“Barselona” futbol klubunun hücumçusu Neymar onun adına təşkil olunan “Neymar Juniors Five” turnirinin təşkilatçılarına müsahibə verib.
mynews.az həmin müsahibəni təqdim edir.
- Siz Braziliya komandasının hesabına 50 qol yazmısınız və yalnız Romario, Ronaldo və Peledən geri qalırsınız. Pelenin 77 qolluq göstəricisini keçmək sizin üçün nə əhəmiyyət kəsb edir?
- Bu, mənim üçün böyük şərəf olar, bu, mənim arzumdur. Braziliya yığmasında oynamaq, qollar vurmaq və komandaya yardım etməklə istəyimə nail ola bilərəm. Ümid edirəm ki, qol vurmağa və rekordlar qırmağa davam edə biləcəyəm, bu, məni çox xoşbəxt edir. Heç kimdən yaxşı olmaq istəmirən, yeganə istəyim özümdən yaxşı olmaqdır. Fikrimcə, əsas vacib olan budur.
- Karyeranızın qalan hissəsində hansı nailiyyətləri əldə etməyi planlaşdırırsınız?
- Planlarım çoxdur. Hələ bir xeyli görüləcək iş, əldə ediləcək uğur məni gözləyir. Futbola nə vaxt vida edəcəyimi bilmirəm, bu barədə heç fikirləşməmişəm. Lakin nə qədər ki, futboldan həzz alıram, oyun günü yaxınlaşdıqca həyəcanım daha da artır, oynamağa davam edəcəyəm.
- 2018-ci il Dünya çempionatından nə gözləyirsiniz?
- Dünya çempionatı haqqında daima fikirləşirəm. Mən xəyalpərəst adamam. Kuboku almaq, çempionatın qalibi olmaq haqqında daima fikirləşirəm, həmin anları xəyal edirəm. Bununla bərabər, 2018-ci ilə cidd-cəhdlə hazırlaşıram.
- “Barselona” və Braziliyadan başqa özünüzü o komanda üçün qol vuran təsəvvür etdiyiniz bir komanda varmı?
- Uşaq olanda başqa klublar, Avropa və hətta Braziliya klublarında oynadığımı çox xəyal edirdim. Lakin həmişə “Barselona”da oynamağı arzu etmişəm, şükür olsun ki, bu arzuma çatdım.
- “Neymar Jr’s Five” turnirini növbəti dəfə 2017-ci ildə keçirmək necə hissdir?
- “Neymar Jr’s Five” turnirinin ikinci dəfə keçirilməsinə görə çox sevinirəm, yarışa bütün dünyada marağın olması məni çox şad edir. Budəfəki yarışda 50-dən artıq ölkəni təmsil edən komandalar iştirak edəcəklər, buna görə də çox sevinirəm. “Neymar Jr’s Five” turnirinin onlara zövq bəxş edəcəyinə ümid edirəm, çünki ən əsası xoşbəxt olmaq və zövq almaqdır.
- “Neymar Jr’s Five” turniri üçün 2016-cı ildə ən yaddaqalan an hansı idi?
- Ən yaddaqalan an... Mənə elə gəlir ki, həmin an ümumilikdə sonuncu gün idi - orada onların arasında olmaq, hər kəsin yanında, oyunçuların yanında olmaq, onların oynadığını, sevindiyini görmək və hər şeyin bir parçası olmaq. Məncə həmin gün ən gözəl gün idi.
- Oyunda iştirak üçün 65000 nəfərin qeydiyyatdan keçməsi faktı sizi heyrətləndirdi?
- Bəli, məncə, heç kim birinci yarışda bu qədər sayda oyunçu gözləmirdi, ona görə də biz doğrudan da həm çox məmnun idik, həm də çox sevinirdik. Ümid edirəm ki, bu say getdikcə artacaq.
- Bu il oyunçulara vermək istədiyiniz ən vacib məsləhət hansıdır?
- Nəticə nə olursa-olsun, kədərlənməsinlər, məsləhətim budur. Hansı ölkədən olmanızdan asılı olmayaraq, “Neymar Jr’s Five”da zövq almalı və sevinməlisiniz. Bu tədbirdə bacardığınız qədər yaxşı çıxış etmənizi və burada görüşməyimizi gözləyirəm.