Mariya Şarapova yenidən böyük idmana qayıdır

715
Mariya Şarapova yenidən böyük idmana qayıdır

Rusiyalı tennisçi Mariya Şarapova böyük idmana qayıdır.

Mynews.az APA-ya istinadən xəbər verir ki, Şarapova sabah 15 aylıq həsrətə son qoyaraq yenidən korta ayaq basacaq.

Ötən ilin yanvarında orqanizmində istifadəsi qadağan olunan dərman preparatı tapılan idmançı 2 il müddətinə diskvalifikasiya olunmuşdu. Lakin “güzəştli kart” hesabına əfv edilən “Böyük Dəbilqə” turnirinin 5 qat qalibi Beynəlxalq Tennis Assosiasiyasının (WTA) Ştutqartda təşkil edəcəyi turnirdə italiyalı Roberta Vinçiyə qarşı görüşdə dönüşünü qeyd edəcək.

Əslində, həmin oyun bu gün baş tutmalı idi. Lakin Şarapovanın cəza müddəti sabaha qədər olduğundan, təşkilatçılar görüşün vaxtını məhz sabahkı tarixə dəyişiblər. Təşkilatçıların bu addımı Şarapovanın həmkarları tərəfindən heç də birmənalı qarşılanmayıb. Onlar buna görə, WTA-nı tənqid ediblər. Ancaq digər tennisçilərin fikrinin bir xeyri olmayacaq. Çünki qərar verilib və təyin edilən saatda oyun baş tutacaq.

Artıq Ştutqarta gedən Şarapova yarışın hazırlığına başlayıb. Beynəlxalq Antidopinq Agentliyinın (WADA) qaydalarına əsasən, diskvalifikasiya edilən idmançının təkcə yarışlara çıxması yox, ümumiyyətlə, turnirin keçirildiyi arenaya daxil olması qadağan edilir. Həmin tennisçi digər həmkarları ilə eyni idman kompleksində məşq də edə bilməz. O, ayrıca idman klubunda hazırlaşmalıdı ki, Şarapova da məşqlərini Ştutqartın cənubunda yerləşən “Sportverein Sillenbuch” adlı qapalı kortda edəcək.

Rusiyalı tennisçinin ilk rəqibi olan 34 yaşlı Roberta Vinçi reytinqdə 36-cı pillədə qərarlaşsa da, yaxın keçmişdə karyerasının pik həddində olub. O, 2015-ci ilin payızında ABŞ-ın açıq çempionatında finala qədər irəliləyib, həlledici görüşdə Flavio Pennetteyə uduzub. Vinçi ötən ilin mayında dünya reytinqində 7-ci pillədə yer alsa da, sonradan oranı tərk edib. İtaliyalı tennisçi rəqibi barədə bu fikirləri səsləndirib: “Şarapova əla idmançıdı. Şəxsən mənim ona qarşı bir narazılığım yoxdu. Təbii ki, səhvə yol verib və buna görə cəzalandırılıb. Artıq oynaya bilər. Bilirəm ki, Şarapova həm WTA, həm də tennis üçün çox vacibdi. O, gözəl insan və dahi çempiondu”.

Mariya Şarapovanın hazırkı durumu tennis ictimaiyyəti üçün də maraqlıdı. Bəzi mütəxəssislər onun şansını yüksək qiymətləndirmirlər. Çünki, demək olar ki, ən güclü tennisçilər Ştutqartda korta çıxacaqlar. Yalnız dünyanın bir nömrəsi Serena Uilyams hamilə olduğu, slovakiyalı Dominika Çibulkova isə zədədən əziyyət çəkdiyi üçün yarışa qatılmayacaq.

Şarapovanın turnirdəki daha bir rəqibi Aqneşka Radvanska onun yarışa buraxılmasının əleyhdarıdı. Polşalı həmkarına “güzəştli kart” verilməsini doğru addım hesab etmir: “Mən öz fikrimi gizlətməyəcəm. “Güzəştli kart” ancaq zədə, xəstəlik və ya digər bəxtsiz hallarla əlaqədar reytinqdə geriləyən idmançılara şamil olunmalıdı, dopinq qəbul edənlərə yox”.

Xəbər lenti