşu olub. Bu mövqe Norveç futbol tarixinin antirekordudu. Çexiya 4, San-Marino 1 addım aşağı yuvarlanıb.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1464
26 (35). Şimali İrlandiya - 823
46 (42). Çexiya - 679
86 (81). Norveç - 387
204 (203). San-Marino – 12
Qeyd edək ki, qonşu Türkiyə yığması 4 pillə irəliləməklə 22-ci yerə yüksəlib. “Ay-ulduzlular”ın hesabında 863 xal var.
A.M.